Azərbaycan Ağsaqqallar Şurasının 2017-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş geniş yığıncağı keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının üzvləri, Milli Məclisin deputatları, alimlər və digər şəxslər iştirak ediblər.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov yığıncaqda çıxış edərək bildirib ki, 2017-ci il Azərbaycan xalqının həyatında əlamətdar illərdən biri olub: “Dünyada hökm sürən iqtisadi böhranlara, ciddi kataklizmlərə baxmayaraq, Azərbaycanda sabitlik hökm sürür. Bir çox ölkələrdə iqtisadi böhranlar insanları sıxır, baş verən münaqişələr nəticəsində böyük qaçqın ordusu yaranır. Belə bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində ölkəmiz sabit, əmin-amanlığın hökm sürdüyü ölkə kimi tanınır. Dini tolerantlığın, multikulturalizmin Azərbaycan modeli dünyaya örnək göstərilir. Bir neçə gün əvvəl Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfrans onu göstərdi ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin İslam həmrəyliyi təşəbbüsü geniş coğrafiyada dəstəklənir. Dövlətimizin başçısının rəhbərliyi ilə əldə olunan nəticələr vətəndaşlarımızı, eləcə də biz ağsaqqalları sevindirir”.
Yığıncaqda Azərbaycan Ağsaqqallar Şurasının 2017-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, bu il Azərbaycan Ağsaqqallar Şurası respublikanın ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edib, çoxsaylı tədbirlər keçirib. Ağsaqqallar ölkə həyatının müxtəlif sahələrinin inkişafına öz töhfələrini veriblər.
Milli Məclisin deputatı Elman Nəsirov, Prezident Administrasiyasının məsul əməkdaşı Rasim Mirzəyev və digər çıxış edənlər sosial-iqtisadi inkişafa dair strateji yol xəritələrində qarşıya qoyulan vəzifələrdən, eləcə də Prezident İlham Əliyev tərəfindən elan edilən “İslam Həmrəyliyi İli” çərçivəsində Ağsaqqal Şurasının həyata keçirdiyi layihələrdən danışıblar.
Sonda akademiklər Əhliman Əmiraslanov və Ömər Eldarov Azərbaycan Ağsaqqallar Şurasının fəxri fərmanları ilə təltif ediliblər.