25 Dekabr 2017 12:36
4 752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Turan Məmmədli öz istəyi ilə işarət dilini öyrənərək bir sıra məşhur mahnıları bu dildə izləyicilərə təqdim edir. Turanın dediyinə görə, bir çox insan işarət dilini qəribə hərəkət sayır, belə dilin mövcudluğundan xəbərsizdir. Eşitmə və danışma əngəlli insanların ünsiyyət qurduğu işarət dili barədə maraqlı məqamları Teleqraf.com-la bölüşür.

- Turan xanım, necə oldu işarət dilini öyrəndiniz və mahnı formasında təqdimat qərarına gəldiniz?

- Ətrafımdakı insanlar məni debatçı kimi tanıyırdı. Özüm danışmağı çox sevən insanam. İşarət dilini öyrənməyə başladığımı eşidənlər soruşurdu ki, niyə seçimin işarət dilidir? Cavabım belə olurdu ki, debatçı danışmağın nə qədər dəyərli olduğunu adi insanlardan daha yaxşı başa düşür. Müəyyən zamandan sonra danışma və eşitmə məhdudiyyəti olan insanların necə həyat sürdüyü, onlar üçün həyatı qavramağın çətinliyi barədə məndə fikirlər formalaşmağa başlamışdı. Bu suallara cavab axtara-axtara gördüm ki, özüm də axtarışlardayam. Qonşuluqda eşitmə və danışma məhdudiyyətli xanım vardı, uşaqlıqdan həmin xanımla küçədə rastlaşanda salamlaşırdım, adi ünsiyyət qurardım. Amma diqqət edirdim ki, o, özünü mənə başa salmaq üçün çox əziyyət çəkir, çünki mən onun dilini bilmirdim. Öz fikirlərini mənə izah etmək üçün işarət dilindən kənar, gündəlik istifadə etdiyimiz işarələrlə danışmağa başlayırdı. Sonra fikirləşdim ki, bir insanın özündən asılı olmadan dünyaya əngəlli olaraq göz açması, niyə ona həyatı boyu əziyyət çəkməsinə səbəb olur? Düşündüm ki, onun dilini bilməmək artıq mənim əngəlimdir. Həmin insanın heç nə əlində deyil, istəsə də danışa bilməz, amma mənim onun dilini öyrənməyim öz əlimdədir. Buna görə də işarət dilini öyrənməyə qərar verdim. Araşdırma aparanda internetdə qarşıma Nuranə Abıyevanın səhifəsi çıxdı. Həmin xanımı bir neçə dəfə televiziya verilişlərində görmüşdüm və həmişə fikirləşirdim ki, 20 yaşında bir xanım necə də gözəl işlərlə məşğul olur. İşarət dilini öyrənmək üçün Nuranə Abıyevanın kurslarına başladım və 3 aya öyrəndim. Sonra da əlaqəmizi kəsmədim, həftəsonu danışıq kursları keçiririk, məhdudiyyətli insanları dəvət edirik, onların dilindən işarət dilini daha da təkmilləşdirirəm. Komandamızda valideynləri məhdudiyyətli insanlar da var. Mahnıların işarət dilində təqdimatına gəlincə, çox adam soruşur ki, o insanlar musiqini hiss edirmi, mahnını başa düşürmü. Mənimsə əslində iki məqsədim var: birincisi, o insanların mahnının sözlərini başa düşməsini istəyirəm. Onlarda hissetmə qabiliyyəti güclüdür, emosiyalar, ağız oxunuşu, jestika ilə bir arada mahnının ritmini və mənasını başa düşürlər. Həm də normal danışan insanlarda fərqindəlik yaratmaq istəyirəm. Bunun da ən gözəçarpan yolu mahnılardır. Sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti gənclərdir və onlar əyləncəyə daha çox üstünlük verir. Bu, musiqili olanda gözə daha xoş gəlir və insanlarda maraq oyadır. Bəzi şəxslər bunun heç işarət dili olduğunu belə bilmir, mənə yazırlar ki, necə belə hərəkət edirsiniz?

- 3 aya doğrudan da işarət dilini öyrənmək olurmu?

- Hansısa əcnəbi dili necə ki tam şəkildə öyrənmək mümkün deyil, məsələn, ingilis və rus dilini öyrənmək üçün nə qədər vaxt lazımdırsa, işarət dilini də o cür, 3 ay ərzində küçədə gedən insanın dərdinə kömək olacaq şəkildə öyrənmək olar. Hər gün təmas olanda lap təkmilləşirsən. İşarət dilini tam şəkildə bildiyimi deyə bilmərəm. Hər gün yeni söz öyrənirik. Hər dilin öz jestikası var. Azərbaycan dilinin jestikası o qədər də inkişaf etməyib. Uzun müddət SSRİ-nin tərkibində olduğumuz üçün ruslardan təsir var. Bəzi sözlərin Azərbaycan dilində jestikasının qarşılığı çıxanda onu öyrənirik.

- Yəni işarələr hər dildə fərqlidir.

- Bəli. Türkiyənin ərazisi böyükdür, bölgələrə görə jestika tamamilə fərqlənir. Bizim ən yaxın olduğumuz jestika rus dilinin jestikasıdır. Əlifba hər dildə fərqlidir, məsələn, a, b, c hər hərflərinin hərəkəti var. Şəxs adlarını deyəndə hərfləyərək göstəririk. Məsələn, adım Turanın özünün hərəkəti yoxdur, başqa dildə də bu sözü ifadə edən səs tərkibi fərqli olduğuna görə əlifbalarda fərqlilik yaranır.

- Fikrinizi ifadə edəndə və ya mahnıda necə hərflə, yoxsa sözlə izah edirsiniz?

- Əşyanı sözlərlə izah edirəm, şəxs adı və ya yer adını hərfləmək məcburiyyətində qalıram.

- Miri Yusifin mahnısını işarət dilində təqdim edəndən sonra, deyəsən, iş birliyiniz yarandı, klip çəkildi.

- Mən “Tərki-dünya” mahnısını işarət dilində təqdim eləmişdim, yeni mahnıydı. Tam təsadüfən Miri Yusif həmin mahnı ilə tanış olub bəyənmişdi. Onun fan klubunun rəhbəri tanış çıxdı, fan klubun səhifəsində həmin mahnı paylaşılmışdı və Miri Yusif də mahnının işarət dilində təqdimatını səhifədə görmüşdü. Biz görüşdük, danışdıq, “Neyləyim”mahnısına işarət dilində klip çəkildi.

- İnsanlar tərəfindən necə qarşılandı?

- Çox maraqla. Yutubda boş vaxt tapdıqca şərhlərə baxıram ki, bəlkə irad bildirən və ya təklif irəli sürən olar. Hələki çox şükür klipin ideyası ilə bağlı hə hansı irad, mənfi nə isə yoxdur. Klipdə çəkilən oğlan və xanımların çoxu məhdudiyyətli insanlardır. Onlar sübut edə bildilər ki, sağlam gənclər kimi müəyyən iş görə, uğur qazana və ictimailəşə bilərlər. Məhdudiyyətli insanlar arasında çox istedadlı gənclər var. Mahmud Səfərov bu yaxınlarda yekunlaşan Vayn şounun finalçısı oldu. O, öz istedadına və potensialına güvənərək fenomenlərdən üstün səviyyədə professional işlər görür, çox gözəl aktyorluq qabiliyyəti var. Bacıları və valideynlərinin köməyi ilə vaynlar çəkir. Öz həyatı ilə bağlı film çəkmək qərarına gəlib. Əngəlli olmaq tanınmaq, hörmət qazanmaq, cəmiyyətdə sosiallaşmaq üçün məhdudiyyət deyil.

- Xatırlayıram vaxtilə AzTV-də xəbərlərin surdo tərcüməsi olurdu. Amma bu ənənə uzun müddət davam eləmədi.

- Bəli, mənim də yadıma düşdü, amma istərdim ki, nəinki təkcə xəbərlərin, kino və verilişlərin də surdo tərcüməsi olsun ki, normal insanlara belə dil olduğu barədə mesaj versin. Həm də küçədə, ictimai nəqliyyatda bu cür danışan insanlara qəribə baxışlar formalaşmasın, normal qəbul edilsin. Televiziyalarda məsul şəxslər buna diqqət etsə, çox yaxşı olardı. Bu, eyni zamanda həmin insanların dünyagörüşünün artmasına gətirib çıxarar. Bir dəfə maraqlı bir situasiya ilə qarşılaşdım, avtobusda balaca qızcığaz anası ilə işarət dili ilə danışırdı, dayanmadan sual verirdi, 3-4 yaşlı bir uşağın elə dövrüdür ki, hər şeylə maraqlanır. Uşaq da danışma qüsurlu idi, günəş işarəsini göstərib soruşdu ki, günəş necə səs çıxarır? Bu suala təəccübləndim. Çünki 3-4 yaşında uşaq günəşin səs çıxarmadığını artıq bilir. Bu insanların dünyagörüşünü formalaşdırmaq üçün sağlam insanlarla daha çox danışmağa və məlumat almağa ehtiyacları var. Sağlam insanlar işarət dilində onlarla söhbət etməklə bu ehtiyacı ödəyə bilər. Məhdudiyyətli insanların özləri kimi çevrələri var. Bu gün təşkilatlar var ki, onları bir araya yığır. Amma bir məhdudiyyətli insanın başqa məhdudiyyətli insanla ünsiyyətindən daha çox danışan və məlumatlı insanla söhbətləşməyə daha çox ehtiyac var ki, şüuru, dünyagörüşü inkişaf etsin.

- Qaradərili görəndə verilən reaksiya zaman keçdikcə dəyişdi. Bəs işarət dilində danışan insanlara cəmiyyətin yanaşması necədir?

- Nə qədər müsbət cavab və mesaj alsaq da, hələ də qəribə baxışlar var. “Bu nə dildir öyrənirsən, xarici dil öyrənsən daha faydalı olar” deyə fikir söyləyənlər var. Çox zaman mahnılarımı şəhər mərkəzində tərcümə edirəm ki, ətrafdakı insanlar da baxsın. Az sayda olsa da, diqqət edirəm bəzi analar uşaqları ilə yanımdan keçəndə əli ilə övladının qulağından çəkir, onu uzaqlaşdırmağa çalışır. Halbuki görür ki, mən mahnını oxuya-oxuya tərcümə edirəm. Yaxud bizdə kursa gələn qızlar var ki, çoxu söyləyir ailələrimizdən xəbərsiz gəlirik, valideynlərimiz deyir niyə bu dili öyrənirsən, birdən başına elə bir şey gələr.

- Biz bu insanları necə təqdim etməliyik? Çünki əngəlli sözü qəbul edilmir...

- Özüm də bu haqda təlimlərdə çox olmuşam, son gəlinən nəticə belə olur ki, biz bu insanlara müəyyən məhdudiyyətli insanlar deyək. Hansısa anaya “sənin övladının danışma əngəli var” deyəndə bu ifadə kobud səslənir. Bəzi insanlar bir birinə “karsan”, yaxud “korsan” deyə ifadələrdən istifadə edir. Bunu kimsə səhv edəndə və aqressiyamız olanda deyirik. Tibbdə bunun adı lal və ya kar ola bilər, amma biz insanlar o sözün mənasını gündəlik həyatımızda o qədər darlaşdırıb mənfiyə doğru aparırıq ki, bu situasiyadan əziyyət çəkən insanlar bu məfhumu tam mənfi mənalı söz kimi başa düşür. Düşünürəm ki, ağız mədəniyyətimizə uyğun olsun deyə müəyyən məhdudiyyətli insanlar desək doğru olar. Çünki məhdudiyyət hər bir insanda var. Məsələn, mən ola bilsin fikirlərimi ifadə edə bilim, amma heç cür rəsm çəkə bilmirəm, rəsm çəkmək mənim məhdudiyyətimdir. Hər bir sağlam insanda olduğu kimi müəyyən qədər qüsurlu insanın məhdudiyyəti var deyə biz bu insanlara danışma və eşitmə məhdudiyyətli insanlar desək daha xoş olar.

- Görmə, danışma və eşitmə imkanı məhdud olan insanların bir araya toplandığı təşkilatlanmış birliklər varmı?

- Nuranə Abıyevanın komadasında məhdudiyyətli insanlar bir araya toplanır, istərdik bu cür komandaların sayı artsın, məsul şəxslər bu işə daha çox maraq yaratsın. “Lal yuxu” serialı gedir. Baş rolda Oksana Rəsulova çəkilib, eşitmə məhdudiyyətli insanlar üçün fəaliyyət göstərən Qara Qarayev internat məktəbindəki müəllim personajındadır, eşitmə məhdudiyyətli bir qızı canlandırır, jestika hərəkətlərindən istifadə edir.

- Oksana Rəsulovada alınır?

- Bəli. Çox da maraqlı filmdir. Məktəb haqqında məlumat almaq istəyənlər o seriala baxa bilərlər.

- Məhdudiyyətli insanlarla təmas necə qurulmalıdır, məsələn, eşitmə imkanı məhdud olan insanı çağırmaq istəyəndə onu necə səsləmək lazımdır?

- Əgər qarşımızda müəyyən məhdudiyyətli insan dayanıbsa, onun yanında surdo tərcüməçi varsa belə danışanda tərcüməçiyə yox, onun üzünə baxıb fikirlərimizi deməliyik. Tərcüməçi fikrimizi tərcümə edən vaxta qədər məhdudiyyətli insanın hərəkətlərinə fikir verməliyik. Çünki bir insan kimi nəticə olaraq onunla dialoq qururuq. Məhdudiyyətli insanları bəzə fitlə yaxud əl çalıb çağırırlar, bu, doğru deyil. O axı canlı insandır, uzaq məsafədədirsə, onu çağırmaq istəyəndə mütləq yanına gedib çiyinlərinə toxunmaq lazımdır. Əlindən tutmaq, başına vurmaq düzgün hərəkət sayılmır. Dediyini başa dümürüksə, yola vermək xətrinə özümüzü başa düşmüş kimi göstərməməliyik, təkrar soruşmalıyıq ki, fikrin aydın olmadı, ikinci dəfə daha sadə dildə bizi başa salmağa çalışacaq. Çünki həmin insanların empati qurmaq bacarığı da güclü olur deyə öz fikirlərini ifadə etməyin bir yolunu tapırlar. Bir neçə ildir bu işin içindəyəm, görürəm ki, məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasındansa cəmiyyətin məhdudiyyətli insana inteqrasiyası prosesi daha zəifdir. Bəzən cəmiyyət özü qəbul etmir. Əslində iş yerlərində plan da var ki, çalışanların 20 faizi yerimə yaxud danışma məhdudiyyətli insanlar olmalıdır. Amma çox təəssüf ki iş yerlərində biz bunu görmürük. Yaxud hər müəssisədə heç olmazsa bir nəfər işarət dilini az səviyyədə də olsa bilməlidir. Məsələn müəssisəyə məhdudiyyətli insan gələndə çətinlik çəkmədən özünü ifadə edə bilsin. Biz məhdudiyyətli insanlarla danışanda 17-18 və ya daha böyük yaşlarda oğlanlar şikayətlənir ki, vəsiqə ilə bağlı problemi varsa, onu həll etmək üçün mütləq yanında anası, bacısını aparmalıdır. Halbuki o, artıq yetkin fərddir, niyə kimdənsə asılı olmalıdır. Həmin müəssisədə işarət dilini bilən insan olsa, fikirlərini ifadə edə bilər. Ən böyük arzularımdan biri budur ki, Türkiyə və digər xarici ölkələrdə olduğu kimi bizdə də nə vaxtsa CV-lərdə işarət dilini bilmək önəmli şərtlərdən biri olsun. İnsanların ən azı əlifbanı və gündəlik istifadə etdiyimiz sözləri öyrənə bilər. Doğrudan da bu insanlar cəmiyyətdə çoxluq təşkil edir. Kimsə fikirləşə bilər ki, bu insanlar haradadır? Diqqət yetirməyəndə görməyə bilərik. Məsələn, mən işarət dilini öyrənəndən bu yana demək olar hər mindiyim avtobusda, hər getdiyim mağazada bu insanlarla rastlaşıram. Dünyaya əngəlli olaraq gəlmək bütün həyatı əngəlli yaşamaq demək deyil. Həmişə onun tərəfindəyəm ki, müasirlik də, əngəl də beyindədir. Əgər biz düşüncəmizdə müasir olsaq, fikirlərimizdəki əngəli aradan qaldırsaq, həyatda həmişə hər şeyə eyni cür yanaşarıq, eyni dildə danışar və multukultural yanaşarıq. Həyat eyni dili danışanda və başa düşəndə gözəldir.

- Bu dili kursa getmədən öyrənmək olarmı? Yutubda işarət dili ilə bağlı ən azı məlumatlandırıcı çarxlar varmı?

- Təəssüf ki, işarət dilini öyrənmək istəyənlər üçün satışda hər hansı dərslik yoxdur. Nuranə Abıyeva da deyir ki, bu dili öyrənməyə başlayanda bir məhdudiyyətli oğlan tanışı ona kitabı hədiyyə edib, dili öyrənəndən sonra qaytarıb. Çox yaxşı olardı ki, kütləvi şəkildə ədəbiyyat olaraq paylanılsın. Mənə o qədər yazıb soruşurlar ki, kitabı haradan əldə edə bilərik? Sevə-sevə təmənnasız olaraq o kitabın çəkilişində çəkilə bilərəm. Kiminsə vaxtı, yaxud kursa getməyə maddi gücü yoxdursa, əlimizin altındakı vəsaitlə öyrənmək asan olar. Yutub kanalına gəlincə, hələki İnstaqram səviyyəsində fəaliyyətimi aparıram, bəlkə də təcrübəmin az olmasından ehtiyatlanıram, çünki Yutub kanalı professionallıq tələb edir. Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universitetində işarət dili ilə bağlı 1 aylıq təlimlər keçirmişəm. Bəzən təlimimizə 300 nəfər gəlirdi. Hər təlimdən sonra devizlə çıxış etmişik. Bu yaxınlarda Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə bağlı Azərbaycan Dillər Universitetində elan vermişəm, 20-30 tələbə könüllü olub, o mahnını çəkib ictimailəşdirəcəyik. Himnimiz və Məhəmməd Əmin Rəsulzadənin “Gəncliyə xitab” nitqi məhdudiyyətli insanlar tərəfindən işarət dili formasında səsləndirilib, şəhərin müxtəlif yerlərində lentə alınıb. Mən Nuranə xanımı təzə-təzə tanıyırdım deyə bu çəkilişlərdə iştirak etməmişəm. Komanda şəklində “Xənnas” filmini surdo tərcümə etmişik. Seminarlarda “salam, mənim adım insan” başlığı altında çəkilişlər edirik. Ən sadə cümlələrin necə dərin məna ifadə etdiyini, həyatdakı əngəllərin mənasız olduğunu göstərmək üçün təlimlərimdə iştirak etdiyi tələbələrlə şüarlarla çıxış edirik. Nuranə Abıyeva öz Yutub kanalında hərfləri, tanışlıqda istifadə olunan sözləri, qida məhsullarının adlarını çəkib paylaşıb. Eyni zamanda komanda olaraq bir layihəmiz var, çəkilişlər tamamlanmaq üzrədir, telefonlar üçün aplikeyşn nəzərdə tutmuşuq, proqram vasitəsilə söz yazılacaq və həmin sözün görüntülü təqdimatı olacaq, bu layihə üzərində iş gedir. Uşaqlar üçün cizgi filmləri və nağıllar kitabının tərcüməsi arzularımdan biridir.

- Tibbi araşdırma etmisinizmi, danışma və eşitmə məhdudiyyəti sonradan qazanıla bilər, yoxsa lal və karlıq irsi xəstəlikdir?

- Lal və karlıq irsi keçən xəstəlikdir. Elə xəstəliklər var ki, risk faktoru çoxdur, amma mütləq olacaq deyə bir şey yoxdur. Bizim tanışımız olan eşitmə məhdudiyyətli Kənan qohumu Solmazla ailə qurdu, yeni doğulan övladlarında belə bir problem yoxdur. Qonşuluqdakı xanımdan danışmışdım, anası-atasında, eləcə də iki bacı və qardaşında problem yoxdur. Uşaq vaxtı peyvənddən sonra xəstəlik ola bilər, amma irsi faktor daha güclüdür.

- Peyvənd dediniz, indi anaları ən çox narahat edən məsələlərdən biridir. Sanki dilemma yaranıb: peyvənd etdirəkmi, yoxsa etdirməyək ki, gələcəkdə fəsadları yaranmasın.

- Atam özü cərrahdır, qohumlardan kimsə peyvənd etmək istəyəndə zəng edib soruşur ki, peyvənd vurduraqmı? Atamsa deyir mən cərraham, səni qohum kimi tanıyıram, amma uşağının anadan olan vaxtdan hansı xəstəlik keçirdiyini və nə çətinliyi olduğunu bilmirəm, bu barədə sahə həkimi tam məlumatlıdır, onunla məsləhətləş. Uşaq sağlamdırsa, mütləq peyvənd olunmalıdır. Bizim hamımıza peyvənd vurulub, şükür heç bir problemimiz yoxdur. Sadəcə peyvəddən əvvəl uşaq yaxşı müayinə olunmalıdır, sonra isə soyuqdan gözləmək, qidalanmaya diqqət yetirmək lazımdır.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər