Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Teleqraf.com-un məlumatına görə, təbrik məktubunda deyilir: "Cənab Prezident. Doğum günüm münasibətilə göndərdiyiniz səmimi təbrikə görə təşəkkür edirəm. Mən də Sizin doğum gününüzü, eləcə də Zati-alinizin və xanım Mehriban Əliyevanın Yeni ilini öz adımdan, həyat yoldaşım və hökumətim adından ürəkdən gələn arzularımla təbrik edirəm.
Uzaqgörən liderliyinizlə Azərbaycanın əldə etdiyi nailiyyətləri görmək bizi çox sevindirir. Azərbaycanın regionda sözü eşidilən, nüfuzlu ölkə olmasına verdiyiniz töhfələr tarixə qızıl hərflərlə yazılacaq.
Bu müddətdə əlaqələrimiz də geniş şəkildə inkişaf edib. İstər yüksək səviyyəli səfərlər, istərsə də təsis etdiyimiz üçtərəfli mexanizmlər sayəsində bu gün əlaqələrimiz əvvəllər olmadığı qədər güclüdür. Əməkdaşlığımızın səviyyəsi ölkəmiz üçün qürur mənbəyi olmaqda davam edəcək. Bir neçə gün əvvəl Naxçıvana etdiyimiz səfərlə Azərbaycan ilə bu yaxın əlaqələrə və əməkdaşlığa bir daha əmin olmaq imkanı əldə etdim. Ölkələrimiz arasındakı hazırkı yüksək səviyyəli əməkdaşlığın 2018-ci ildə də xalqlarımızın qarşılıqlı mənafelərinə uyğun olaraq daha da inkişaf etdiriləcəyinə inamım sonsuzdur.
Cənab Prezident, bu münasibətlə Zati-alinizə cansağlığı, qardaş Azərbaycan xalqının rifahı və səadəti üçün ən xoş arzularımı bildirirəm".