26 Dekabr 2017 14:37
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində İsmayıl Məmmədli, Ənvər Abbasov və Hüseyn Mirzəyevin müəllifi olduğu “Türk mənşəli sözlər lüğəti” kitabının təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, kitabın hazırlanmasında əsas məqsəd Azərbaycan dilinin türkmənşəli sözlərlə nə dərəcədə zəngin olduğunu bütün oxucu kütləsinə çatdırmaq və Azərbaycan dilinə dair məktəb kursunun səmərəli tədris olunmasına dəstək verməkdir.

Tədbiri universitetin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov açıb. O, yeni lüğətin tədris sistemindəki yerindən və əhəmiyyətindən danışıb.

Filologiya elmlər doktoru, professor Buludxan Xəlilov kitabın 21-ci əsr lüğətşünaslığı üçün çox əhəmiyyətli olduğunu diqqətə çatdırıb:

"Bu gün sizə təqdim edəcəyimiz "Türkmənşəli sözlər lüğəti" bütün normalara cavab verir. Hər bir dilin lüğət tərkibinin zəngin olması onun müasir dilçiliklə ayaqlaşdığının göstəricisidir. Yaşadığımız əsrdə müxtəlif növ lüğətlərə tələbat artır. Dilimizin lüğət tərkibinə hər sahədən çoxsaylı alınma sözlər daxil olur. Hələ bu alınma sözlərin 44 minə yaxını türkmənşəlidir.

Bütün bu sözlər dilimizin tərkibinə daxil edilərkən Azərbaycan dilinin orfoqrafiya normalarına, habelə bir sıra digər linqivistik və ensiklopedik lüğətlərə istinad edilib. Lüğət eyni zamanda orta məktəbin tədris prosesi üçün də nəzərdə tutulub".

Millət vəkili Aydın Mirzəzadə də lüğət haqqında fikirlərini bölüşüb: "Bu kitab içərisindəki söz ehtiyatına görə olduqca faydalıdır. Burada lüğət növünə daxil olan və olmayan 50-dən çox yeni söz var. Kitabın quruluşu, adı, izahı olduqca uğurlu seçilib. İlk baxışda insana güvən aşılayır. Fikrimcə, bu lüğət Azərbaycan dilçiliyində əsrlərlə qalacaq və istinad ediləcək bir kitabdır. Təəssüf ki, çox aşağı tirajlanıb. Əminəm ki, bu kitab gələcəkdə daha yüksək tirajla nəşr ediləcək".

Müəlliflərdən biri - Təhsil Problemləri İnstitutunun direktor müavini, pedaqoqika üzrə fəlsəfə doktoru​​​​​​​ Ənvər Abbasov lüğətə əlavə edilən yeni sözlərdən danışıb:

"Bu gün orta məktəb şagirdlərinin ən böyük problemi söz bazasının azlığı, ifadələri yerində istifadə edə bilməmələridir. Eyni zamanda, bu kitab şagirdlərdə dilə böyük məhəbbət, maraq yaradacaq. Bu lüğətdə 44 mindən çox türkmənşəli söz var. Gələcəkdə bu lüğətin daha da təkmilləşdirilməsini planlaşdırırıq. Dilimizin dərindən öyrənilməsi üçün bu kimi mənbələrin sayını artırmaq önəmlidir".

Xalq şairi Sabir Rüstəmxanlı isə kitabı "Divani-lüğəti-türk"lə müqayisə edib: "Bu günə qədər sonsuz sayda lüğətlər hazırlanıb. Bu, elə də asan məsələ deyil. Bu lüğətin hazırlanması son dərəcə önəmlidir. Türklər tərkibində 613 min söz olan lüğət hazırlayıb. Ümumi türk xalqlarının dillərini əhatə edəcək 1 milyona yaxın kəlmə var. Bura Altayların, Başqırdların və digərlərinin sözləri daxildir. Bu gün dilimizdə istifadə edilən sözlərin çoxu rus, Avropa mənşəlidir. Bir vaxtlar ərəb dilindən gələn axın indi də Avropadan gəlir".

Xalq şairi bildirib ki, dilimizdə, xüsusilə təhsil sahəsində istifadə edilən "üzrə", "kurikulum" kimi sözləriə ehtiyac yoxdur:

"Təhsil sistemində rusların böyük lüğətləri olub. Bizdə də Füzuli, Dədə Qorqud lüğəti olub. Biz bu kiçik lüğətləri araşdırıb, bir yerə yığıb böyük Azərbaycan dilinin lüğətini hazırlamalıyıq. Bəzən deyirlər ki, türk dilindən gələn sözlər bizim dilimizi korlayır. Mən bununla qətiyyən razı deyiləm. Necə oldu illərlə rus dilindən gələn sözlər dilimizi korlamadı, amma türk dilindən gələn doğma sözlər dilimizi pozur? Xeyr, bizim dilimizi insanlarımızın özləri pozurlar. Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, ailə öz evində ana dilində yox, yad dildə danışsın. 100 faiz azərbaycanlı olan uşağın öz dilinin normalarından bixəbər şəkildə xarici dillər öyrənməsi milli xəyanətdir.

Mən dil öyrənməyin əleyhinə deyiləm, amma gərək ən birinci vətəndaş öz dilini yaxşı bilsin. "Türkmənşəli sözlər lüğəti" bu mənada olduqca faydalı mənbə olacaq. Doğma dilimizdə vaxtilə istifadə edilən sözlərin yavaş-yavaş geri qaytarılması rus və Avropa mənşəli lüzumsuz sözləri dilimizdən çıxardacaq və daha gözəl, aktiv lüğət tərkibi formalaşdıracaq".

Digər müəllif, professor İsmayıl Məmmədli isə bildirib ki, dilimizin zənginliyini ortaya çıxarmaq üçün dilçilərimiz bu kimi təşəbbüslərə tez-tez yer verməlidirlər:

"Dilçilər arasında kimsə bu təşəbbüsü etməli idi və düşündüm ki, bunu biz edək. Mən bu kitabı əməkdaşlarımızla birlikdə hazırlamışam. Çox geniş araşdırmalar aparmışıq. Məsələn, uzun illər "tüfəng", "pələng" kəlmələri fars sözləri hesab olunub. Əslində isə bunun dərinliyində çox məqamlar var. Təəssüf ki, bu gün Azərbaycan dilinin etimioloji lüğəti çap olunmayıb. Türklər çoxsaylı lüğətlər çap etdirir və hər birindən bir qrup yeni söz tapmaq olar.

Bu kitabın ardınca Cəfər Cabbarlının lüğətini hazırlamışıq. Sadəcə, müəyyən maliyyə məsələləri bizə mane olur. Ümumilikdə Azərbaycan dili çox zəngin tərkibə malikdir. Sadəcə, əsrlər keçir və bəzi sözlər unudulur. Bu sözlərin unudulmaması üçün gərək biz özümüz çalışaq. Həmin sözlərin mənalarını yeni nəsil bilməyə bilər. Buna görə, gələcək nəsillərin də hazırki sözləri unutmamaları üçün biz müəllimlər, pedaqoqlar öz dilimizi mükəmməl bilməliyik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər