26 Dekabr 2017 17:37
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında ilin yekunlarına həsr edilmiş tədbir keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə bildirilib ki, 2017-ci ildə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693 600-dən artıq ümumi müraciət daxil olub.

Bu, keçən illə müqayisədə 12 000 müraciət çoxdur. Müraciətlərdən 63 300-dən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 82 000-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 12 500-dən artıq olub ki, bu rəqəmdə azalma qeyd edilir.

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2000 nəfərdən çox olub. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 150 325, hospitalizasiya 12354, miokard infarktı ilə müraciətlərin sayı 865, hospitalizasiya 814-ə yaxın, insultla müraciətlərin sayı 3728, hospitalizasiya 3311 olub.

Keçən illə müqayisədə miokard infarktı ilə bağlı müraciətlərin sayında azalma, insultla bağlı müraciətlərin sayında isə artım müşahidə olunur.

Sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə, nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak etmiş həkimlərdən ibarət xüsusiləşmiş briqadalar yaradılıb.

Qeyd edilib ki, 2017-ci il ərzində BŞTvəTTYS-na nəqliyyat hadisəsi səbəbindən 2363 müraciət daxil olub. Bu hadisələr nəticəsində 2058 nəfər hospitalizasiya olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə olunur.

2016-cı il ərzində baş verən 2430 nəqliyyat hadisələri nəticəsində 2122 nəfər hospitalizasiya olunub. Bu da avtoqəzaların sayında 67, hospitalizasiyada isə 64 halda azalma deməkdir.

Doğuşla bağlı müraciətlərin sayı isə 3099, hospitalizasiya 3084, tibb müəssisəsindən kənar doğuşların sayı 94 olub. Onların da 93 hospitalizasiya olunub. Hospitalizasiyadan imtina edilən bir hal barəsində Bakı Baş Səhiyyə İdarəsinə, ərazi üzrə qadın məsləhətxanasına, poliklinikaya, hüquq mühafizə orqanlarına məlumat verilib, ünvana polis əməkdaşları dəvət olunub.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər