27 Dekabr 2017 09:55
2 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ad qoyma mərasimi Tanrıçılıqdan qidalanan ideyadır.

Bu sözləri Teleqraf.com-a ad günü ifadəsi və onun mərasimləşməsindən danışarkən tarix üzrə fəlsəfə doktoru Ələkbər Ələkbərov deyib.

Alimin sözlərinə görə, qədim türklərdə uşaq həddi-buluğa çatana, 15 yaşına qədər, ananın yanında böyüdüyü üçün ona şəxsi ad verilmir, ləqəb verilirdi:

“Oğuz xaqanı tarixi şəxsiyyət kimi təqdim edirlər. Əslində isə Oğuz xaqan İnsan-Allah obrazıdır. Atası buğa, anası Ay xaqanı idi. Arvadlarından biri səmadan gəlmişdi. Ondan olan uşaqlarının adı isə Gün xan, Ay xan, Ulduz xan idi. Bunların hamısı Tanrıçılıqdakı dualizmdən meydana gələn adlardır.

İnsan adlarına gəlincə, türk təfəkkürünə görə, iki cür ad olub. Kişilik statusuna və şəxsi statusa görə verilən adlar. “Oğuznamə”yə diqqət yetirsək, görərik ki, türkü uşaqlıqdan qurda oxşar böyüdürlər.

Ona görə uşağın ilk adına qurdun balasına deyildiyi kimi küçük, oynaq dövrünə şuluq, döyüşkən vaxtına gənc, qocalığına isə ulu deyirdilər. Bu, kişilik statusudur.

Qaldı şəxsi statusa, bu da Tanrıçılıqdan qaynaqlanır. Uşaq həddi-buluğa çatana, 15 yaşına qədər, ananın yanında böyüdüyü üçün ona şəxsi ad verilmirdi, ləqəb verilirdi. 15 yaşa çatanda toy təşkil olunurdu. Ağsaqqallar onun cəsarətini yoxlayır və ad verirdilər. Məsələn, Bamsı Beyrəyin iki adı vardı – Bamsı və Bozoğlan. Quldurlara qalib gələndən sonra ona Dədə Qorqud Beyrək adı verdi. Yaxud Dirsə xanın oğlunu qeyd edə bilərik. O, buğanı öldürəndən sonra Buğac adına layiq görüldü”.

Ələkbər Ələkbərov həmçinin qeyd edib ki, oğlana kişi adı verildikdən, yəni şəxsiyyətə çevrildikdən sonra o, ailənin ixtiyarından çıxıb, xaqanın ixtiyarına keçirdi. Ad günü ifadəsi də məhz buradan yaranıb.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər