Şəxsi telefonlara onların özündən icazəsiz bankların adından mesajlar göndərilməsi qanunsuzdur.
Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquqşunas Əkrəm Həsənov bildirib.
Onun sözlərinə görə, 2015-ci il qəbul edilmiş “Reklam haqqında” qanuna əsasən, mobil operatoru ilə olan müqaviləsində şəxs bu sayaq mesajlara icazə verməyibsə, ona belə reklam gələ bilməz: “Ən azı 2015-ci ilə kimi olan müqavilələrdə elə şərt yoxdur. Ola bilər, 2015-ci ildən sonra olan müqavilələrdə kimdəsə olsun. Bu baxımdan həmin reklamlar qanunsuzdur.
Telefon sahibi məhkəməyə və Antiinhisar və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidmətinə şikayət edə bilər. Buna görə bank yox, mobil operator məsuliyyət daşıyır.
Çünki bank operatordan xahiş edir ki, məsələn, 10 min nəfərə reklam göndər, operator da bunu icra edir. Bank araşdırmır ki, həmin mesaj göndərilən şəxsin operatorla müqaviləsində belə bir bənd var, yoxsa yox. O ki qaldı reklamın məzmununa, qanunidirsə, məzmuna bank cavabdehdir. Reklam mətnində dolğun və ətraflı məlumat verilməlidir”.
Qeyd edək ki, son vaxtlar bankların adından mobil telefon istifadəçilərinə zəng və ya sms-lərlə kredit almağa təşviq edən çağırışlar gəlir.
Kredit verənlə alanın münasibətinə gəlincə, Əkrəm Həsənov əlavə edib ki, insanlar banklardan kredit götürəndə mütləq diqqət yetirməli olduqları məqamlar var: “Götürülən məbləğ, valyuta, faiz dərəcəsi, müddət və ödənişləri vaxtında edilmədiyi halda cərimənin olub-olmadığı diqqətlə nəzərdən keçirilməlidir. Əsas bu şərtlərə baxmalıdır.
Hazırda kredit qaydaları bir qədər sərtləşdirilib. Kredit o adamlara verilir ki, aylıq gəliri var, həmin gəlir kreditdən əlavə onun yaşayış minimumunu təmin edir”.