27 Dekabr 2017 12:55
5 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının vətəndaşı, fotoqraf və bloqçu Vladimir Kezlinq Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulluğuna məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, məktubunda V.Kezlinq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmət etdiyini bildirib:

“O, Azərbaycan hökumətinin müvafiq razılığı olmadan, Azərbaycanın işğal edilmiş ərazilərinə səfərinin hər hansı bir siyasi məqsəd güdmədiyini vurğulayıb. Vladimir Kezlinq Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini bildirib.

Rusiyalı fotoqrafın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasına dair qərar qəbul edilib”.

Qeyd edək ki, rusiyalı jurnalist öz bloqunda yaxın vaxtlarda Azərbaycan Respublikasına səfər etmək istədiyini bildirib və XİN-in bu qərarını “əla yeni il hədiyyəsi” adlandırıb.

Çəkdiyi hər bir fotoya dair şərh yazan V.Kezlinq məsələyə birtərəfli yanaşmayıb, Dağlıq Qarabağın Ermənistan istisna olmaqla digər ölkələrin xəritəsində Azərbaycana aid olduğunun göstərildiyini vurğulayıb. İşğal olunmuş Ağdam şəhərində də olan fotoqraf şəhərin tamamilə dağıdıldığını, hazırkı Ağdamın 1945-ci ildəki Drezden şəhərinə bənzədiyini qeyd edib. Qondarma DQR-in mərkəzi Xankəndidən çəkdiyi fotoları isə V.Kezlinq “dinc həyatın illüziyası” başılığı ilə qruplaşdırıb.

Teleqraf.com rusiyalı fotoqrafın 15-30 sentyabr 2013-cü ildə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri zamanı çəkdiyi fotoları təqdim edir.


Müəllif: Sәxavәt

Oxşar xəbərlər