27 Dekabr 2017 13:55
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Quba şəhərində yeni açılmış “ASAN xidmət” regional mərkəzi ilə tanışlıq üçün press-tur təşkil edib.

Teleqraf.com xəbər verir ki, jurnalistlər mərkəz barədə ətraflı məlumatlandırılıblar.

“ASAN Xidmət” mərkəzinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov bildirib ki, dekabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva Quba “ASAN Həyat” konsepsiyasinin açılışında iştirak edib: “Dekabrın 25-dən etibarən Quba regional “ASAN xidmət” mərkəzi vətəndaşların istifadəsinə verilib.

Quba regional “ASAN xidmət” mərkəzinin binasının tikintisinə 2017-ci ilin əvvəlində başlanılıb. Tikinti işləri bu ilin dekabr ayında başa çatıb. Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında ümumilikdə 500 minə yaxın qeydiyyatda olan vətəndaş bu mərkəzə müraciət edə biləcəklər.

“ASAN xidmət” mərkəzi çərçivəsində 10 dövlət qurumu, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 250-dən çox müxtəlif xidmətlər var”.

Anar Hüseynov bildirilib ki, Quba “ASAN Həyat” konsepsiyası Quba “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur: “Vətəndaşlar operativ xidmətlə bərabər, bu kompleksin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığına, həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir”.

“ASAN həyat” kompleksi 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektləri üçün nəzərdə tutulan binalardan ibarətdir: “ASAN xidmət” mərkəzi, “ABAD” mərkəzi, “ABAD” məktəbi, kinoteatr (2 zal, böyük 122 nəfərlik, kiçik 72 nəfərlik), Quba regional ASAN Təlim Mərkəzi, kafe, bank (ödənişlər üçün mərkəz).

“ASAN Həyat” kompleksi üçün ayrılan ərazidə park, fontan və oturacaqlar, avtodayanacaq və digər rayonlardan gələn vətəndaşlar üçün avtobus dayanacağı yaradılıb. Həmçinin vətəndaşların istirahəti üçün park və uşaq meydançası salınıb.

Quba regional “ASAN xidmət” mərkəzində 10 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər (bank, sığorta, hüquqi yardım, tərcümə və s.) təşkil edilib.

Mərkəzdə 170 əməkdaş və 45 könüllü çalışır. Quba “ASAN xidmət” mərkəzi Quba rayonu (əhalisi 168 356), Qusar rayonu (əhalisi 96199), Xaçmaz rayonu (əhalisi 174800), Şabran rayonu (əhalisi 58 300) ərazisində qeydiyyatda olan, ümumilikdə 497 655 vətəndaşa xidmət göstərəcək.

Qarabağ qazisi İlqar Babayev Quba “ASAN xidmət” mərkəzində işlə təmin olunub.

İlqar Babayev deyir ki, iş üçün bir sıra dövlət qurumlarına müraciət edib: “Uzun müddət Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişəm. 2015-ci ildə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralandım. Uzun müddət hərbi hospitalda müalicə aldım. Prezident İlham Əliyev də məni ziyarət etmişdi. Ordu sıralarında tərxis olunduqdan sonra işlə əlaqəli müəyyən orqanlara müraciət etdim. Quba “ASAN xidmət”də işlə təmin olundum. Vətəndaşların hüquqları təminatı sektorunda çalışıram. Burada işləmək mənim üçün çox gözəldir. Bundan sonra da ləyaqətlə xidmət etməyə çalışacam”.

Quba regional “ABAD” mərkəzi isə şimal regionunda rəqabətqabiliyyətli ailə təsərrüfatlarının qurulmasına dəstək göstərəcək. Mərkəzin xidmətlərinə ailə təsərrüfatlarına biznes-planlaşdırma, marketinq, dizayn və brendinq, hüquqi yardım, maliyyə-mühasibat, logistika, satışın təşkili xidmətləri daxildir. Məqsəd şimal regionunda yeni ailə brendləri yaratmaq, ailə təsərrüfatlarının məhsullarının daxili və xarici bazarda satışını təşkil etmək, özünüməşğulluq proqramının icrasına dəstək göstərməkdir.

“ABAD” mərkəzinin tabeliyində yaradılan “ABAD “məktəbində xalçaçılıq, tətbiqi incəsənət və nəzəri kurslar olmaqla, üç istiqamət üzrə dərslər keçiriləcək. Məktəbdə şimal regionunda dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan ABAD-çı ailələrin sayının artırılması istiqamətində iş aparılacaq, təlimlər keçiriləcək. O cümlədən ərzaq məhsullarının istehsalı ilə məşğul olan ailə təsərrüfatları üçün biznes-planlaşdırma, marketinq, maliyyə-mühasibat kimi sahələrdə nəzəri kurslar təşkil olunacaq.

Quba regional “ASAN Təlim” Mərkəzi isə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən əməkdaşlara, digər dövlət orqanları və funksional xidmət əməkdaşlarına “ASAN” təcrübəsi əsasında formalaşmış vətəndaş axınının, həmçinin stressin idarə olunması, etik davranış və digər təlimlərin keçirilməsini təmin edir.

“ASAN Həyat” kompleksinin yerləşdiyi ərazidə avtomobil dayanacağı və yerüstü piyada keçidi də yaradılıb.

Vətəndaşların istirahəti üçün geniş park və uşaq əyləncə meydançası, həmçinin qapalı istirahət zonaları (kinoteatr) nəzərdə tutulub. Kinoteatrda Azərbaycan filmləri ilə yanaşı, müxtəlif ölkələrdə istehsal olunan filmlərdə nümayiş etdiriləcək.

Qeyd edək ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri Azərbaycan Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanı ilə yaradılıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər