27 Dekabr 2017 14:45
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lisenziyası ləğv olunan Dəmirbank ASC-də kompensasiya edilməyən 28 milyon manatdan artıq əmanətin qaytarılmayacağı xəbəri ciddi narahatlıq doğurub. İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, müflis olan bankın qorunmayan əmanətləri o halda qaytarıla bilər ki, aktivlər passivləri üstələsin.

Fəaliyyətinə xitam verilən sözügedən bankda əmanətlərlə bağlı problemlər əslində, xeyli vaxt əvvəldən başlanıbmış.

Hələ Roman Əmircanovun banka sədrlik etdiyi dövrdə əmanətçilərlə bank arasında mübahisə yaşanırdı. Hazırda mənimsənilən həmin əmanətlərlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində proses gedir. Təqsirləndirilənlər - Dəmirbank ASC-nin Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinədar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin işinə baxılır.

Filial müdiri himayəsində azyaşlı uşaq olduğu nəzərə alınaraq, ev dustaqlığına buraxılıb. İttihama görə, adıçəkilən şəxslər 8 nəfərin 3 milyon manatını mənimsəyiblər.

Zərər çəkən yeddi nəfər vətəndaşın, o cümlədən şəhid və Milli Qəhrəman ailələrinin üzvlərinin, şair Xəlil Rza Ulutürkün oğlunun pulları mənimsənilib.

Depozit əmanətlərin müqavilə müddətlərinin aylardır bitməsinə baxmayaraq, bu günə qədər geri qaytarılmayıb.

"Dəmirbank"ın rəhbərliyində dəyişiklik də əmanətçilərin dadına çatmayıb. Müşahidə Şurasının sədri Rəhman Hacıyev, keçmiş kürəkəni, bankın İdarə Heyətinin sədri Fərid Abbasov da əmanətləri qaytara bilməyiblər.

Banka rəhbərlik etmiş R.Əmircanov isə 16 oktyabr 2009-cu il tarixdən "Dəmirbank"ın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib və 2016-cı ilə qədər bu vəzifədə işləyib.

Xatırladaq ki, onun oğlu Rəşad Əmircanov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində işləyib və hazırda həbsdə olan general Akif Çovdarovun qızı ilə evlidir.

Əmircanov Borçalının qədim nəsillərindən olan Əmircanlı soyundandır. Sabiq bank sədrinin atası Əmircanov Dünyamalı Məhəmməd oğlu Gürcüstan SSR-də müxtəlif vəzifələrdə çalışıb.

Anası Roza Məmid qızı Əmircanova (Musayeva) Borçalının qədim nəsillərində biri olan Gülməmmədli nəslinin nümayəndəsidir.

Əmircanovun bank sədri postundan gedişindən sonra yayılan xəbərlərdən biri də bu idi ki, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi onun Badamdardakı villasında və Bakının digər yerlərindəki evlərində axtarışlar aparıb.

Xatırladaq ki, R.Əmircanovun digər oğlu Oktay Əmircanov bir neçə ay qabaq qızına 400 minlik toy etməsi xəbəri ilə gündəmə gəlmiş Bakı Liftlər İdarəsinin direktoru Qüdrət Şükürovun övladı Aysellə ailə qurub./Axar.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər