Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən incəsənət əsərləri, kolleksiya əşyaları və əntiq əşyalara tətbiq edilən gömrük rüsumları dəyişəcək.
Teleqraf.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.
Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən hazırda incəsənət əsərləri - şəkillər, rəsmlər və pastellər, qravüraların, estampların və litoqrafiyaların orijinalları, istənilən materialdan olan heykəllərin və heykəlciklərin orijinalları, o cümlədən istifadə olunmuş və ya istifadə olunmamış poçt markaları və ya dövlət rüsumu markaları, poçt ödəniş nişanları, o cümlədən poçt dəftərxana ləvazimatları (gerb kağızı) və analoji əşyalara 0,50 faiz idxal gömrük rüsumu tətbiq edilir. Gələn il yanvarın 1-dən bu idxal rüsumu 10 dəfə artırılacaq və 5 faiz olacaq.
Gələn ildən kolleksiyalar və zoologiya, botanika, mineralogiya, anatomiya, tarix, arxeologiya, paleontologiya, etnoqrafiya və ya numizmatika üzrə kolleksiya əşyaları və yaşı 100 ildən yuxarı olan əntiq əşyalarına tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu isə ləğv ediləcək.