28 Dekabr 2017 11:29
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəzərinizə çatdırmaq istərdik ki, sosial şəbəkələrdə paylaşılan məlumat düzgün anlaşılmayıb.

Bu sözləri “Soyuq əllər, isti ürək” yarmarkasının təşkilatçıları Teleqraf.com-un sorğusuna cavab olaraq bildirib.

Açıqlamada deyilir ki, artıq 5 ildir keçirilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası taxta evlərdən ibarətdir:

“Bu tip konstruksiyalarda isə digər materiallardan tikilən obyektlərlə müqayisədə yanğının baş vermə ehtimalı böyükdür. Yarmarkanın bütün icarədarları öz məhsullarını bu taxta evlərdə saxlayırlar.

Spiral qızdırıcılardan istifadə, xüsusən onunla ehtiyatsız davranma və ya cihazın unutqanlıqdan işlək vəziyyətdə qalması yarmarka ərazisində yanğının baş verməsinə gətirib çıxara bilər. Məhz bu təhlükəni nəzərə alaraq, yarmarkanın taxta evlərində spiral qızdırıcılardan istifadə etmək tövsiyə olunmur”.

Qeyd edək ki, bir müddət öncə sosial şəbəkədə Bakıda Fəvvarələr bağındakı yarmarkalara ünvanlanan paylaşım səs-küyə səbəb olmuşdu. Paylaşımda deyilirdi:

“Siz hələ də spiral qızıdırıcılardan istifadə edirsiz? O halda biz sizin yanınıza gəlirik. Bütün evlərdə tapılan spiral qızdırıcılar uşaq evlərinə veriləcək. Spiral qızdırıcılar təhlükəlidir, yağ radiatorlarından istifadə etməyinizi tövsiyə edirik”.


Müəllif: Şəfiqə Nazimqızı