İtkin düşən alpinistlərin axtarışı bu gün də davam etdirilir.
Bunu Teleqraf.com-a açıqlamasında “Gilavar” klubunun rəhbəri Ziya Qasımov deyib.
Onun sözlərinə görə, axtarışları dövlət qurumları aparır: “Səhər saatlarından Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsi , Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də idmançılar axtarışları davam etdirir”.
Ziya Qasımovun sözlərinə görə, müəyyən izlər tapılıb: “Həmin izlərin alpinistlərə aid olub-olmamağı hələlik dəqiq deyil. Amma izlər var. Dəqiq məlumat olan kimi bu barədə xəbər verəcəyik”.
Qeyd edək ki, “Gilavar – Air & Extreme” idman klubunun üzvləri olan gənc alpinistlər Babur Hüseynov, Namin Bünyadov və Fəridə Cəbrayılzadə dekabrın 23-də Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində yola çıxıblar. Dekabrın 26-sı geri dönməli olmalarına baxmayaraq, onlardan heç bir xəbər almaq mümkün olmayıb.
***
23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərargahı məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.