28 Dekabr 2017 22:10
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya Təhlükəsizliyi İdarəsinin Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə İşləri Xidməti ilə birgə nəzəri-praktiki seminar keçirib.

FHN-dən Teleqraf.com-a bildiriblər ki, tədbir müəssisə və təşkilatlara məxsus könüllü və idarədənkənar yanğından mühafizə bölmələri ilə qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək məqsədilə baş tutub.

Seminarda aeroportun Aviasiya Təhlükəsizliyi İdarəsinin Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə İşləri Xidmətinin rəisi Azad Səmədov insanların kütləvi toplaşdığı mühüm əhəmiyyətli obyektlərdə, o cümlədən hava limanında baş verə biləcək fövqəladə hadisələrin, xüsusilə də yanğınların qarşısının alınması üçün düzgün qərarların qəbul edilməsi məqsədilə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti ilə Heydər Əliyev Beynəlxalq Aeroportunun Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə İşləri Xidməti arasında qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb. O, müvafiq xidmətlərin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsinin zəruriliyindən söz açaraq qarşıda duran vəzifələrdən danışıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qurumlarının əməkdaşlarının iştirak etdikləri seminarda şəxsi heyətin və yanğınsöndürmə vasitələrinin hava limanında yanğınların söndürülməsinə cəlbolunma qaydaları, yanğın avtomobillərinin və avadanlığının səmərəli istifadəsi, yanğınsöndürmə maddələrini, onların verilməsi qayda və üsulları, yanğınların söndürülməsi üçün qüvvə və vasitələrin hesablanması metodları və onların yerləşdirilməsi prinsipləri, radiorabitə vasitələrindən istifadə qaydaları haqqında nəzəri və praktiki məlumatlar verilib.

Təyyarədə yanğın zamanı uçuş-enmə zolağında insanların xilas edilməsi, yaranmış şəraiti nəzərə alaraq döyüş hərəkətlərinin həlledici istiqamətlərinin müəyyən olunması, füzelyajın içində yanğının söndürülməsi üçün lazımi qüvvə və vasitələrin miqdarının düzgün hesablanması və onlardan səmərəli istifadə olunması, həmçinin dağılmış yanacağın söndürülməsi ilə bağlı məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.

Seminar iştirakçıları, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisi, onun əməliyyat-taktiki xüsusiyyətləri, mövcud rabitə vasitələri, su təchizatı, həmçinin hava limanının bina və tikililərindəki tikinti konstruksiyalarının yanğın təhlükəliliyi və obyektin digər mühüm əhəmiyyətli xüsusiyyətləri ilə bağlı da məlumatlandırılıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər