30 Dekabr 2017 12:32
5 913
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki gün əvvəl İranın Məşhəd şəhərində hökumətə qarşı başlanan kütləvi etirazlar genişlənərək digər şəhərlərə də yayılıb və bir neçə şəhərdə ali dini lider Seyid Əli Xamneyiyə qarşı şüarlar səsləndirilərək onun hakimiyyətdən getməsi tələb edilib.

Teleqraf.com xəbər verir ki, İranın Kirmanşah, Rəşt, Tehran, Quçan, İsfahan, Qum, Əhvaz, Bocnurd, Sari, Həmədan və Qəzvin şəhərlərində on minlərlə aksiyaçının qatıldığı etirazlarda səsləndirilən şüarlar daha radikal və sərtləşib. Bu dəfə şüarlar əsasən İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyiyə, Prezident Həsən Ruhaniyə və Məhkəmə Sisteminin rəisi, axund Sadıq Laricaniyə qarşı yönəlib.

Kirmanşah, Qum və Rəşt şəhərlərində etirazçılar, “Seyid Əli, utan xəcalət çək, ölkədən və hakimiyyətdən əl çək”, “Diktatora ölüm”, “Millət acından dilənir, ağa (Xamneyi nəzərdə tutulur-S.Həmid) isə Allahlıq edir”, “Siyasi məhbuslara azadlıq”, “Ruhaniyə ölüm”, “Fələstin və Qəzzə zolağını burax, bizə gün ağla”, “Polis get, oğrunu tut”, “Suriyanı burax, bizim halımıza yan”, “Laricani iraqlıdır, öz ölkəsinə qayıtmalıdır” şüarları səsləndirərək, ölkənin ağır və acınacaqlı iqtisadi durumuna etiraz bildiriblər.

Bir neçə şəhərdə, o cümlədən də Kirmanşahda polis və təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma yaranıb və polis aksiyaçılara qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Toqquşma nəticəsində onlarla aksiyaçı döyülərək həbs edilib, yaralılar isə xəstəxanaya çatdırılıb.

Yayılan son məlumatlarda bildirilir ki, Təbrizdə əhalinin etirazlara qatılmasının qarşısını almaq üçün şəhərin əsas küçə və meydanları polis və mülki geyimli təhlükəsizlik qüvvələrinin nəzarətinə götürülüb. Hazırda Təbrizdə elan olunmamış, bir növ fövqəladə vəziyyətin hökm sürdüyü bildirilir.

Xatırladaq ki, hakimiyyətin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar “Bahalığa yox” adı ilə “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən dekabrın 28-də İranın Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp son günlər İranda baş verən etiraz aksiyaları haqqında danışıb. O, qeyd edib ki, İran hakimiyyəti öz xalqının hüquqlarını tanımalıdır:

“İran xalqı ölkənin sərvətinin xaricdə terrorizmə xərclənməsindən boğaza yığılıb. İran vətəndaşlarının dinc etiraz aksiyaları ilə bağlı xəbərlər gəlir. Ölkə hakimiyyəti özünüifadə hüququ da daxil olmaqla xalqın bütün hüquqlarına hörmət göstərməlidir. Dünya bu prosesi izləyir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər