30 Dekabr 2017 14:39
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ağır Atletika Federasiyasında (AAAF) 2017-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, mərasimdə AAAF-ın vitse-prezidentləri Tofiq Heydərov və Ruslan Xanverdiyev, baş katib Rizvan Rəsulov, federasiyanın Rəyasət Heyətinin üzvləri, həmçinin il ərzində fərqlənmiş idmançılar, onların məşqçiləri və digər mütəxəssislər iştirak ediblər.

Tofiq Heydərov 2017-ci ildə əldə olunan uğurlar barədə danışıb. O, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında komanda üzvlərinin 1 qızıl və 3 bürünc medal qazanmasını, Tailandda keçirilən yeniyetmələr arasında dünya birinciliyində yığmamızın yekun və yüksək 9-cu pillədə qərarlaşmaqla gələn il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanmasını, həmçinin sentyabrda Priştinada keçirilən Avropa birinciliyində yığmamızın medal sayına görə 1-ci pillədə qərarlaşmasını böyük uğur olduğunu bildirib.

Vitse-prezident qeyd edib ki, 2017-ci ildə ağır atletikanın maddi-texniki bazasının genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində böyük addımlar atılıb, Astara, Bakı və Bakıətrafı rayonlarda, Qobustanda və digər yerlərdə yeni zalların tikintisi həyata keçirilib, mövcud bazalarda əsaslı təmir-bərpa işləri aparılıb.

Tofiq Heydərov federasiyanın ölkədaxili yarışların təşkilini daha yüksək səviyyədə təşkilinə nail olduğunu əlavə edib.

Sonda antidopinq siyasətinin tətbiqi, bu mübarizədə böyük uğurlara nail olunduğunu, ağır atletikanın əsas problemlərindən birinin həlli istiqamətində ciddi addımlar atıldığını bildirən vitse-prezident yeni yaradılan Azərbaycan Milli Antidopinq Agentliyinin fəaliyyətini təqdir edib.

Sonra 2017-ci ildəki fəaliyyət və nailiyyətlərinə görə ilin ən yaxşı idmançı, məşqçi və hakimləri xüsusi xatirə plaketi və hədiyyələrlə təltif edilib.

AAAF-ın seçiminə əsasən qaliblər aşağıdakılardır:

İlin ən yaxşı idmançısı

1. Səbinə Əzimova
2. Rövşən Fətullayev
3. Elnarə Abbasova
4. Hüseyn İsmayılov
5. Rüstəm Qasımov
6. Tarmenxan Babayev
7. Rəhman Kazımov
8. Elşən Məmmədov
9. Məhəmməd Məmmədli
10. Kənan Xəlilov

İlin kəşfi (idmançı)

1. Selcan Qarayeva

İlin məşqçisi

1. Asif Məmmədov
2. Taleh Hüseynov
3. Şəfi Hüseynov

İlin hakimi

1. Azad Mustafayev

Sonda idmançılardan Tarmenxan Babayev, Rəhman Kazımov, Elşən Məmmədov, Elnarə Abbasova, məşqçilərdən Şəfi Hüseynov, Turan Abdullayev və Toğrul Məmmədliyə mənzil sertifikatları təqdim edilib.


Müəllif: İlhamə Əbülfət