30 Dekabr 2017 13:14
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Nazim Abbasovun məqaləsini təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 10 fevral 2017-ci il tarixdə «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan altenativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Sərəncam imzalanmışdır.

Sərəncamda cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbiri və azadlıqdan məhrumetmə cəzasının tətbiqinin məhdudlaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və müasir informasya-kommunikasiya texnologiyaların tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd edilməlidir ki, 2000-ci ildən qüvvədə olan Cinayət Məcəlləsi ötən dövrdə müxtəlif normativ aktların qəbul edilməsi ilə əlaqədar əlavə və dəyişikliklərə məruz qalmışdır.

Son dəyişikliklər geniş miqyası ilə fərqlənməklə, cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində aparılan hüquq islahatlarının yeni mərhələsinin başlanğıcı sayıla bilər.

Yalnız bir faktı qeyd etmək kifayətdir ki, yeni Qanunla qüvvədə olan Cinayət Məcəlləsinin 300-dən çox maddəsinə əlavə və dəyişikliklər edilmişdir.

Ümumiyyətlə, cinayət-hüquq siyasətində liberallaşdırma tendensiyası dövlətin və cəmiyyətin demokratik quruculuq yolunda dinamik inkişafının göstəricsidir. Yəni, bütün bunlar dinamik inkişafımıza əyani sübutdur.

Bu baxımdan yaxın tariximizə nəzər saldıqda aydın olur ki, 9 avqust 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirnilməsi barədə» məlum Fərmanın verilməsi həmin dövrdəki mövcud şərait, dövlətin və dövlətçiliyin qorunması, cəmiyyət üzvlərinin təhlükəsizliyinin təmin olunması zərurəti, cinayətkarlığa qarşı mübarizəinin gücləndirilməsi və cinayət törətmiş şəxslərə qarşı sərt cəzaların tətbiq olunması zərurəti ilə şərtlənmişdir. Uzun müddət məhkəmə və hüquq-mühafizə orqanlarının cinayətkarlığa qarşı mübarizə fəaliyyətində istinad nöqtəsi sayılan həmin Fərmanda verildiyi tarixi şəraitə uyğun olaraq cinayətkarlığa qarşı mübarizə işində qanunun bütün imkanlarından istifadə olunması tələb edilirdi.

Bu gün müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi düzgün siyasət, görülmüş məqsədyönümlü tədbirlər sayəsində ölkəmizdə dayanıqlı ictimai-syiasi sabitlik hökm sürür ki, bu bizim ən böyük uğurlarımızdandır.

Ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində müsbət dəyişikliklərə uyğun olaraq zaman-zaman qanunlarımızın demokratik prinsiplərə uyğunlaşdırılması və cəza siyasətinin humanistləşdirilməsi istiqamətində mütəmadi qaydada islahatlar həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin qeyd edilən Sərəncamı və onun icrası ilə bağlı cinayət təqibi və cəza siyasətinin liberllaşdırılmasına yönələn Qanunun qəbulu ölkəmizdə hökm sürən real ictimai-siyasi sabitlikdən, iqtisadi inkişaf sahəsində əldə etdiyimiz nailiyyətlərdən, bir sözlə, günün tələblərindən irəli gəlir.

Həmçinin, qeyd etmək lazımdır ki, yeni Qanunun qəbulu həm də cəmiyyətdə qanunlara hörmətin artması, qanunların məzmun və mahiyyətinin dərk edilməsi və onların tələblərinə dönmədən əməl edilməsinin zəruriliyi ilə bağlı insanların şüurunda baş vermiş müsbət dəyişikliklər ilə şərtlənmişdir.

Eyni zamanda, qanunvericiliyin və cəza siyasətinin humanistləşdirilməsi istiqamətində həyata keçirilmiş əsaslı tədbirlər, onların məqsədlərinin və törədilmiş cinayətlərə görə cəza tətbiq ediləcəyi ilə bağlı dövlət siyasətinin dəyişməz qaldığının cəmiyyət üzvləri tərəfindən dərindən dərk edilməsini, habelə vətəndaşlarımızın öz fəaliyyətlərini ciddi şəkildə bu qanunların tələblərinə uyğun həyata keçirmələrini tələb edir.

Həmin tələblərə layiqincə əməl olunması gələcədə cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində daha da mütərəqqi qanunların qəbul olunmasına təkan verəcəkdir.

Yuxarıda göstərildiyi kimi, 20 oktyabr 2017-ci il tarixli Qanunla Cinayət Məcəlləsinin «Həyat və sağlamlıq əleyhinə olan cinayətlər», «Mülkyiyyət ələehinə olan cinayətlər», «İqtisadi fəaliyyət sahəsində olan cinayətlər», «Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər» və digər fəsillərində yerləşən 300-ə qədər maddədə mühüm dəyişikliklər və əlavələr edilərək, 18 cinayət əməli dekriminallaşdırılmış, 24 cinayət əməlinə görə zərərçəkimiş şəxslə barışma və ziyanın ödənilməsi, 25 cinayətə görə ziyanın ödənilməsi və dövlət büdcəsinə ödəniş edilməsi, 2 cinayətə görə məhkəmə qərarının icrası və ya əmək müqaviləsinin bağlanması şərti ilə cinayət məsuliyyətindən azad etmə, 1 cinayətə görə narkomanlıq xəstəliyinə düçar olmuş təqsirləndirilən şəxsin tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqindən sonra sağaldıqda cinayət məsuliyyətindən azad edilməsi müəyyən olunmuş, 152 normanın sanksiyasına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə edilmiş və 36 cinayət görə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutlumşudr.

Cinayət Məcəlləsində bir sıra əməllərin dekriminallaşdırlması istiqamətində diqqət çəkən mühüm dəyişiklik «Mülkiyyət əleyhinə olan cinayətlər» və «İqtisadi fəaliyyət sahəsində olan cinayətlər»lə bağlı cinayət məsuliyyətinin yaranmasına səbəb olan ziyanın məbləğinin əhəmiyyətli dərəcədə artırılmasıdır.

Belə ki, yeni Qanunda ölkədə gedən iqtisadi-sosial proseslər və iqtisadi inkişaf sahəsində əldə edilmiş uğurlar nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin «Mülkiyyət əleyhinə olan cinayətlər» fəslinin 177.1, 178.1 və 179.1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə görə məsuliyyətin yaranması üçün zəruri olan məbləğ beş dəfə, yəni 100 manatdan 500 manatadək artırılaraq, həmin əməllərlə əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulmasının cinayət məsuliyyətinə səbəb olması təsbit edilmiş (əvvəllər bu maddələrlə məsuliyyətin yaranması üçün yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğ nəzərdə tutulurdu), habelə, 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrdə «xeyli miqdar» ziyanın beş min manatdan yuxarı, lakin əlli min manatdan yuxarı olmayan məbləği (əvvəllər 177-187, 189 və 189-1-ci maddələrdə «xeyli miqdar» dedikdə, üç min mantadan yuxarı, lakin on min manatdan yuxarı olmayan məbləğ başa düşülürdü), «külli miqdar» ziyanın əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləği (əvvəllər «külli miqdar» dedikdə on min manatdan artıq olan məbləğ başa düşülürdü), «xüsusilə külli miqdar» ziyanın beş yüz min manatdan yuxarı olan məbləği ehtiva etməsi müəyyən olunmuşdur.

Əhəmiyyətli məqamlardan biri kimi qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş əməllərə görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyanın vurulması kifayət edir.

Eləcə də, Cinayət Məcəlləsinin 190-cı maddəsinin (Qanuni sahibkarlıq fəaliyyətinə mane olma) «Qeyd» hissəsində «192.2.1, 192.2.2, 192-1.3.2, 193.2.1, 193.2.2,» rəqəmləri «192-1.3.2» rəqəmləri ilə əvəz olunaraq, 19 maddədə (192.1, 192-1.1, 192-1.2, 193.1, 194.1-1, 195.1, 195-1.1, 195-1.2, 196.1, 197.1, 198.1, 200-2.1, 201-1.1, 203.1, 204.2,, 205-2.1, 210.1, 211.1 və 212.1-ci maddələr) «xeyli miqdar» dedikdə, iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ, 21 maddədə (190.2, 192-1.3.2, 194.2.4, 195.2, 195-1.3, 196.2, 197.2, 198.2, 200-2.3, 201-1.2, 202.2, 202-1.2, 202-2.1, 203.2, 203-1.1, 204.3.2, 205.2.3, 205-2.2.3, 210.2, 211.2 və 212.2-ci maddələr) «külli miqdar» dedikdə yüz min manatdan artıq olan mәblәğ, 4 maddədə (192.2.1, 192.2.2, 193.2.1 və 193.2.2-ci maddələr) «külli miqdar» dedikdə yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, yenə 4 maddədə (192.3.1, 192.3.2, 193.3.1 və 193.3.2-ci maddələr) «xüsusilə külli miqdar» dedikdə beş yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür.

Eyni zamanda, Cinayət Məcəlləsinin 200-cü maddəsinin «Qeyd» hissəsində əməlin «istehlakçıları xeyli miqdarda aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma» tərkibini yaratması üçün nəzərdə tutulan məbləğ artırılaraq üç yüz manatdan üç min manata qədər təsbit edilmiş (əvvəl yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğ), 209-cu maddənin «Qeyd» hissəsində «gömrük ödənişlərinin ödənilməsindən küllü miqdarda yayınma» və 213-cü maddənin «Qeyd» hissəsində «vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən külli miqdarda yayınma» tərkiblərinin yaranması üçün yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ (əvvəl yüz min manatdan artıq olan məbləğ) müəyyən edilmişdir.

Bunlarla yanaşı, «xüsusilə ağır cinayət» kimi Cinayət Məcəlləsinə əlavə olunmuş 6 maddənin (177.4, 178.4, 179.4, 180.4, 181.4 və 182.4-cü maddələr), «ağır» cinayət kimi əlavə edilmiş 2 maddənin (185.4 və 186.3-cü maddələr), «az ağır» cinayət kimi əlavə olunmuş 8 maddənin (187.4, 189-1.2-1, 192.3.1, 192.3.2, 193.3.1, 193.3.2, 209.3 və 213.3-cü maddələr) dispozisiyalarında nəzərdə tutulmuş «xüsusilə külli miqdar» anlayışı həmin əməllərin törədilməsi nəticəsində beş yüz min manatdan yuxarı ziyan vurulmasını ehtiva edir.

Göstərilən dəyişikliklər nəticəsində ayrı-ayrı kateqoriyaya aid cinayət tərkiblərinin yaranması üçün tələb olunan məbləğlər əhəmiyyətli dərəcədə artırıldığına görə cinayət qanunu ilə cəzalandırılmalı olan xeyli əməllər inzibati xəta kimi tövsif ediləcəkdir.

Cinayət Məcəlləsinə edilmiş kompleks dəyişikliklərin və əlavələrin məzmunundan da göründüyü kimi, ən mütərəqqi yeniliklərdən biri də cinayət məsuliyyətindən azad olma institutunun daha da təkmilləşdirilməsi və onun tətbiq dairəsinin genişləndirilməsi hesab olunur.

Cinayətlərin dekriminallaşdırılmasına yönəlmiş mühüm əhəmiyyətli yenilik kimi, Cinayət Məcəlləsinin ayrı-ayrı fəsillərində nəzərdə tutlumuş bir sıra cinayət əməllərinin törədilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi və zərərçəkmiş şəxslə barışmaq ilə əlaqədar cinayət məsuliyyətindən azad etməyə dair müddəa təsbit olunmuşdur.

Belə ki, yeni Qanunla Cinayət Məcəlləsinin 73.1-ci maddəsində müvafiq dəyişiklik edilərək «İlk dəfə böyük» sözləri «Böyük» sözü ilə əvəz olunmuş və bununla da, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad olunma institutunun tətbiqi imkanları genişləndirilmişdir.

Habelə, Cinayət Məcəlləsinə daxil edilmiş 73.2-ci maddəyə əsasən, bu Məcəllənin 12 maddəsində, yəni 127.1 (Qəsdən sağlamlığa az ağır zərər vurma), 128 (Qəsdən sağlamlığa yüngül zərər vurma), 129 (Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma), 130 (Zəruri müdafiə həddini aşmaqla və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır zərər vurma), 131.2 (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 133.1 (Əzab vermə), 134 (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 142.1 (Xəstəyə kömək göstərməmə), 143 (Təhlükədə qoyma), 156.1 (Şəxsi həyatın toxunulmazlığını pozma), 157.1 (Mənzil toxunulmazlığını pozma) və 158.1-ci (Hüquqi şəxslərin binalarının və ya otaqlarının toxunulmazlığını pozma) maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

Eləcə də, Cinayət Məcəlləsinə əlavə olunmuş 73-1-ci maddədə nəzərdə tutulmuşdur ki, mülkiyyət əleyhinə yönəlmiş ictimai təhlükəliliyi maddi ziyanın vurulması ilə əlaqədar olan Azərbaycan Respublikası CM-nin 6 maddəsində- 178.1 (Dələduzluq), 179.1 (Mənimsəmə və ya israf etmə), 186.1 (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 187.1 (Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə), 187.2 (Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 189-1.1 (Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması) və 189-1.2-ci (Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, 4 maddədə (178.2, 179.2, 186.2.1 və 189-1.2-1-ci maddələr) nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir, 4 maddədə (178.3, 178.4, 179.3 və 179.4-cü maddələr) nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs isə cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.

Həmçinin, iqtisadi fəaliyyət sahəsində baş vermiş ictimai təhlükəliliyi maddi ziyanın vurulması ilə əlaqədar olan Azərbaycan Respublikası CM-nin 3 maddəsində - 209.1 (Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma), 209.2.2 (Gömrük ödənişlərinin ödənilməsindən yayınma külli miqdarda törədildikdə) və 213-cü (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələrində nəzərdə tutulmuş əməli (əmlləri) törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir, 18 maddədə - 192 (Qanunsuz sahibkarlıq), 192-1 (Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi), 193 (Yalançı sahibkarlıq), 195 (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 195-1 (Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozma), 196 (Kreditor borclarını ödəməkdən qəsdən yayınma), 197 (Əmtəə nişanlarından qanunsuz istifadə etmə), 198 (Bilə-bilə yalan reklam etmə), 202-2 (İnsayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə), 203 (Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma), 203-1.1 (Qiymətli kağızlar bazarında manipulyasiyalar), 205-2 (Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı), 209.2.1 (Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma təkrarən törədildikdə), 209.3 (Gömrük ödənişlərinin ödənilməsindən xüsusilə külli miqdarda yayınma), 210 (Müflisləşmə zamanı qanunsuz hərəkətlər), 211 (Qəsdən müflisləşmə), 212 (Saxta müflisləşmə) və 213-2-ci (Qiymətli metalları və qiymətli daşları dövlətə satmaqdan yayınma) maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxs, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.

Cinayət Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, bu Məcəllənin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda və dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergiləri və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

Eləcə də, Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin «Qeyd» hissəsinə əlavə olunmuş 2-ci bənddə nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.

Cinayət Məcəlləsinin 306-cı maddəsinə əlavə olunmuş «Qeyd» hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir.

Cinayət qanunvericiliyinə edilmiş həmin dəyişikliklər cinayətin zərərli nəticələrinin aradan qaldırılması, zərərçəkmiş şəzsə vrulmuş ziyanın ödənilməsinin təmin olunması, cinayət törətmiş şəxslərin islah olunması və gələcəkdə yeni cinayətlər törətmələrinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, Cinayət Məcəlləsinin 74.1-ci maddəsindən «ilk dəfə» sözləri çıxarılmaqla, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükəli olmayan və ya az ağır cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad olunmasının əsasları və imkanı daha da artırılmışdır.

Yeni Qanunla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş şəxslərin cinayət məsuliyyəti ilə bağlı humanistləşdirmə istiqamətində bir sıra yeniliklər müəyyən olunmuşdur.

İlk növbədə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir.

Habelə, Cinayət Məcəlləsinə əlavə edilmiş 74-1.1-ci maddəyə əsasən, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar staisonar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir.

Qanunvericilikdə təsbit olunmuş həmin müddəalar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş şəxslərin şəxsiyyəti və işin digər halları nəzərə alınmaqla onların barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın tətbiqinə, bu şəxslərin yenidən təbiyə və islah olunması, müalicə edliməklə sağlam həyata qaytarılması və cəmiyyətə inteqrasiyası üçün geniş imkanlar yaradır.

Göstərilənlərlə yanaşı, yeni Qanunla Cinayət Məcəlləsinin 59.1.9 və 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən hallar yeni redaksiyada verilmiş (59.1.9 - cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi; 59.1.10 - şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi;), habelə Məcəlləyə 59.1.11-59.1.14-cü maddələr daxil edilərək, cəzanı yüngülləşdirən halların siyahısı (59.1.11 - cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; 59.1.12 - zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13-cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; 59.1.14 - cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi) genişləndirilmişdir.

Yeni Qanunun keçid müddəalarına əsasən, cinayət hesab olunmayan əməllərə görə qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. Onlarla yanaşı, həm də yeni Qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər. Bu qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkib qurtarmamış şəxslərin məhkum edildiyi cinayətə görə daha yüngül sanksiya tətbiq edilməsi nəzərdə tutulubsa, həmin şəxslərin cəza müddətləri ona müvafiq azaldılır. Cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır.

Yeni Qanunla Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzaların siyahısına azadlığın məhdudlaşdırılması cəza növünün əlavə edilməsi və çoxsaylı cinayətlərə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təcrübədə geniş tətbiqi, xeyli cinayətlərə görə əvvəllər təyin olunmuş cəzadan məhkumların azad edilməsi və azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması, Qanunun qüvvəyə minməsindən sonra törədilmiş cinayətlərə görə azadlıqdan məhrum etmənin aşağı hədlərdə təyin edilməsi, habelə zərər çəkmiş şəxslə barışmağa və vurulmuş ziyanın ödənilməsinə görə cinayət məsuliyyətindən azad etmə institutunun daha da geniş tətbiq olunması azadlıqdan məhrum etmə cəzasının tətbiqinin və onun hədlərinin əhəmiyyətli dərəcədə azaldılmasına və Respublika Prezideninin Sərəncamı ilə qarşıya qoyulmuş vəzifələrin səmərəli yerinə yetirilməsinə əlverişli şərait yaradacaqdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər