1 Yanvar 2018 14:58
1 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Başa vurduğumuz 2017-ci il də Azərbaycan üçün uğurlu oldu. Ötən il qarşıya qoyulan bir çox məqsədlərə nail olundu. 2017-ci ildə də Azərbaycanda bir sıra müxtəlif irimiqyaslı tədbirlər, o cümlədən IV İslam Həmrəyliyi Oyunları keçirildi. Daxili və xarici siyasətdə bir sıra nailiyyətlər əldə olundu. Ölkə iqtisadiyyatında mühüm islahatlar aparıldı. Həmçinin Azərbaycanın təşəbbüskarı olduğu "Cənub Qaz Dəhlizi"nin tərkib hissələri olan TANAP və TAP qaz boru kəmərlərinin inşası layihəsi uğurla davam etdirildi.

2017-Cİ İLİN UĞURLARI:

Yanvarın 1-dən Azərbaycanda ilk dəfə icbari tibbi sığorta tətbiq olundu. İcbari tibbi sığortanın tətbiqinə əvvəlcə pilot ərazilərdə - Mingəçevir şəhəri və Yevlax rayonunda başlanıldı. Layihə çərçivəsində 1829 sayda tibbi xidmətə təminat verilir ki, bunlardan 480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir. Həmçinin 459 laborator müayinənin və 166 həyati vacib xidmətin göstərilməsi nəzərdə tutulur.

Yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi ili" elan etdi.

Dövlətimizin başçısı iclasda çıxışı zamanı İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası olduğunu da qeyd etdi:

"Biz bu Oyunları keçirməklə bir daha öz gücümüzü, imkanlarımızı göstərəcəyik, öz dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik və çalışacağıq ki, İslam aləmini birləşdirək. Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir".

Yanvarın 24-də Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı.

2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün oldu.

Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrıldı.

İyunun 14-də isə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasının birinci mərhələsi başa çatdı. Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı qəsəbəsində görülən işlərlə tanış oldu.

Fevral 21-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edildi.

Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında çıxışında ölkəmizin və xalqımızın maraqlarını hər bir şeydən üstün tutacağını, Azərbaycana layiqli xidmət etməyə çalışacağını bildirdi.

Martın 3-də Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara start verildi. Bu, Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu, Aİ-nin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bir daha sübut edir.

Mayın 12-dən 22-dək Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etdi. Bakı-2017-yə İslam Oyunları tarixində rekord sayda – 54 ölkəni təmsil edən 3000-dən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə qatıldı. İslamiadanı 50-dən çox ölkədə 1 milyarddan artıq tamaşaçı izlədi.

Bu Oyunlarda ilk dəfə atletlər idmanın 24 növü üzrə yarışlarda 269 dəst medal uğrunda mübarizə apardılar. Milli komandamız 75 qızıl, 50 gümüş və 37 bürünc medalla (162 medal) IV İslamiadanın qalibi oldu. Türkiyə 195 medalla 2-ci, İran isə 98 medalla üçüncü oldu.

Mayın 26-da Azərbaycanın xarici ölkədə ilk ticarət evi Minskdə açıldı. Ticarət Evində Azərbaycan istehsallı şərab və konyak, meyvə şirələri, mineral sular, tərəvəz, mürəbbələr, turşular, konservlər, bitki yağları, çay, həmçinin xalça, ipək malları, elektrik avadanlıqları, plastik məmulatlar və s. nümayiş olunur. “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi məqsədilə belə ticarət evlərinin Rusiya, Ukrayna, Gürcüstan və Latviyada da açılması gözlənilir.

Sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. Bununla da “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi, başqa sözlə, “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadıldı.

Ümumiyyətlə, “Əsrin müqaviləsi” çərçivəsində ötən 23 il ərzində “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilib. “Azəri-Çıraq-Günəşli”də hələ təqribən 500 milyon ton neft ehtiyatı var.

Dövlətimizin başçısı mərasimdə çıxışında bildirdi: “Kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm: kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var”.

Oktyabrın 30-da Asiya və Avropa arasında yükdaşımalar üçün ən qısa və etibarlı yol olan Bakı-Tbilisi-Qars dəmir yolu istismara verildi.

Ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 km-i Gürcüstandan, 79 km-i isə Türkiyə ərazisindən keçir.

Proqnozlara görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk illərdə 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacaq. Bu dəmir yolu ilə bir günə Qarsa, iki gün yarıma isə İstanbula getmək mümkündür.

Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Belə ki, bu dəmir yolu xətti ilə Çindən birbaşa Londona yüklərin daşınması təmin edilir.

Noyabrın 8-də Azərbaycanda 2 milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirildi.

Bu həcmin təqribən 700 milyon tonu müstəqillik dövründə, həmçinin 460 milyon tonu konsorsium tərəfindən hasil edilib.

Azərbaycan neftinin milyardıncı tonu 1971-ci il martın 28-də çıxarılmışdı. Neftin ilk milyard tonunun hasilatı təxminən 100 ilə başa gəlmişdi. İkinci milyard tonu çıxarmağa isə bundan iki dəfə az - 46 il vaxt sərf olundu.

Azərbaycanın iqtisadi uğurları dünya miqyasında da tanındı. Belə ki, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşdı. "Dünya Bankı" tərəfindən hazırlanan "Doing Business 2018" hesabatında isə Azərbaycan 8 pillə yüksələrək 190 ölkə arasında 65-ci pillədən 57-ci mövqeyə qalxdı. Azərbaycan, həmçinin Avropa və Mərkəzi Asiya regionunda ən islahatçı üç ölkədən biri hesab olundu.

Noyabrın 24-də Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammitində üzv ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən Bəyannamənin qəbul edilməsi Azərbaycan xarici siyasətinin mühüm uğuru oldu. Bunun məntiqi davamı kimi dekabrın 13-də Avropa Parlamenti "Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik haqqında qətnaməsi"ni qəbul etdi. Bu sənəd Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləməyə dair öhdəliklərinə sadiq olduğunu ilk dəfə təsdiqlədi.

Prezident İlham Əliyev haqlı olaraq Şərq Tərəfdaşlığı Zirvə görüşündə yekun Bəyannamənin qəbul edilməsini Azərbaycanın böyük diplomatik nailiyyəti adlandırdı.

2017-ci il Azərbaycan idmanı üçün də uğurlu oldu. Belə ki, “Qarabağ” futbol klubu Azərbaycan tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı.

Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”, “Roma” və “Atletiko Madrid” klubları ilə eyni qrupda yer alan Ağdam təmsilçisi yarışı iki xalla başa vurdu.

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçildi. Bununla da idman tariximizdə ilk dəfə olaraq Azərbaycan nümayəndəsi Avropa idman federasiyasının rəhbəri oldu.

F.Qayıbov Avropa Gimnastika İttifaqının dekabrın 2-də Xorvatiyanın Split şəhərində 27-ci konqresi çərçivəsində keçirilmiş prezident seçkilərində səslərin əksəriyyətini qazanaraq qalib gəldi.

Beləliklə, Azərbaycanın 2017-ci ildə əldə etdiyi nailiyyətlər 2018-ci ilin ölkəmiz üçün daha da uğurlu olacağını deməyə əsas verir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər