Tufandağda axtarışlara başlandığı ilk gündən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əraziyə cəlb edilmiş dağçılıq sahəsində təcrübəsi olan işçiləri Fövqəladə Hallar Nazirliyinin (FHN) tabeçiliyindədir. Hamı birlikdə axtarışlardan nəticə əldə etmək üçün çalışır.
Bunu "Report"a ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru, hazırda axtarış yerində olan Hikmət Əlizadə sosial şəbəkələr və bəzi mətbuat orqanlarında itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı yayılmış əsassız iddialar və axtarış tədbirlərinə dair xəbərlərə fikir bildirərkən deyib.
“Bu gün ETSN-in Tufandağ ərazisində yerləşən Kompleks Hidrometeoroloji Ekoloji Tədqiqat Elm Mərkəzində FHN-in Şimal Regional Mərkəzində yaradılmış qərargahın rəhbəri Şahin Mirzəyevin rəhbərliyi ilə yığıncaq keçirilib. Burada ETSN-in dağlara bələd olan, təcrübəli nümayəndələri də iştirak edib, axtarış tədbirləri ilə bağlı atılacaq növbəti addımlar və planlar müzakirə olunub. Həmçinin son günlər mətbuatda qərargah rəhbəri Şahin Mirzəyevin adından ETSN-in axtarış işləri ilə bağlı ittiham olunması barədə fikirlərə də münasibət bildirilib və Ş.Mirzəyev mətbuatda yazılanları qətiyyətlə təkzib edərək belə bir açıqlama vermədiyini israrla qeyd edib. Bildirirəm ki, axtarışlar başlandığı ilk gündən ETSN-in axtarışlara cəlb olunmuş dağçılıq sahəsində təcrübəsi olan işçiləri FHN-in tabeçiliyindədir. Biz hamımız birlikdə axtarışlardan nəticə əldə etmək üçün çalışırıq", - deyə o bildirib.
Hikmət Əlizadə alpinistlərin yürüşü zamanı hava şəraitinin əlverişsiz olması ilə əlaqədar yayılan əsassız məlumatlar barədə bunları bildirib:
“Gilavar” ekstrim və idman klubundan ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə müraciət olunub. Klubun təcrübəli dağçılardan və dağçılıq məktəbinin məzunlarından ibarət 3 nəfərlik qrupuna 23-25 dekabr 2017-ci il tarixlərində Şahdağ Milli Parkı ərazisində yerləşən Tufandağ zirvəsinə qalxmasına icazə verilməsi xahiş edilib. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada fərdi anket vərəqələri doldurulub, iltizamnamələr şəxsən qrup üzvləri tərəfindən imzalanıb. “Gilavar” ekstrim və idman klubunun ekstremal idman növləri sahəsində kifayət qədər təcrübəsi nəzərə alınaraq onların müraciətinə müsbət yanaşılıb. Ərazinin sərhəd zonasında yerləşməsi səbəbindən klub tərəfindən DSX-ya müraciət olunub və sərhəd xidmətinin icazəsi əsasında onlar əraziyə buraxılıb”.
O bildirib ki, həmin tarixlərdə kəskin hava şəraiti ilə bağlı heç bir xəbərdarlıq proqnozlaşdırılmadığından, yəni qış mövsümünə xas, normal hava şəraiti gözlənildiyindən alpinistlərə əvvəlcədən bəyan etdikləri klassik (sadə) marşrut üzrə hərəkət etmələrinə icazə verilib.
“Hidrometeoroloji Proqnozlar Bürosundan verilən rəsmi hava məlumatı da bunu təsdiq edir: Tufandağ ərazisində 23 dekabr tarixində 9-11 dərəcə şaxta, 2-4 metr saniyə şimal qərb küləyi, 24 dekabrda 9-11 dərəcə şaxta, 2-5 metr saniyə şimal qərb küləyi, 25 dekabr tarixində 10-13 dərəcə şaxta, 3-7 metr saniyə şimal-qərb küləyi əsib. Bu da qış mövsümü üçün bu ərazilərə xarakterik sayıla bilər”, - deyə o əlavə edib.