4 Yanvar 2018 14:46
6 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universiteti II uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru, əməkdar elm xadimi Surxay Musayevin son zamanlarda həm böyüklər, həm də uşaqlar arasında daha çox rast gəlinən revmatik xəstəliklərlə bağlı müsahibəsi:

- Professor, revmatik xəstəliklər son illərin təsnifatında geniş yayılmış xəstəliklər sırasına daxil edilib. Bu haqda nə deyə bilərsiniz?

- Revmatik xəstəliklər təbabətə məlum olan ən qədim patologiyalardandır. “Rheuma” (revma) anlayışına ilk dəfə bizim eranın birinci əsrinə aid olan tibbi ədəbiyyatlarda rast gəlinir. Rheuma – “axma, tökülmə” mənasını verir. Çünki qədim həkimlər hesab edirdilər ki, beyində əmələ gələn “ilkin şirə” bədənin müxtəlif hissələrinə axaraq xəstəlik törədir. Hazırda revmatik xəstəliklər qrupuna 120-dən çox xəstəlik və sindromlar daxil edilib. Sizi maraqlandıran revmatizm xəstəliyi də bu qrupa daxil olan patologiyalardan biridir. Müasir təsnifatlara əsasən revmatizm termini əvəzinə «kəskin revmatik qızdırma» terminindən istifadə olunur. Bu xəstəliyə dünyanın bütün ölkələrində rast gəlinir, əsasən 7-15 yaşlarda uşaqlar daha çox xəstələnir. 30% hallarda kəskin revmatik qızdırma ailəvi xarakter daşıyır.

Kəskin revmatik qızdırmanın inkişafını şərti olaraq 3 əsas mərhələyə bölmək olar. Birinci mərhələ adətən keçirilmiş anginadan, skarlatinadan və ya kəskin nazofaringitdən sonra 2-4 həftə ərzində davam edir, simptomsuz və ya uzanmış sağalma əlamətləri ilə keçir. İkinci mərhələ xəstəliyin əsas klinik əlamətlərinin meydana çıxması ilə xarakterizə olunur. Xəstəlik kəskin, tədricən, hətta bilinmədən başlaya bilər. Əksər uşaqlarda ilkin əlamətlər kimi qızdırma, halsızlıq və oynaq ağrıları meydana çıxır. Müayinə zamanı ürək tərəfindən dəyişikliklər, leykositoz, eritrositlərin çökmə sürətinin artması, anemiya aşkar edilir. Bəzən isə kəskin revmatik qızdırma xoreya əlamətləri ilə başlayır. Ayrı-ayrı simptomların büruzə verməsi xəstəliyin gedişindən, ağırlıq dərəcəsindən asılı olaraq müxtəlif forma və kombinasiyalarda ola bilər. Üçüncü mərhələ - qayıdan kəskin revmatik qızdırmanın müxtəlif əlamətləri - ürək qüsurunun proqressivləşməsi və hemodinamik pozğunluqların inkişafı ilə xarakterizə olunur.

- Kəskin revmatik qızdırma haqqında danışdınız. Bu zaman valideynlər daha çox hansı əlamətlərə diqqət etməlidir?

- Qeyd etdiyim kimi, kəskin revmatik qızdırma zamanı valideynlərin və həkimlərin diqqətini ilk cəlb edən klinik əlamətlərindən biri oynaqların zədələnməsidir. Bu, bir qayda olaraq iri oynaqların simmetrik, uçuğu xarakterli zədələnməsi ilə xarakterizə olunur. Oynaqlarda dözülməz ağrılar, şişkinlik, dəri örtüyünün qızartısı, az nəzərə çarpan defiqurasiyası diqqəti cəlb edir. Bəzən oynaqların belə klassik zədələnməsi deyil, bir neçə gündən 3-4 həftəyə qədər davam edən oynaq ağrıları müşahidə olunur.

Xəstəliyin əvvəlində çox da büruzə verməyən, lakin həyati baxımdan ən təhlükəli əlamət ürəyin zədələnməsidir. Patoloji proses bir qayda olaraq ürəyin bütün təbəqələrini əhatə edir. İlkin olaraq miokardit, onun fonunda isə endokardit və perikardit inkişaf edir. Miokard, perikard və endokard prosesə ardıcıl olaraq qoşulur və müxtəlif variantlarda rast gəlirlər. Əsas obyektiv simptomları taxikardiya (ürək döyüntüsü), küylər, ürəyin böyüməsi, ürək çatışmazlığı, atrioventrikulyar keçiriciliyin ləngiməsi, perikardit əlamətləridir. Uşaqlarda demək olar ki, 100% hallarda miokardit, 50-55% hallarda endokardit inkişaf edir. Uşaqların ümumi vəziyyəti ağır olur, avazıma, təngnəfəslik, sianoz, zəif nəbz, arterial təzyiqin aşağı enməsi, ritm pozğunluqları qeyd olunur. Təxminən 10% hallarda aortal qapaqlar zədələnir, aşağı tembrli diastolik küy eşidilir, bəzən diastolik təzyiq aşağı enir.

40%-ə qədər hallarda ekssudativ perikardit inkişaf edə bilər. Bu zaman uşağın vəziyyəti hədsiz dərəcədə ağırlaşır, sifəti şişir, boyun venaları qabarır, təngnəfəslik, məcburi yarımoturaq vəziyyəti müşahidə olunur.

Sinir sisteminin zədələnmələri uşaqlarda adətən kiçik xoreya şəklində təzahür edir. Tədricən uşağın psixikası dəyişilir, eqoistlik, emosional dəyişikənlik, yorulma, aqressivlik meydana çıxır. Bir-iki həftədən sonra xoreyanın əsas əlamətləri - müxtəlif əzələ qruplarının qeyri-iradi yığılmaları (hiperkinezlər), əzələlərin hipotoniyası, zəifliyi, hərəkətlərin koordinasiyasının pozulması inkişaf edir. Mimiki əzələlərin qeyri-iradi yığılması, nitq pozğunluğu, xəttin dəyişilməsi baş verir. Xəstələr yemək zamanı əşyaları əlində saxlaya bilmir, narahat hərəkətlər edir. Ağır hallarda, hətta uşağın oturub durması, gəzməsi çətinləşir, udma aktı, digər fizioloji aktlar pozulur. Xoreik hiperkinezlər uşaqlar həyacanlananda, fiziki yük zamanı artır, yuxuda itir. Bəzən valideynlər uşağın bu hərəkətini şıltaqlıq kimi qəbul edərək onlara irad tutur, qışqırır və s. Bu isə prosesə mənfi təsir göstərir və onu daha da dərinləşdirir. Belə hallarda təcili revmatoloqa müraciət etmək lazımdır.

- Xəstəliyə vaxtında və düzgün diaqnoz qoyulmadıqda hansı fəsadlara gətirib çıxarır?

- Vaxtında diaqnoz qoyulmadıqda, müalicə-profilaktika tədbirləri gecikdikdə, yaxud səriştəsiz aparıldıqda kəskin revmatik qızdırmanın təkrar hücumları - təkrari revmatik qızdırma baş verir. Təkrar hücum əsasən burun-udlaq infeksiyasından və ya paraallerqik təsirlərdən (soyuqlama, fiziki gərginlik) sonra müşahidə olunur. Xəstələrin əksəriyyətində xəstəliyin təkrar hücumu kəskin başlayır, öz fəallığı və gediş xüsusiyyətilə əvvəlkini təkrar edir. İkinci hücum zamanı 95%, sonrakı hücumlar zamanı isə 100% hallarda ürək zədələnir. Bir neçə hücumdan sonra ürəyin xroniki revmatik xəstəliyi inkişaf edir və əksər hallarda qazanılmış ürək qüsuru formalaşmış olur.

- Bəs, bu xəstəliyin tam müalicəsi mümkündürmü?

- Xəstəliyin tam müalicə olunmasına gəlincə onu deyim ki, kəskin revmatik qızdırma zamanı birləşdirici toxumada patoloji proses 4 ardıcıl fazadan ibarət olur. Bu prosesin yalnız birinci - mukoid şişmə fazası geri qayıdandır. Odur ki, mümkün qədər kəskin revmatik qızdırma diaqnoz erkən qoyulmalı, vaxtında düzgün müalicə başlanılmalı və profilaktik tədbirlər həyata keçirilməlidir.

- Professor, sonda valideynlərə hansı tövsiyəni verərdiniz.

- Bu məsələdə həm valideynlərin, həm də həkimlərin xəstəliyə münasibəti ciddi rol oynayır. Bəzi valideynlər uşaqlarının yuxarıda sadaladığım şikayətlərinə ciddi fikir vermirlər. Bəziləri bu şikayətləri keçid dövrü ilə əlaqələndirir, digərləri isə özbaşına müalicə etməyə çalışırlar.

Belə hallarda bizi həm hiperdiaqnostika, həm də hipodiaqnostika problemləri narahat edir. Belə ki, bəzən uşağın normal inkişafının müəyyən mərhələlərində sümüklərlə əzələlər, eləcə də ürəklə magistral damarlar arasında müvəqqəti disbalans yaranır və bu zaman ətraflarda ağrılar, ürəkdə müxtəlif xarakterli küylər eşidilə bilər. Bu, müvəqqəti haldır və revmatizmlə heç bir əlaqəsi yoxdur. Yəni, hər oynaq-əzələ ağrısı revmatizm, hər eşidilən küy ürək qüsuru əlaməti deyildir. Digər tərəfdən bəzi hallarda revmatizmin valideynlər və həkimlər tərəfindən ciddi qəbul edilməməsi ağır fəsadlara da gətirib çıxarır.

Biz sözlə, revmatoloji xəstəlikləri revmatoloqlar müalicə etməlidir. Bəzən klinikaya qədər uşaqların müxtəlif ixtisaslı həkimlər tərəfindən müalicə olunduğunun və bunun ağır nəticələrinin şahidi oluruq.

Teelqraf.com


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər