Ötən il səhiyyə sahəsində xüsusi bir hadisə baş verməyib.
Bunu professor Adil Qeybulla Teleqraf.com-a səhiyyə sahisində ötən ilin yekunlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, 2017-ci ildə səhiyyə sistemində köklü dəyişiklik müşahidə edilməyib:
“Rəsmi statistikaya görə, ana və uşaq ölümü, onkoloji xəstəliklərlə bağlı statistikada müəyyən narahatlıqlar var. Ümumdünya Səhiyyə Təşkilatı bu il Azərbaycanda onkoloji xəstəliklərin sayının artacağı barədə açıqlama verib. Xəstəliklərin sayının artması qorxulu və narahatedicidir. Doğuş zamanı ana ölümünün baş verməsi Azərbaycan səhiyyəsinin ağrılı yeridir. Bütün bu problemlərin köklü səbəbini axtarmaq və həlli istiqamətində işlər görmək lazımdır. Qərb təbabətinin protokolları əsasında xəstəliklər barədə monitorinqlər keçirilməlidir”.
Adil Qeybulla bildirib ki, Azərbaycan səhiyyəsində müəyyən irəliləyişlər icbari tibbi sığortanın tətbiqi ilə bağlı olub:
“Hələlik əhalinin hamısı bu sığorta ilə təmin olunmasa da, müəyyən irəliləyişlər var. Bu qanun 17 ildir qəbul olunub, amma indiyə kimi hələ tam olaraq həyata keçməyib. Əhali üçün vacib xidmətdir və bu, tam tətbiq edilməldir. Fikrimcə, 2018-ci ildə icbari tibbi sığortanın tətbiqinə çalışılacaq. Doğuş və Təcili Təxirəsalınmaz Tibbi Yardımın da paketə salınması müsbət hal olardı. Çünki əhali vacib məqamlarda əlavə yükdən azad edilərdi. Bundan əlavə, bu il hökümət səhiyyə sahəsində müəyyən struktur dəyişiklikləri aparacaq və bunlar qanunlarda öz əksini tapa bilər”.