Avtomobilinizi vurub və ya əziblərsə, sizin də bundan xəbəriniz olmayıbsa, xəbər tutan kimi dərhal polisə müraciət etmək lazımdır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquqşünas Ərşad Hüseynov təhlükəsizlik kamerasının və şahidlərin olmadığı yerlərdə avtomobili vurulan şəxsin nə etməli olduğu sualına cavabda deyib.
Ekspertin sözlərinə görə, bu, artıq yol-nəqliyyat hadisəsi sayılır:
“Polis həmin yerə gəlib, hadisəni qeydə almalıdır. Qəzanın nə vaxt, harada baş verdiyini öyrənməlidir. Maşını vuran şəxs bəlli deyilsə, rəsmən axtarış elan olunur. Avtomobili vuran digər avtomobildə də zədə qaldığına görə onu da aşkar etmək mümkündür.
Bir daha qeyd edirəm ki, bu cür olayla qarşılaşmış vətəndaşın əsas vəzifəsi dərhal polisi xəbərdar etməkdir. İsti izlərlə axtarış daha tez nəticə verir”.