Düşünürəm ki, ölkədə təhsilin informasiyalaşması sahəsində problemlər xeyli ciddiləşib və təəssüf ki, ötən hər gün bu sahədə problemlər yığılmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib.
Onun sözlərinə görə, İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) daim yenilənmə tələb edir: “Dünən klassik informatika vardısa, bu gün artıq süni intellekt, robototexnika, Blokçeyn, BigData, Əşyalarım interneti kimi trendlər üstünlük təşkil edir.
Təəssüf ki, ölkənin təhsil sistemidə əvvəlki iki dövlət proqramı çərçivəsində görülən az-çox işlər kompleks formada davam etdirilmədi. Təbii ki, bu, həm də vəsait çatışmazlığı ilə bağlıdır. 2012-ci ildən sonra Təhsildə İKT-nin tətbiqi ilə bağlı gözlənilən Dövlət Proqramının qəbul edilməməsi bu sahədə vəziyyəti xeyli pisləşdirib. Məktəblərə verilən kompüterlər köhnəlib və İT servis də dayandırılıb.
Son zamanlarda Çin hökumətinin xətti ilə verilən müəyyən sayda noutbuklar isə düşünmürəm ki, bütövlükdə informasiyalaşma ilə bağlı vəziyyəti ciddi surətdə dəyişdirsin”.
Osman Gündüz əlavə edib ki, Elektron Məktəb proqramı da dayandırılıb: “Təhsilin Elektron idarəetməsi ilə bağlı Rumıniya hökumətindən alınan proqram təminatı da yenilənmədiyindən istifadəyə yarasız hala düşüb və yenisi də yoxdur. Dünya Bankının dəstəyi ilə yaradılan informasiya sistemi də artıq məktəblərdə istifadə edilmir. Ali təhsil sistemində Təhsil Nazirliyinin dəstəyi ilə NEURON tərəfindən bu tip sistemlərin hazırlanmasına start verilsə də, məktəblərdə bu sahədə ciddi problemlər qalmaqdadır. Ən ciddi problemlərdən biri məktəblərin genişzolaqlı internetlə təminatıdır. Bürokratik əngəllər və vəsait çatışmazlığı ucbatından heç 50 faiz məktəbdə genişzolaqlı internet yoxdur. 5000 məktəbdən cəmi 200-300 məktəbdə normal fiberoptik interntin olması Təhsil Nazirliyi ilə bərabər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyni də ciddi düşündürməlidir. Qonşu ölkələrin məktəblərində “robototexnika” sinilfəri və fakultativləri açıldığı bir zamanda məktəblərdə elementar rəqəmsal avadanlıqların və normal internetə əlçatımlığın problemli olması, kompüter elmləri ixtisaslarını seçən abituriyentlərin informatikadan deyil, kimyadan imtahan verməsinin uzun illər davam etməsi gələcəkdə daha ciddi problemlərin yaranmasına gətirib çıxara bilər”.
Form rəhbəri qeyd edib ki, yetərincə münbit şərait, geniş biznes imkanları, zəruri hüquqi baza olmasına baxmayaraq indiyədək distant təhsil sisteminin işə salınmaması da arzuolunan hal deyil: “Fikrimcə, Təhsil Nazirliyi ölkədə təhsilin informasiyalaşması ilə bağlı maraqlı tərəflərin iştirakı ilə ciddi müzakirələr aparmalı, indiyəcən bu sahədə əldə olunan uğurların davam etdirilməsi, problemlərin aradan qaldırılması və uzun müddətdən bəri problemə şevrilən Dövlət Proqramının qəbul edilməsi istiqamətində səyləri gücləndirməlidir”.