Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov siqaret çəkilməsi ilə bağlı cərimələrin tətbiq edilməməsi və qadağan edilmiş yerlərdə hələ də bu halların davam etməsi ilə bağlı son günlər mətbuatda və sosial şəbəkələrdə gedən müzakirələrə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, deputat əvvəlcə qapalı yerlərdə siqaret çəkilməsi ilə bağlı hüquqi məsuliyyət – inzibati cərimələrin nədən ibarət olduğuna aydınlıq gətirib:
“İnzibati Xətalar Məcəlləsinin (İXM) 212.2-ci maddəsinə əsasən müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Nəzərə alınmalıdır ki, elə bu qanuna əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də bu mənada vəzifəli şəxs hesab olunurlar və barələrində dörd yüz manat cərimə tətbiq edilə bilər. Həmçinin, qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə 30 manat cərimə müəyyən edilib.
Müzakirələrə yol açan və çaşqınlıq yaradan incə hüquqi məqam odur ki, bu cərimələr “Tütün və tütün məmulatı haqqında” qanuna istinad edərək bu cərimələri tətbiq etməni müəyyən edir. Yeni qəbul edilmiş və bu qadağaları ətraflı müəyyən edən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun isə mövcud İXM-nin istinad etdiyi qanunda müvafiq maddələri (qadağan edilmiş yerləri) ləğv edir və bununla da müəyyən hüquqi boşluq yaradır. Belə ki, İXM-də istinad olunan qanunun hansı yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasını tənzimləyən maddəsinin hüquqi qüvvəsi artıq yoxdur. Mövcud vəziyyət hazırda yalnız İXM-yə əsasən qadağan edilmiş yerlərdə siqaret çəkilməsinə görə şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etmir. Həmçinin, İXM-nin 212-ci maddəsi, sadəcə siqaret çəkməklə ilə bağlı məsələni tənzimləyir, ancaq digər tütün məmulatları barədə hər hansı norma nəzərdə tutmur (məsələn, qəlyan).
Digər hallarda isə müəssisələr, idarə və təşkilatlar barəsində (ancaq siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə) isə məsuliyyət tədbirləri tətbiq edilə bilər”.
V.Hüseynov daha sonra deyib:
“Təbii ki, bu, qısamüddətli bir vəziyyətdir və qanunyaratma praktikasına əsasın Milli Məclis yeni qanunun tələblərini digər qanunlara uyğunlaşdırmaq üçün yaz sessiyasında bu dəyişiklikləri nəzərdən keçirəcək və İXM-yə yeni qanuna istinad və müvafiq cərimələrin tətbiqi üçün hüquqi imkanları təmin edəcək”.