Son dövrlər Azərbaycanla bağlı tez-tez xarici mətbuat vasitələrində müxtəlif məlumatlar yayılır. Azərbaycan dövləti atdığı addımlarla, mədəniyyəti və hər bir dövlət üçün xarakterik olan problemlərin həlli ilə bağlı diqqəti cəlb edir
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə ABŞ-ın məşhur "USA Today" informasiya agentliyinin yaydığı məqalədə 2018-ci ildə 193 səyahət edilməli ölkələr sırasında Azərbaycanın paytaxtı Bakının ilk yeri tutmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, 193 ölkə içərisində ilk yerləri tutması Azərbaycanın dünya üçün maraqlı olduğunu göstərir: “Şübhəsiz ki, burada söhbət yalnız səyahətdən getmir. Həmin səyahətçilər sosial şəbəkədə öz bloqlarını aparacaq və ya hansısa xarici nüfuzlu KİV-lər üçün səyyar müxbir rolunu oynayacaq. İstənilən halda ölkəmizlə bağlı məlumatlar daha da çoxalacaq. Hesab edirəm ki, bundan sonra bu tip informasiyalara daha çox rast gələcəyik. Elə bu gün məlum oldu ki, Rusiyanın Silahlı Qüvvələrinin Baş qərargah rəisi və NATO-nun Avropadakı Silahlı Qüvvələrinin komandanı bu yaxınlarda Bakıda görüşmək barədə razılığa gəliblər. Bundan başqa qarşıdakı yarım il ərzində Azərbaycanda bir neçə mötəbər beynəlxalq idman yarışları keçiriləcək. Aprel ayında Formula 1 yarışları keçirilir. Bütün bunlar Azərbaycanın dünya üçün maraq doğurmasından irəli gəlir”.