9 Yanvar 2018 00:29
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ şəhərində XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalının əcnəbi iştirakçıları üçün Azərbaycan mədəniyyət gecəsi təşkil olunub.

Teleqraf.com-un xəbərinə görə, yanvarın 8-də Heydər Əliyev Konqres Mərkəzində keçirilən mərasimdə Azərbaycan və Ukrayna arasındakı mədəni və turizm əlaqələrinin əhəmiyyətindən danışılıb.

Ukrayna, Rusiya, Belarus və Avropa ölkələrindən gələn yüzlərlə turistə monitor vasitəsilə xalqımızın qədim tarixi, musiqi mədəniyyəti, milli mətbəxi və turizm imkanları təqdim olunub. Festival iştirakçıları Heydər Əliyev Konqres Mərkəzinin foyesində istedadlı gənclərin əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

Mədəniyyət gecəsi yerli musiqiçilərin konserti ilə davam edib. Dinləyici auditoriyasına Azərbaycan musiqiləri təqdim olunub, tar, kamança, qaval milli musiqi alətlərimizdə bir sıra ifalar səsləndirilib, tamaşaçılara Azərbaycan rəqsləri təqdim olunub. Nağaraçıların çıxışı, “Cəngi”, “İgidlər” rəqsi və “Azərbaycan” mahnısının ifası alqışlarla qarşılanıb. Sonra əcnəbi qonaqlar “Qafqaz Riverside” otelində milli mətbəximizin ləziz yeməkləri təqdim olunub. Sonda tədbir iştirakçıları Azərbaycan mədəniyyəti və turizminin dünyada tanıdılması üçün bu kimi festivalların keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Qeyd edək ki, “Gilan Hospitality Group” MMC və Ukraynanın CİTA turizm şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı yanvarın 10-da başa çatacaq.

Tədbirin proqramına uyğun olaraq yanvarın 9-da Vaxtanq Kikabidzenin və yanvarın 10-da Diana Arbeninanın iştirakı ilə “Nocnie Snayperi” qrupunun konsertləri olacaq.

Məlumat üçün bildirək ki, APA Holdinq beynəlxalq festivala informasiya dəstəyi verir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər