9 Yanvar 2018 15:18
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə, Aydın Əliyev Azərbaycan və Yaponiya gömrük xidmətləri arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən, xüsusilə Ümumdünya Gömrük Təşkilatı çərçivəsində əlaqələrdən məmnunluğunu ifadə edib, bu əlaqələrin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Dövlət Gömrük Komitəsinin sədri Azərbaycan gömrük xidmətinin Ümumdünya Gömrük Təşkilatı ilə qarşılıqlı əlaqələrindən, bu qurumun Baş katibi Kunio Mikuriyanın dəfələrlə Azərbaycana səfərindən və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərindən məmnunluqla söhbət açıb.

Aydın Əliyev Azərbaycan Dövlət Gömrük Komitəsinin Ümumdünya Gömrük Təşkilatının çox fəal üzvlərindən biri olduğunu vurğulayıb və yüksələn xətlə inkişaf edən bu əməkdaşlığın hazırki vəziyyətindən razılığını ifadə edib.

Ölkəmizdə biznes mühitinin, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, eləcə də ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Aydın Əliyev bu islahatların iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb.

Azərbaycanda yaradılan münbit investisiya mühiti ilə əlaqədar yaponiyalı iş adamlarının da ölkəmizə investisiya yatıracağına, konkret olaraq irihəcmli istehsal sahələrinin yaradılmasına töhfə verəcəklərinə əminlik ifadə olunub, eyni zamanda respublikamızda yapon şirkətlərinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, gömrük sahəsində də elm, tədris və tədqiqat fəaliyyətinə xüsusi önəm verildiyini söyləyən Aydın Əliyev Azərbaycan gömrük xidmətinin gənc kadrlarının öz təhsillərini müasir tələblər baxımından təkmilləşdirmək üçün xarici ölkələrin nüfuzlu ali məktəblərində, eləcə də Yaponiyada elmi və təcrübi biliklərini artırdıqlarını diqqətə çatdırıb.

Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori bütün sahələrdə, o cümlədən gömrük sahəsində ikitərəfli münasibətlərimizin çox yaxşı səviyyədə olduğunu məmnunluqla qeyd edib. Səfir əlaqələrimizin daha da genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə həmçinin bu il Ümumdünya Gömrük Təşkilatında keçiriləcək seçkilərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər