Tərcümə Mərkəzinin Azərbaycan Milli Elmlər Akademiyasının nəşr etdiyi “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə qüsurlar aşkarlaması məsələsinə biz qarışmırıq.
Bunu Teleqraf.com-a açıqlamasında AMEA Dilçilik İnstitutunun “Tətbiqi dilçilik” şöbəsinin müdiri, professor İsmayıl Məmmədli deyib.
Onun sözlərinə görə, AMEA Dilçilik İnstitutunun yeni lüğəti çıxacaq:
“Tərcümə Mərkəzinin AMEA-nın adıçəkilən lüğətində qüsurlar aşkarlaması məsələsinə qarışmırıq. Lüğət barədə çox müzakirələr aparılıb. Bu il “Orfoqrafiya lüğəti” kitabı çap olunacaq. Eyni zamanda 65 maddədən ibarət norma hazırlanıb. Kitab ictimaiyyətin müzakirəsinə veriləcək”.
Şöbə müdiri qeyd edib ki, “Orfoqrafiya lüğəti” kitabı may ayında çap olunacaq:
“Lüğətdə bəzi sözlərin yazılışının dəyişdirilməsi, bəzilərinin isə çıxarılması təklif edilib”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi AMEA-nın nəşr etdiyi “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə qüsurlar aşkarlayıb. İddia edilən qüsurlar “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” kitabında yer alıb.