12 Yanvar 2018 15:13
2 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan qeyri-neft məhsullarının ixracının artırılması üçün “Made in Azerbaijan” brendinin təşviqi və tanıdılmasını əsas prioritet seçib.

Bu sözləri Teleqraf.com-a iqtisadçı Vüqar Bayramov deyib.

Ekspertin sözlərinə görə, “Made in Azerbaijan” brendi məhz qeyri-neft sektoru məhsullarının xarici bazarlara Azərbaycan brendi çərçivəsində ixrac edilməsi və satılmasını nəzərdə tutur: “Düşünürəm ki, öz brendimizin təşviqi və tanıdılması, xüsusilə inkişaf etmiş ölkələrin bazarlarına çıxarılması strateji baxımdan əhəmiyyətlidir. Xüsusilə nəzərə alsaq ki, inkişaf etmiş ölkələrin bazarlarına Azərbaycanın qeyri-neft məhsulları çox az ixrac olunur.

Biz daha çox ənənəvi bazarlara, o cümlədən MDB və Rusiyaya məhsul göndəririk. O baxımdan yeni bazarlara çıxış imkanlarının genişlənməsi və qeyri-neft məhsullarının ixracı üçün Azərbaycan brendinin tanıdılmasına ehtiyac var.

Son sənəddə birbaşa Azərbaycan brendinin tanıdılması, ixrac missiyalarının yaradılması, fərqli bazarların tədqiq edilməsi, hansı bazarlarda hansı məhsulların satılması imkanlarının müəyyənləşdirilməsi baxımından önəmlidir. Birmənalı şəkildə yeni bazarların öyrənilməsinə ünvanlanan bir hədəfdir.

Ölkə başçısı son müşavirələrdə ənənəvi bazarlarla yanaşı yeni bazarlara çıxış imkanlarının artırılmasını hökumət qarşısında bir tapşırıq kimi müəyyənləşdirib. Ona görə də yeni bazarlara çıxış çox vacibdir”.

Ekspert əlavə edib ki, sahibkarlara “Made in Azerbaijan” brendinin təşviqi və tanıdılmasına mənsub olan dövlətdir: “Amma məhsulları istehsal edən və bazara çıxaran, gəlir əldə edən də sahibkardır. Brend dövlət hesabına təşviq edilir. Amma nəticədə ixraca meyilli və ixracla məşğul olan sahibkarlar məhsullarını yeni bazarlara daha asan şəkildə çıxarılmasına gətirib çıxara bilər”.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1622) bir sıra dəyişikliklər edib.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər