Tarix elmləri üzrə fəlsəfə doktoru Ələkbər Ələkbərov yazır:
Bakı kəndlərinin əksəriyyəti (Suraxanı və Balaxanı istisna olmaqla) türk kəndləridir. Bəzi kəndlərdə “tat” məhəllələri də vardır. Amma bu heç də o demək deyil ki, tatlar orada üstünlük təşkil edir və biz “tat” deyəndə mütləq irandilli xalqların nümayəndələrini nəzərdə tutmalıyıq, çünki yerli əhali hazırda da cənubdan bura gələn türklərə bəzən “tat” da deyir. Bu problem isə çox vaxt dolaşıq yaradan məsələlərdən biri olub və bəzən buna əsasən elmi ədəbiyyatda da Bakı əhalisini “iran mənşəli” kimi təqdim etməyə cəhdlər də edilib. Əlbəttə ki, bu cür fikirlərin heç bir elmi və tarixi əsası yoxdur, çünki ümumiyyətlə irandillilərin bu ərazilərə nə vaxt və haradan gəlişi hələ də müəyyən edilməyib. Hər iki halda “ari/İran” və “fars” adları türk mənşəli sözlərdir. Türklərin “altaydilli” və bu torpaqlara “gəlmə” olması haqqında müddəalar isə kökündə ideoloji yük daşıyır və çoxdan kənara qoyulmalıdır!..
Bakının ən qədim türk kəndlərindən biri də Buzovnadır. Uşaqlıq dövrüm əsasən Buzovnada və Buzovna ətrafı bağlarda keçmişdir. Bu əraziləri qarış-qarış gəzməyim məndə bu torpağa hələ kiçik yaşlarımdan böyük maraq yaratmış və məni özünə bağlamışdır. Uzun illər keçəndən sonra mən Buzovnanın yuxarı hissəsində, hazırda daha çox “Albalılıq” kimi tanınan ərazidə torpaq aldım.
Yaşadığım ərazinin aşağı hissəsində yerləşən düzənliyə, indiki hava limanına qədər uzanan sahəyə, yerli camaat hazırda da “təmənis” deyir. Kimdən bu adın nə məna daşıdığını soruşdumsa da, mənə “təmənis”in nə olduğunu dəqiq izah edən olmadı. İlk baxışdan sözün səslənməsindən güman edirdim ki, bu kənardan gətirilmə bir anlayışdır. Uzun axtarışlardan sonra, nəhayət ki “təmənis”in nə olduğunu müəyyən edə bildim. Bu problemin işqlandırması isə tariximizin çox dərin qatlarına gedir və güman edirəm ki, həmin məsələ ilə maraqlananlarda bu istəqamətdə axtarışları davam etdirməsinə həvəs oyadar. Deməliyəm ki, problemin çətinliyini nəzərə alaraq, burada tədqiqatı həm abidələrin, həm də qaynaqlar, dil elementlərinin və mifolji materialların müqayisəsi şəklində aparmışam. Buna görə də materialın təhlili bu problemlərlə tanış olmayanlar üçün müəyyən çətinliklər də yarada bilər.
Əvvəla deməliyəm ki, heç bir mənbə və arxeoloji tapıntı dil qədər arxaik materialları qoruyub saxlaya bilmir. Çox vaxt yazılı qaynaqda/lüğətdə öz təsdiqini tapmayan hansısa bir anlamı, xalq minilliklərlə öz yaddaşında qoruyub saxlayır və özündən sonrakı nəsillərə ötürə bilir. Güman edirəm ki, “təmənis” də bu qəbildən olan sözlərdəndir. Məsələn, biz türklər canavara “qurd, börü, qısqır, möjək” deyirik. Amma qurdun bizim dilimizdə başqa cür anlamı da olub və bu ad hazırda Qəbələ ətrafında yaşayan qafqazdilli sayılan udinlərin dilində “ul” formasında qorunub saxlanılmışdır ki, dilimizdə olan “ulamaq” feli də onun əsasında formalaşmış və məhz onun əsasında sonralar bizdə “ulu/piri, müdrik qoca/” (bütün seçmələr mənimdir – Ə.Ələkbərov) ifadələri yaranmışdır.
“Təmənis” sözünün açıqlamasını verməmişdən öncə biz kəndin landşaftına və Buzovna adının yaranmasına və ətraf kəndlərin yerləşməsinə nəzər salaq. Kəndin şimalında dəniz, şimal qərbində Bilgəh, Nardaran və Maştağa, cənub qərbində Zabrat və Ramana, şərqində və cənub şərqində Pir Allahı adası, Şağan və Mərdəkan, cənubunda isə Binə və Suraxanı kəndləri yerləşir. Təmənis məhz Suraxanı istiqamətində yerləşən düzənliyi əhatə edir.
Kəndin quruluşu dəniz sahilində yerləşən amfiteatrı xatırladır və kəndin aşağı hissəsində, sahilə bir az qalmış ərazidə xalq arasında “Əli ayağı”, yaxud da “Qədəmgah” kimi tanınan pir yerləşir. Diqqətə layiqdir ki, Buzovnada olduğu kimi, Bakının da quruluşu amfiteatrı xatırladır və onun da sahil hissəsində Qız qalası (pir/ocaq) yerləşir!
Kənd özü hazırda bir neçə məhəllədən ibarətdir, məsələn, Nəzrani, Çöl paşası, Naxır bulağı və sair. Deyildiyi kimi, bu problemin açılışında mənə bəzi mifoloji faktların müqayisəsi yardım edir. Həmin faktların müqayisəsi eyni zamanda bu kəndlərin adlarının mənşəyini müəyyən etməkdə də yardımçıdır.
Buzovnada olduğu kimi, Suraxanı kəndində də Atəşqah yerləşir. Ümumiyyətlə, qeyd edim ki, Bakı ətrafında olan pirlərin semantik cəhətdən bir-birilə sıx bağlılığı var və bəzən birinin mənasını anlamaq üçün digərinin simvollarına müraciət etməli olursan ki, bu da bizi hardasa mövzudan uzaqlaşdırır. Atəşqahı hazırda hindli məbədi kimi təqdim edirlər və son zamanlar bu məsələ daha da intensivləşib. Hesab olunur ki, ilk atəşpərəst hindlilər bura ticarət məqsədi ilə XV-XVII əsrlərdə gəlmiş və buranı ziyarət etmişlər. XVII əsr alman səyyahı E.Kempferin yazdığına görə, artıq bu vaxt hindlilər bu torpaqlarda məskən salmağa başlamışlar. Bunlar daha çox Hindistanın Multan şəhərindən olduğu üçün, yerli əhali onlara “multani” sonra isə “moltani” demişlər ki, bu da xalq arasında daha çox “kafir” mənasını verirdi. Maraqlıdır, Köhnə Suraxanı Bakının yeganə kəndidir ki, orada məscid yoxdur.
Amma həmin yeri sonralar bura köç edən hindlilərə bağlamaq da düzgün olmazdı, çünki hindlilərin bura gəlib bizim torpaqlarda özlərinə məbəd düzəltmələri də təsadüfi ola bilməz. Şübhəsiz ki, həmin yerdə vaxtı ilə bir “pir” olub və orda yanan od/alov o qədər güclü olub ki, onu söndürüb müsəlman dövrünə uyğun olaraq islamlaşdırıb, yerində yeni müsəlman piri yarada bilməyiblər. Buna aid çoxlu misallar var; həm dastanlarımızın timsalında, həm də memarlıq nümunələri əsasında. Məsələn, İslamın təsiri nəticəsində Koroğlu dastanında Qurd oğlu Həsən - Kürd oğlu oldu, azərbaycan muğamında “Bayatı qurd” şöbəsi isə “Bayatı-kürd” kimi təqdim edildi.
Yaxud da götürək Şirvanşahlar Sarayı kompleksini. Sual olunur ki, hansı sarayda hökmdarın taxt və qəbul zalı ola bilməsin? Bildiyimiz kimi, Şirvanşahlar Sarayında bu əlamətlər yoxdur. Ona müasir “tarixi bəzəklər” vurmaqla, “şah sarayı” eləmək mümkün deyil! Hansı sarayın həyətində sülaləyə və ailəyə aid olmayan bir şəxsin qəbri yerləşə bilsin? Sarayın yanında Seyid Yəhya Bəkuvinin türbəsi var. Nəhayət, divanxananın yanındakı quyuların divarlarında hisin olması isə onları təsərrüfat xarakterli olması haqqında fikirləri rədd edir. Hansı ağıllı şah divanı qışın oğlan çağında açıq havada keçirərdi? Yəni bütün bunlar onu deməyə əsas verir ki, divanxanadakı və onun ətrafında olan quyularda vaxtı ilə alov/od çıxırdı ki, onları da sonralar islamlaşdırmaq məqsədi ilə torpaqla doldurdular. Təəssüf ki, bizim “materialistlər” isə onlara “məişət quyuları” adını verdilər. Bütün bunlar sübutdur ki, Sirvanşahlar Sarayı sırf İslamdan əvvəlki dövrlərə aid olan bir dini kompeks olub.
Adı çəkilən müxtəlif diametrə və dərinliklərə malik olan “quyular” Qız Qalasının ətrafında da var və onların təyinatı haqda vahid fikir yoxdur. Bizi maraqlandıran problemləri öyrənmək üçün isə biz mütləq Qız Qalasının hansı mahiyyət daşımasına da diqqət verməliyik. Bu baxımdan bəzi tədqiqatçılar Təkallahlıq rəmzi olan “müqəddəs qala” Qız Qalasının mahiyyətini bəsitləşdirib, öz konsepsiyalarına uyğunlaşdırmaq məqsədi ilə onu daxma, mayak, observatoriya, XII əsrə müdafiə qalası, yaxud da heç bir uyğunluğu olmayan adi söz düzümü və “polisemantik” təhlillər vasitəsilə kimmer iskit dövrü ilə əlaqələndirib (m.ö.VIII-VII əsrlər), bu möhtəşəm Təkallahlıq məbədini “çox allahlıq/bütpərəstlik” rəmzi kimi təqdim etmək istəyirlər. Burda isə bir sıra ziddiyyətlər var. Birincisi, qaynaqlarda müxtəlif adlarla tanınan və bir adları da olan “iskit” sakaları bura gəlmə hesab edən tədqiqatçılar yanlış mövqedədirlər, çünki həmin tayfalar bura gəlmə deyil, əksinə burdan başqa yerlərə yayılmışdılar və onlar “iskit/sak” kimi tanınmamışdan əvvəl “as/vened” kimi tanınıblar. İkincisi, mifoloji simvolların araşdırması sübut edir ki, Qız Qalası – həm Tanrının (əsasən də oğuz-bulqarlarda) rəmzidir (yuxarıdan baxanda “9” rəqəmi xatırladır), həm də qadınlıq/bərəkət/analıq yolu/ - ☉ - nişanəsidir ki, buna görə də o, Qız Qalası adlandırıldı. Bu işarələrin mənasını dərk etmədən bu qala haqqında bütün “polisemantik” təhlilllər nəticə verə bilməz və şübhəsiz ki, bütpərəstliyə aparar! Qız Qalasının quruluşu, rəqəmlər (rəml) sisteminə uyğun son nəticədə 10 rəqəmini verir ki, burada yeni keyfiyyətin yaranmasını, daha doğrusu bir həyatdan başqa bir müstəviyə keçid nəzərdə tutulur. İnsan “analıq yolu” ilə bu dünyaya gəlir və “keçid (tunel)” vasitəsi ilə geri dönür. İki dünyanı, yəni kosmik fəzanı və insanı bir-birinə bağlayan gözə görünməyən bir işıqdır ki, o, sütunu xatırladır. Məhz 9 rəqəmli quruluşa malik olan Qız Qalasındakı mərtəbələr arasında olan dairəvi boşluqlar “pir/bir” rəqəmin əsasını təşkil edən həmin sütundur ki, bu da ruhla fəza arasında vəhdət yaradır. O, həm maddi, həm də ki mənəvi aləmə “yolu” nəzərdə tutrdu. Dairə isə 360–dır, bu da 9 rəqəmini verir ki, Qız Qalasının inşa edənlər bu cür dairəvi boşluqları yaratmaqla burada bunu nəzərdə tuturdular. Çünki bu rəqəm “kişilik” rəmzi idi. Qalanın “qız” adlandırılması isə onun “doğuş” bacaracağı və maddi dünyaya ruhun, yəni yeni həyatın gəlişi anlamı ilə bağlıdır. Çox güman ki, burada bakirəlik və ruhun təmiz olması haqqında ideya qarşılıqlı əlaqədədır. Təsadüfü deyil ki, Həzrəti Məryəm İsa Peyğəmbəri (s) qız olaraq doğmuşdur.
Türk dünyasında ocağın qoruyucusu xatundur (burdan da “qadın” anlayışı – Ə.Ələkbərov). Onun da adı “od/alov”la bağlı anlayışdır ki, burada “x/k” hərfi proteza (əlavə) edilmiş səsdir. Bu, od/işıqla bağlı anlayış türk dillərində “iş/is/iz/ız/uz/az” öz tərkibləri vasitəsi ilə yaranır, məsələn, işıq, isti, dəniz, azar, ulduz və sair. “Xatun~qız” paralelini apardıqda aydın olur ki, “qız” adında olan “q” səsi də protezadır və buna görə də “q+ız” sözün əsasını “işıq” ideyası təşkil edir. “Doqquz” isə həmin işarələrdəndir ki, o əks tərəfdən yanaşıldığı halda “6” anlamını verir, bu da “qadınlıq” rəmzidir. Amma Qız qalasının quruluşunda doqquzluq nəzərdə tutulur, çünki onun pəncərələri bilavasitə il tamam olan bürcə doğru baxır, yəni Qız qalasında “9”-luq, onun “qız” adlandırılmasından asılı olmayaraq, kişilik rəmzini təsdiqləyir və dairəvi qalaya kontrforsun (seysmik xüsusiyyətlər nəzərə alınmaqla) birləşdirilməsi, bu məqsədə xidmət edir.
Bunu təsdiqləyən başqa misallarımız da var. Əgər biz bir daha ☉ işarəsinə nəzər salsaq, bu halda rəml qaydası ilə onda əks olunan informasiya “9+1=10” kimi oxunur. Digər tərəfdən Qalanın 28 metr hündürlükdə olması da, təbii ki (2+8=10), bunları təsdiqləyir. Beləliklə, bu misallardan göründüyü kimi, Qız Qalası qədim Tanrıçılıq ehramıdır ki, onu “bütpərəst məbədi” adlandırmaq heç də düzgün deyil!
Nəhayət, finikiya piktoqrafik yazısında ev (bit/beyt/bayt) mənasını bildirən işarə bu cür verilir ki, onun şaquli istiqamətdə 900 aşağı fırlatmaqla “9” rəqəmi, əksinə, yuxarı fırlatmaqla slavyanlarda çap baş «Б» hərfi alınır. Amma daha maraqlısı da budur ki, yəhudilərdə ev/bayt mənasını bildirən "b“ işarəsinin yazı üsulu məhz Qız Qalasının yuxarıdan görünüşünü xatırladır. Buna görə də burda Qurandan “Əli İmran” surəsindəki ayə yada düşür: “İnnə əvvələn beytin vudiə linnəs ləlləzi bibəkkə/Həqiqətən ilk ibadət evini biz Bəkkəni verdik” [Quran III:96]
O ki, qaldı Suraxanıdakı Atəşgaha, onun alovu Divanxana və Qız Qalasının alovundan daha gur və güclü olduğu üçün, onun fəaliyyəti uzun müddətli oldu və yalnız XIX əsrdə, 1855-ci ildən sonra, qazın kütləvi istismarı nəticəsində orada yanan od kəsilir və bununla da o, bu torpaqlara gələn hindlilər üçün əhəmiyyətini itirir. Nəticədə isə təxminən 1883-cü ildə sonuncu hindli kahin buranı tərk edir. Hazırda isə Suraxanı əhalisi bütövlüklə tat dilində danışan şiə müsəlmanlarıdır.
Buzovna adının müxtəlif izahları vardır. Məsələn, F.A.Brokqauz və İ.A.Yefronun nəşr etdiyi Ensiklopedik lüğətdə deyilir ki, “Buzovna (Бузогна) — zəngin dağıntıları ilə Bakıdan 35 verstdə, Abşeronun şimal-şərq sahilində (yerləşən) Bakı quberniyasının və qəzasının kəndidir. Dağılmış qalada hicri tarixi ilə 53-cü, m.s. 672-ci ildə Məlik Salar tərəfindən tikilməsi haqqında üzərində yazısı olan daş tapılmışdır”. Şübhəsiz ki, bu yazı kəndin nə vaxt yaranması haqqında heç bir qəti söz demir, çünki heç bir toponimin tarixi onun yazılı qaynaqlarda əks olunması tarixindən hesablana bilməz. Hər bir toponimin qaynaqlarda əks olunmasına qədər hüquqi “status” qazanmasına və xalqın şüurunda yer almasına çox böyük müddət tələb olunur.
Buzovna və Suraxanıdakı pirlərin qarşılıqlı yerləşməsi bizə bu məsələnin öyrənilməsində yardımçı olacaq. Qeyd edək ki, Bakı arxipelaqında sualtı və ada vulkanları yerləşir. Həmin adaların səkkizi palçıq vulkanlarının püskürməsi nəticəsində yaranmışdır. Məsələn, Buzovnanın şərqində indi ada olan “Pir Allahı” vaxtı ilə “ocaq” olub ki, onu sonralar islamlaşdırıb indiki adla adlandırdılar. Onu da qeyd edək ki, Bakıda yerləşən Bibi-Heybət məscidi, İçərişəhərdə Cümə məscidi və erməni kilsəsi ocaqların üstündə inşa edilmiş məbədlərdir. Bu misalları təqdim etməklə bizi maraqlandıran da budur ki, nə üçün tədqiqatçılar “Buzovna” adının mənşəyini öyrənərkən ona bitişik olan “Zaqulba” adlı yerin mənşəyi ilə maraqlanmamışlar. Yerli camaat isə ona çox vaxt “Zuğulba” deyir. Bu yer toponimik məna daşıdığına görə şübhəsiz ki, həmin sözdə olan “-ba” şəkilçisi türk “oba/məskən” adından meydana gəlmiş hissəcikdir. İnkarolunmazdır ki, həmin adın birinci hecasını təşkil edən “Zaq-/Zuğ-” türk dilində “palçıqlı yer” bildirən “zığ” sözü ilə əlaqədardır. Eyni adlı Zığ kəndı Abşeronun cənub hissəsində Suraxanı və Hövsan arasında da var. O ki, qaldı Zuğulba adındakı “-ul-” hissəciyinə, burada maraqlı faktlar üzə çıxır. Yuxarıda göstərdiyimiz kimi türk dilində “qurdun” bir adı da “ul” anlamı ilə bağlıdır. Türk “Oğuznamə”lərində isə qurd xaqanın qarşısında yaranan işığın ucunda qaçan və xoşbəxtlik gətirən bir onqon idi. “İşığı, yuxarı meylliliyi, aliliyi” təsdiqləyən bu hissəcik Allah Təala, Qurandakı İlliyun və Cənnət-ül-Alə, Əli (على) və o cümlədən Alı adlarında, aliliyi təsdiqləyən ərəbcə “’alə” önqoşmasında, “el/aul/ailə” birlik mənasında, “Altay, Olimp, Elbrus” dağ adlarında, “Mikayıl, Cəbayıl, İsrafil” mələklərin adlarında, “elektrik/cərəyan” sözlərində əks olunub və həmin hissəciyin işıq mahiyyətli olduğunu sübut edir.
Məsələn bu hissəciyə “əl-“ formasında artıq islamlaşdırılmış “Əli ayağı” pirinin adında da müşahidə edilir. Aydındır ki, Həzrəti Əli (s) buralarda heç vaxt olmayıb və buna görə də ehtimal etmək olar ki, Qədəmgahın ilk mahiyyəti başqa düçüncə ilə bağlı olub ki, o da sonradan islamlaşdırılaraq “Əli ayağı” kimi tanınmağa başlandı. Maraqlıdır ki, eyni məzmunlu hekayəni biz Herodotda da görürük. Məsələn, Tiras (Dnest) ətrafı məbəddən danışarkən Herodot qeyd edir ki, həmin çayın yaxınlığında olan qayada sakinlər insan ləpirinə (hekayədə Herakl – Ə.Ələkbərov) bənzər bir iz göstərirdilər [Herod. IV:82].
Kənd ağsaqqallarının danışığından öyrəndim ki, həmin “Əli ayağı” pirinə gedən yolun üstündəki məhəllə (Şağan/Sakan/ kəndi istiqamətində) vaxtı ilə “Yanar kənd” (!!!-Ə.Ələkbərov) adlanırdı və indi də həmin məhəllədə evlərin bünövrəsi qazılarkən xəndəklərdə hardasa 1-1.5 m dərinlikdə hisli torpaq və müxtəlif məişət əşyaları tapılır. Artıq məhəllənin də adından göründüyü kimi, bu ərazi vaxtı ilə bilavasitə təbii alovun püskürdüyü yer olub, şübhəsiz ki, Qədəmgah da onunla bağlı olan bir pirdir. Bu cür mənzərəyə biz hazırda Məhəmmədi kəndinin yaxınlığında yerləşən Yanar dağ adlı yerdə müşahidə edə bilirik. Təsadüfi deyil ki, dünyada fəaliyyət göstərən 800 palçıq vulkanından hazırda 300-ü Abşeron və onunla yanaşı olan ərazilərdə yerləşir. Ümumiyyətlə, istər qədim, istərsə də orta əsr tarixçi-səyyahlar Abşeronu yanan torpaq kimi təsvir edirlər. Bu cür məlumatlar sonrakı məlumatlarda da öz əksini tapır. Məsələn, 1819-cu ildə fransız tədqiqatçısı M.J.Sen-Marten bu haqqda danışarkən yazırdı ki, ümumiyyətlə, Bakı yerli əhali tərəfindən müqəddəs torpaq sayılırdı, çünki burada çoxlu neft və yerdən təbii püskürən alov yerləri var idi.
Yuxarıda qeyd etdiyimiz kimi, “təmənis” Buzovna ilə Suraxanı arasında yerləşən böyük bir düzənlikdir. Amma hər iki kənddə pir (atəşgahın) yerləşməsi (məzmunundan asılı olmayaraq – Allah evi – Ə.Ələkbərov) bunların arasında hansısa əlaqənin olmasından xəbər verir. Maraqlıdır ki, yerli türklərdən fərqli olaraq, Suraxanıya gəlmə olan irandilli parsiklər bu kəndin adına “Surxanı” deyirlər və düşündüyümüz kimi, bununla da onlar həmin məntəqənin həqiqi adını qoruyurlar.
İslamdan əvvəl türklərdə, samilərdə və hindavropalılarda Ali Vücudun maddi təcəssümü “Öküz/Tur” idi. Müqəddəs kitablardan göründüyü kimi, Musa (s) peyğəmbərə 10 ehkam Sina dağında verilmişdi. Həmin vaxtlarda yəhudilərin Allahı Yahvə Tur şəklində təsvir edilirdi və türklərdə də, hindavropalılarda olduğu kimi eyni məna daşıyırdı. Musa (s) üzünü duvaqla örtəndə, onun başında müqəddəslik əlaməti kimi buynuzlar çıxırdı. “Buynuzlu Musa» - Bibliyanın təqdimatında Məsihdir. Məhz bu “buynuzlu” vəziyyətdə onu məşhur heykəltəraş Mikelancelo təsvir etmişdir.
Hazırda ərəb əlif/ا hərfinin qrafik quruluşu ərəbcə bir/١ rəqəminin qrafik quruşunu xatırladır. Bildiyimiz kimi, bütün yazı növlərinin meydana gəlməsinin əsasında piktoqrafiya, yəni şəkli yazı durur. “Tur/Öküzün” qrafik quruluşunu “/” (sami dillərə bunlar “alp, alef, alif”-dir) finikiyalılar “≮”, yəhudilər əlyazmada “≮”, çap üslubu ilə isə”א”, ərəblər isə “ا” istifadə edirdilər. Sonralar yunanlar finikiya “alef” işarəsini 90 dərəcə döndərərək, ondan “A/alfa” hərfini yarada bildilər.
Yəhudi dilində “Tur/öküz” תורא (tora), Tövrat isə – תורה (tora) kimi yazılır. Fərq yalnız ondadır ki, תורא (Öküz/Tur” “א /alef” Tövrat isə «ה / he” hərfi ilə yekunlaşır ki, o da sözün sonunda “a” səsini verir. Ərəb dilində “öküz/tur/buzov” “ثور/ sur”-dur. Yəhudilərdən fərqli olaraq, müsəlmanlarda Sina dağının adı “Tur/طور )t-w-r)” kimi verilir. Əgər biz dilçilikdə “t/z” hərf əvəzlənməsini nəzər alsaq (İsrafilin suru, yəni tur buynuzundan hazırlanan şeypur) onda parsiklərin “Suraxanı” adını “Surxanı” kimi tələffüzünün doğru olduğunu təsdiqləyərik və bu adın bilavasitə Tanrının maddi təcəssümü olan “Tur”la bağlı olduğunu görəcəyik. Beləliklə, iki müqəddəs yer (Qədəmgah və Atəşgah, hər ikisini də birləşdirən təmənis) Buzovna və Sur(a)xanı adlarının eyni kökdən qidalanmasını sübut edir.
Maraqlıdır ki, “tur” və ondan yaranan sözlər (türk, törə/qanun, Troya, Творец) türk onomastikasına aid ifadələrdir. Yunan qaynaqlarında adı çəkilən türk tayfalarından biri də “tavr”lar idi ki, onlar haqqında həmin məlumatlarda deyilir ki, onlar bu adı “tur/öküzdən) almışdılar, çünki Osiris turu qoşaraq, torpağı şumlayırdı”.
Misir mifologiyasında isə Osiris inək və inək buynuzlu kimi təsvir edilən İsidanın qardaşı və əri idi. Maraqlıdır ki, zodiak adlarının şərhində “Kitab ilm-n-nəfi” müəllifi “tur” adını “ut”, Mahmud Qaşqarlı isə həmin sözü “ud” kimi verir. Baxmayaraq ki, bir çoxları İsida adını misir dilində “İset/Taxt” adı ilə əlaqələndirmək istəyirlər, əslində bu ad iki türk sözünün birləşməsindən yaranan bir addır – “İs(işıq)+id/ud(tur/inək). Təsadüfi deyil ki, yəhudilər, hətta Musanın (s) dövründə qızıldan öküzlər/turlar hazırladılar ki, bu da Peyğəmbərin onlardan inciyib getməsinə səbəb oldu.
Məsələn, qədim misirlilərin ənənələrində danışan Herodot yazır ki, “Təmiz öküz və buzovları misirlilər hər yerdə qurban gətirirlər. Əksinə inəyi qurban gətirmək onlara qadağandır. Onlar İsidaya həsr olunub. Axı İsida inək buynuzlu qadın (ellinlərdə İo təsvirinə bənzər) kimi təsvir olunur və buna görə misirlilər bütün heyvanlardan daha çox inəklərə ehtiram edirlər”. İnək buynuzlu İonun İnaxın qızı olması haqqındaki fikri “İnax” adının “inək” anlamı ilə bağlı olduğunu göstərir. İodan isə danışanda Herodot deyir ki, o, Arqos hökmdarı İnaxın qızı idi. Bütün bunlar Arqos və Krit mədəniyyətlərinin türk mənşəli olduğunu göstərir. Təsadüfü deyil ki, Minotavr [türk. min/mən(insan) + tavr (tur, öküz) → öküz başlı insan] əfsanəsi kritlə bağlıdır.
Qara dənizi Mərmərə dənizi ilə birləşdirən Bosfor boğazından danışan Ammian Marsellin əsərinin XXII kitabında yazır ki, “Bosfor adını onlar ona görə daşıyırlar ki, çünki vaxtı ilə, şairlərin sözlərinə görə, inəyə döndərilmiş İnaxın qızı onlardan İon dənizinə keçdi”. Kitabın şərhindən isə aydın olur ki, Bosfor, yəni yunanca “βοός ποροξ” “buzov keçidi” deməkdir.
Göründüyü kimi, yunan dilindəki “βοός / bos» türk dilindəki “buzov” anlayışı ilə bağlıdır ki, Bizans sözü də ondan yaranmışdır. Maraqlıdır ki, Şimali Amerika öküzü “bizon”un adı da bu qəlifdən olan sözdür. Beləliklə də aydın olur ki, “Buzovna” adı Tanrının maddi təcəssümü olan “tur/öküz/buzov”la bağlı anlayışdır. Tur/öküzün mifologiyada “işığın” təcəssümü olduğunu nəzərə aldıqda, aydın olur ki, Qədəmgah, “Əli ayağı” kimi tanınan pirin həqiqi adı (bu buranın təbii mühiti ilə də təsdiqlənir – Ə.Ələkbərov) “Alov ayağı”, yəni “Yanar kəndin” ətəyi deməkdir. Beləliklə də “Sur(a)xanı” və Atəşgah – Buzovna və Alov ayağı (Əli ayağı) adları arasında bağlılıq yaranır ki, bu bağlayıcını da “təmənis” icra edir. İstər “Buzovna” istərsə də “Sur(a)xanı” hər ikisi Bakı (Buğa/müqəddəs ocağı qoruyan “qab”) ilə bağlıdır və eyni məna verirlər - “Alov yeri”. Bakı adı öküzlə bağlı “cam”-dır ki, o Müqəddəs Nurun qorunan yeridir. Bu Müqəddəslik Məkkə və Kəbə adlarında hərflərin əks olunması şərti ilə həm “yer (Məkkə)”, həm də ki “Nur/Kəbə)” baxımından öz əksini tapmışdır.
Tanrının adı iki hecadan ibarətdir, onların birincisi həm “tan/dan – göy/səma”, həm də ki “tan/dan – öküz/buğa” mənasını verir ki, təsadüfi deyil ki, Öğuz/öküz” xaqanın da atası Buğadır/Turdur. Tanrı adındakı “ər” isə “kişi” mənasını verir. Tur/tor isə fizikada dairəvi, ellips quruluşa malikdir və dairəvi, fırlanan hərəkətə malikdir ki, bu xüsusiyyət də ona “əbədilik” verir. Təsadüfü deyil ki, “Tor/Творец (Yaradan)“ Allah mənasında işlədilir ki, “türk(xilqət)” adı da onunla bağlıdır. Məhz bu cür “tor/girdəvari” quruluşu biz bütün pir/ocaqlarda, o cümlədən də Qız Qalasında da görürük.
Nəhayət, “təmənis” sözü ilə bağlı axtarışlar bizi “temenos” anlayışına gətirdi. Qədim yunanca “temenos/ τέμενος” sözü müəyyən tanrıya həsr edilmiş müqəddəs yer hesab edilirdi. Temenos (təmənis) konsepsiyası Aralıq dənizi klassik mədəniyyətində yaranmışdır ki, sonralar da yunanlar bu mədəniyyəti mənimsəyir. Avropamərkəzçilik nəzəriyyəsindən irəli gələrək isə avropa tarixçiləri onu dünyaya “ellin (yunan) mədəniyyəti” kimi təqdim edirlər. Sonralar bəzi antik müəlliflər “temenos/təmənis” adı altında şəhəri gündəlik həyatdan ayıran və balaca meşəlikdə yerləşən yeri nəzərdə tuturdular. Bəziləri isə hesab edirdilər ki, “temenos/təmənis” ehram silsiləsinin davamı və şəhərin bazar meydanına yaxın əraziyə deyilirdi. Tunc dövrünə aid olan “temenos/təmənis”-in bariz nümunəsi türklərin Krit adasında Knossa sarayında düzəltdikləri Minoy ehramı idi. “Temenos” adətən dairəvi olmalı idi. K.Yunqun yazdıqlarına görə, temenos “tilsimli dairədir” və “kosmik fəza” kimi fəalyyət göstərir ki, bununla da sirlərlə qorunanları şüurdankənarın təhlükəli hücumlarından qoruyurdu. Temenos salınmamışdan əvvəl orada sulcus primigenius, yaxud şırım salınırdı. Gördüyümüz kimi, temenosun salınması da bilavasitə öküz/turla bağlı idi (şəkil 31). Bu qorunan yerdə insan şüurdankənar qüvvə ilə təmas vaxtı qorxudan azad olurdu. İslamda bu yer mərkəzində fəvvarə ilə təsvir edilir, çünki bağ temenosdur, fəvvarə isə “dirilik suyu” bulağıdır.
Temenos mahiyyəti Quranda da əksini tapır. Məsələn, bu Musa (s) Xıdr/Xızr (s) peyğəmbərin görüşüdür. Orada Rəbbin gizli elmindən xəbərdar olan Allahın qulu Musa (s) ölümsüzlük simvolu olan Xıdırdan ondan müşayiət etməsini xahiş edir. Bəzi fikirlərə görə yaşıl rəngə sahib olan Xızr/Xıdr İlya(s) ilə eyniləşdirilir. İslam təfsirçiləri hesab edirlər ki, İdris (Yenoh) (s) və Musanın (s) müəllimi olan Xıdr (s) İlya(s)ın adlarıdır.
İlk baxışdan “temenos” yunan sözünə bənzəyir və onun bura gəlib-çıxması ellin mədəniyyətinin yayılması ilə də izah etmək olardı. Bu sözün sonunda olan “-ος” yunan dilində ismin adlıq hal şəkilçisi kimi də qəbul edilə bilər. Amma “işıq” mənasında işlədilən “-iş” şəkilçisi türk dillərində çox geniş yayılmışdır (Tukriş/Türkiş, Ulaş). Məsələn türkcə güzgüyə “karauş” deyilirdi. Yazılı qaynaqlara əsasən “El prinsipi əsasında qurulan Göy Türk xaqanlığı orda və sağ “tolos” və sol “tarduş” qollarına bölünürdü.
Beləliklə də Krit və Arqos mədəniyyətlərinin türk aləmi ilə bağlılığı bir tərəfdən və yuxarıda təqdim etdiyimiz misallar bizim tədqiqat sahəmizi bir qədər də genişləndirərək onun yunan mənşəli olması haqqında razılaşmaması üçün bir daha əsas yaradır. Hər halda “təmenos/təmənis” anlayışında sözün əsasını “temen/təmən” təşkil edir. Beləliklə də “temenos/təmənis” sözündə olan “-is/os” “İşıq”-la bağlı müqəddəsliyi bildirən işarədir.
Buzovnada, deyildiyi kimi, kənd məhəllərindən biri hazırda Nəzrani adlanır. Kənd sakinləri buranı Nəzər adlı kişinin adı ilə bağlamaq istəyirlər. Amma bildiyimiz kimi, müsəlmanlar xristianlara “Əhl əl-Kitab” demələri ilə yanaşı, onlara “nəsrani” də deyirdilər. Bunun bu cür izah edilməsi Buzovna tarixinin maraqlı məqamlarından biri olan burada III əsrə aid alban kilsəsi və xalq arasında “alban qəbristanlığı” adlı yerlərin olması ilə təsdiqlənir. Buzovnadakı “Alban qəbristanlığı” isə məhz yuxarıda dediyimiz “Yanar kənd” məhəlləsində yerləşir. Kənd camaatı tərəfindən “Alban qəbristanlığı” adlandırılan yer hazırda Gədəbəyin Qoşabulaq kəndində də var. Qoşabulağın yerli əhalisi isə buranı “xaçın altı” adlandırır. Maraqlısı da budur ki, vaxtı ilə Buzovnadakı bu kilsənin İlya(s) Peyğəmbərə (s) aid olduğu barədə yazı da olub.
Xıdr peyğəmbərin (s) yaşıl rənglə bağlı olması, digər tərəfdən isə təmənisin meşə ilə bağlı olamsı - başqa maraqlı faktı da üzə çıxardır. Beləliklə də, bundan belə mühüm nəticə hasil olur ki, vaxtı ilə hazırda “təmənis” adlı yer meşəlik olmuşdur. Yazılı qaynaqdan aydın olur ki, türklərdə belə bir müqəddəs meşə var idi ki, orada da əsas yer şimşəklə bağlı palıd ağacına məxsus idi. Alban tarixçisi M.Kalankatuklu bu barədə yazırdı:
“Bu palıd ağacı bütün başqa ağacların anası sayılırdı və bu ağaca hunlar ölkəsində çoxları ... sitayiş edirdi”. Amma bu məlumatla başqa maraqlı müqayisə də üzə çıxır. Palıd ağacı Tanrı ilə bağlı (kişilk rəmzi) olduğu halda o, digər tərəfdən, o meşəlikdəki bütün başqa ağacların anası sayılırdı (qadınlıq rəmzi). Hindavropa dillərində balkan onomastikasını öyrənən tədqiqatçılar hesab edirlər ki, bu dillərdə Allah anlayışı ilə bağlı “p~r” hərflərdən ibarət sözlər (hettlərdə Perunas, slavyanlarda Perun, skandinavlarda Perkunas) “palıd ağacı ilə bağlı qasırğa, şimşək allahı” deməkdir. Diqqətə layiqdir ki, bütpərəst slavyanlarda baş məbud Perun və onunla eyni kökdən olan “pervıy, perşıy” sıra sayları türk dilində “pir/bir” rəqəmi ilə bağlıdır ki, sonralar bu söz skandinavların “odin” rəqəmi ilə əvəz olundu ki, bu onların baş məbudu, as-türklərin başçısı Odinlə (kişi) bağlı idi. Gördüyümüz kimi “pir” sözü bilavasitə Tanrıçılıqdan yaranan anlayışdır və özlüyündə şaquli quruluşu ilə maddiliklə ruhi aləm arasında vəhdət yaradırdı.
Yəhudilərdə də Yahvə adı da həmin semantikanı verir. Yəhudilərin həyatını təsvir edən Bibliya tərtibatçıları qeyd edirlər ki, onlar azadlığı qazandıqdan sonra Yahvənin yaxşılıqlarını unudub, yenə də kənaan bütlərinə tapındılar. Buna görə də onlara yeni cəzalar verildi və onlar madian və amalik tayfalarının hücumlarına məruz qaldılar. Yalnız yeddi ildən sonra Yahvə onlara rəhm etdi. Bu vaxt Manas tayfası tərəfindən tutlmuş Urfa şəhərinin ərazisində İosa adlı əkinçi yaşayırdı. “Və Allahın mələyi gələrək İosa məxsus palıdın altında oturdu…; onun oğlu Gedeon madianılardan qorunmaq üçün buğdanı xırmanda döyürdü. Yahvə ona İsrail xalqının azad olmasını etibar etdi və Gedeon Yahvədən əlamətlər aldıqdan sonra palıdın altında çəpiş və duzsuz çörəklər qoydu”.
Bu fikilərimizi təsdiqləyən digər əsaslı iki fakt. Hindavropalılarda “deo” Allahdır və yunan panteonunun baş məbudu “Zevs” kişidir və “deo”-nun yunancasıdır. Amma eyni məqamda “deo” “qız/дева” sözünün özəyini təşkil edir! Bu cür “ikilik” status urartuluların “(H)aldeo” məbudunun adında da müşahidə edilir – Al(alov/işıq)+deo(kişi/qız).
Azərbayacn palçıq vulkanlarında biri Babazənən adlanır ki, bu anlayış da iki sözün birləşməsindən əmələ gəlib – Baba (kişi)+zənən (qadın). Amma “Baba”nın ilkin anlamı “Allah” deməkidr ki, bu da Tanrının adlarındandır. Yəni biz bu misalları göstərməklə Qız Qalasında “kişi/qadın” qarşılıqlı əlaqəsini dir daha təsdiqlədik ki, bunu da “9/6” rəqəmlərin vəhdətində → «☯» görürük! Bax bu fəlsəfi düşüncədən irəli gələrək Nəsimi “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” demişdi.
Pirin şaquli formada olan “bir” rəqəmi ilə bağlılığı dilçilik baxımından onu “b-m” hərflərinin əvəzlənməsi (ben/mən) ilə və retasizm-zetasizm-lyambdaizm qanunu əsasında /məsələn, Tenqri/Tengir/Tengiz; oğur-oğuz-oğul”/ “mil” kimi də oxunmasına əsas verir ki, “mil” də həmin quruluşa malikdir. “Mil” sözünün dilimizdə bir neçə mənası vardır ki, onun mənalarından biri də “böyük iynədir”. Azərbaycanda Mil düzü adlı bir yer vardır. Bu adı mixi yazılarda Bel teonimi ilə bağlayan da var. Qaynaqlarda həmin ərazilərdə “mil/balk” adı tayfalar da yad edilir. Qraparda «lat/ղ» «ğ» kimi tələffüz olunduğuna görə (məsələn, Levon-Ğevond), şübhə yoxdur ki, ermənidilli qaynaqda “balk” adı “bağk” kimi tələffüz edilməlidir və burada da biz Bakı~Bağ→Buğa (Tanrı) paraleli ilə üzləşirik. Lakin “Bel” adını öyrənərkən burada başqa bir müqayisə də ortaya çıxır, çünki bir çox hallarda türk dil xüsusiyyətlərinə uyğun olaraq sözün əvvəlində istifadə olunan “b/v” səsi əlavə olunandır (protezadır), məsələn, tayfa adı onoqur/vonoqur; “yekun” mənasında “ol/bol”; “yerə düşmək” mənasında “at/bat”. Beləliklə də, türk dilinin bu xüsusiyyətini nəzərə aldıqda biz “Bel” adında “B+El” anlayışını görürük ki, yuxarıda göstərdiyimiz kimi “-el” bütün hallarda (hətta El, Eloh, İlah adlarında) Müqəddəs Nurla bağlıdır ki, Buzovnadakı Qədəmgah da bu Nurla bağlı bir pirdir. Beləliklə də, belə çıxır ki, Azərbaycandakı “Mil” özlüyündə bir “temenos/təmənis”dir!!!
Maraqlıdır ki, Qaşqarlı Mahmudun Divanında “temen” sözünün mənası “böyük iynə, çuvalduz” kimi verilir . Deməli, “Təmənis” həmin “pir”dir ki, o şaquli istiqamətdə maddiliyin (insanın) İlahi aləmlə əlaqəsini yaradan məkandır. Təsadüfü sayıla bilməz ki, Buzovna yaxınlığında yerləşən kəndin adı da həmin “Bel” kultu ilə bağlı olan Bilgəhdir.
Hər bir iynənin başında dəliyi olur. Burada “təmənis/mil” anlamının “iynə” kimi incələməsinin də xüsusi yeri var. Biz yuxarıda qeyd etdik ki, Qız qalasında olan dairəvi boşluqlar həmin “pir”dir və o da öz quruluşuna görə iynə kimi girdədir. Qeyd edək ki, hər bir “pir”in əsas funksiyası insanın daxili aləmi nizamlamaqdır. “İynə gözü” isə elə bir məkandır ki, incələnməmiş, nizama salınmamış insanın ruhu bu “məkandan” keçə bilməz, yəni insan mənəviyyatı nizamlanıb, incəldikdən sonra Tanrıya doğru yüksələ - Cənnətə qalxa bilər. Bu barədə Quranın Əl-Əraf surəsinin 40-cı ayəsində deyilir: “Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər”. “İynənin gözü” İncildə də bir neçə dəfə xatırlanır: “Dəvə iynənin gözündən daha rahat keçə bilər, nəinki dövlətli Cənnətə”.
Beləliklə, biz Bakı - Qız Qalası – Buzovna - təmənis - Sur(a)xanı adlarının qarşılıqlı əlaqəsini onların türk düşüncəsindən qaynaqlanan Təkallahlıq elementlərini əsasında formalaşdığını göstərməyə çalışdıq. Düşünürük ki, bu belədir, çünki Tanrıçılıq mononteizmdır və orda bütpərəstliyə yer yoxdur. İbn Fədlan yazır ki, oğuzlar ”Bir tanrı” deyə and içirdilər. Digər tərəfdən, bu çox mühüm məqamdır. Bu abidələrin bütün “müasir” rekonstruksiyalarına baxmayaraq, onlar özüldən Azərbaycan və Bakının qoruyucularıdır, çünki istər “Azərbaycan(Albaniya)” istərsə də “Bakı” Müqəddəs İşığın qorunduğu yerdir və hərfi mənada “Allah evi” deməkdir. Bura özü bir təmənisdir! Bunlar isə bu torpaqda “bütpərəstliyə” yer qoymur!