Hərbi xidmətdən xəstəliyə görə buraxılmış hərbi qulluqçulara, hərbi xidmətdən digər əsaslara görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi qaydaları müəyyənləşib.
Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının təsdiq etdiyi “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”da əksini tapıb.
Təlimata əsasən, şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür:
- Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar Hərbi-Həkim Komissiyası (HHK) tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir);
- arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir;
- ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı.
Xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən aşağıdakı qaydada müəyyən edilir:
- Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir;
- Silahlı Qüvvələrdən ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər.
Hərbi xidmətdən xəstəliyə görə buraxılmış hərbi qulluqçulardan başqa, hərbi xidmətdən digər əsaslara görə buraxılmış şəxslər buraxıldıqdan sonrakı ilk uç ay ərzində onlarda xəstəliyin nəticəsində əlillik əlamətləri müşahidə olunarsa, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər. Hərbi xidmətdən buraxılmış, o cümlədən əsirlikdə olmuş hərbi qulluqçular, hərbi xidmət dövründə HHK-dan keçmədikdə, lakin onlarda bədən zədələnmələrinin aşkar nəticələri (ətrafların olmaması, sümük qüsurları, yaralanmadan sonrakı çapıqlar, yad cisimlərin olması və s.) olduqda, həmin şəxslər, hərbi xidmətdən buraxılma səbəbindən asılı olmayaraq, səbəb əlaqəsinin təyin edilməsi üçün müvafiq ştatlı HHK-na təqdim olunurlar. Müvafiq ştatlı HHK onları məhkəmə-tibbi ekspertizaya göndərir və alınmış rəy əsasında müvafiq qərar qəbul edir./APA/