17 Yanvar 2018 13:50
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tanınmış plastik və rekonstruktiv cərrahı professor Vaqif Qələndərin yaratdığı və bərpa əməliyyatlarında tətbiq etdiyi metodika ABŞ-ın nüfuzlu universitetinin dərsliyinə salınıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ABŞ-ın Florida Tibb Kolleci Universitetinin (Jacksonville) dosenti, Çənə-üz Cərrahiyyəsi Şöbəsinin rəhbəri, mikrovaskilyar cərrahiyyənin direktoru Rui Fernandesin müəllifi olduğu “Baş və boyun nahiyəsi rekonstruksiyası üzrə cərrahiyyədə yerli və regional fleplər. Praktiki yanaşma” dərsliyində Vaqif Qələndərə məxsus xüsusi metodika da ayrıca fəsil kimi salınıb.

Dərsliyin 20-ci fəsli Vaqif Qələndərin yaratdığı “Süd vəzinin fasial-dəri fleb diaqnozlu daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” adlı bölmə salınıb. Burada azərbaycanlı cərrahın yaratdığı və neçə illərdir tətbiq etdiyi xüsusi metodikadan bəhs olunur və tədris olunur.

Vaqif Qələndərin sözlərinə görə, bu metod 1999-cu ildə Səhiyyə Nazirliyinin və ATU-nun xüsusi icazəsi ilə Azərbaycan məhkəmə-tibbi ekspertizasının morqunda insan meyitləri üzərində aparılan araşdırmalardan sonra öz təsdiqini taparaq canlı insanlarda tətbiq edilib. Süd vəzinin yenidən bərpası və döş qəfəsi toxumalarının yenidən bərpası üçün yeni yanaşma ortaya qoyan yeni metodika yaradılıb. 1999-cu ilin sentyabrın 29-da Quş adasında keçirilən ümumdünya Plastik-Rekonstruktiv Cərrahiyyə Konqresinə təqdim olunmuş bu ixtira 360 yenilik içərisindən seçilərək beynəlxalq mükafat və diploma layiq görülüb.

Bu cərrahiyyə metodu dünyanın impakt faktorlu nüfuzlu jurnallarında nəşr olunub.

Yaponiyada, Braziliyada, Çilidə, Türkiyədə, Koreyada, ABŞ-da bu metodla cərrahiyyə əməliyyatları həyata keçirilir. ABŞ-ın Florida ştatının qabaqcıl, nüfuzlu klnikalarında bu metodla cərrahiyyə əməliyyatları aparılır.

Vaqif Qələndər Plastik və Rekonstruktiv cərrahiyyə ixtisası uzrə tələbələrin və rezidentlərin hazırlanması üçün Azərbaycan Tibb Universitetində ilk dərslik və dərs vəsaitinin müəllifidir. Cərrahın özünə məxsus altı yeni cərrahiyyə metodu,78 elmi əsəri xarici ölkə jurnallarında və konfranslarında nəşr olunub. Vaqif Qələndər bir çox müərkkəb əməliyyatlar, o cümlədən dirsəkdən qopmuş qolun 6-8saatdan sonra tekrar yerinə replantasiyası (bərpa olunması) əməliyyatını müvəffəqiyyətlə həyata keçirib. 30-dan çox xarici ölkə elmi konfranslarında məruzəçi qismində iştirak edib. V.Qələndər Bakıda 3 dəfə beynəlxalq Plastik və Rekonstruktiv cərrahiyyə üzrə beynəlxalq konfransların bilavasitə təşəbbüskarı və təşkilatçısı kimi çıxış edib. Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin qurucusu və sədridir. Vaqif Qələndər Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının idarə heyətinin həqiqi üzvüdür.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər