18 Yanvar 2018 21:56
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi gözəllik salonlarında heç bir yoxlama aparmır.

Bunu Teleqraf.com-a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Şöbə müdiri qeyd edib ki, səbəb sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasıdır: “Yalnız şikayət daxil olduqda araşdırma aparılır, nətciələr hüquq-mühafizə orqanlarına göndərilir”.

Ölkəninə baş infeksionisti Cəlal İsayev bildirib ki, gözəllik salonlarında tələb olunan qaydalara mütləq əməl olunmalıdır: “Qaydalara əməl edilməsə, insanlara infeksiyalar rahatllıqla keçə bilər. Salonlarda alətlər düzgün sterizasiya edilməlidir. Kosmetoloji alətlər normaldırsa, heç bir problem ola bilməz”.

Baş infeksionistin sözlərinə görə, kosmetoloji alətlər düzgün sterizasiya olunmasa, insanlar daha çox B,C hepatitlərinə, QİÇS-ə yoluxa bilərlər.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı gözəllik salonlarına verilən standart qaydaları açıqlayıb: “Bildirim ki, “AZS ГОСТ Р 51142-2013 Məişət xidmətləri. Bərbərxana xidmətləri. Ümumi texniki tələblər” adlı standart komitənin 2 oktyabr 2013-cü il tarixli 098 saylı əmri ilə təsdiq edilib və qüvvəyə minib. Bu standart bərbər xidməti həyata keçirən müxtəlif kateqoriyalı salonlar və burada çalışan işçilərə olan tələbləri əhatə edir.

Ümumi tələblərə əsasən salonların girişində qonaqların qəbulu üçün xüsusi yer ayrılmalı, qeydiyyat kitabında qonağın gəlmə vaxtı yazılmalı, üzvlük barədə kart qonağa təqdim edilməli və qonağın rahatlığı üçün sərinləşdirici və ya isti içkilərin təqdim edilməli, xidmətlərin qiymət nomenklaturası mövcud olmalıdır”.

Komitə rəsmisi qeyd edib ki, standartın təhlükəsizlik tələblərinə əsasən, salonlarda ən son qulluq texnologiyalarından isifadə edilməlidir: “Bərbərlərin və digər xidmət göstərən əməkdaşların professional təhsilini təsdiq edən sənədin, eləcə də hər il və ya tələbə uyğun olaraq bir neçə ildən bir təlim keçməsi barədə sənədlərin olması da vacibdir.

Bərbərlərin müsabiqələrdə, sərgilərdə iştirakı da mühümdür. Bərbərlər həmçinin şəxsi gigiyenalarına diqqət yetirməli, xidmət göstərilən otaqlar kondinsionerlərlə təchiz olunmalı, nəmliyə və quruluğa nəzarət edilməlidir. İşdə istifadə edilən bütün avadanlıqların uyğunluq sertifikatı olmalıdır. Bu tələb bütün növ bərbərxanalara aiddir.

İstifadədə olan materialların, məhlulların müddəti nəzarətdə saxlanmalı, kimyəvi məhlullardan, vasitələrdən istifadə etməmişdən qabaq qulluq edilən şəxsin dərisi yoxlanmalıdır. Xidmət zamanı istifadə edilən su 50 dərəcədən yüksək, 28 dərəcədən aşağı olmamalıdır.

İstifadədən sonra məhlul və ya məhsullar müəyyən edilmiş qaydada ətrafa ziyan vermədən utulizasiya edilməlidir”.

Qeyd edək ki, Azad İstehlakşılar Birliyinin sədri Eyyub Hüseynov mətbuata açıqlamasında tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər bioloji mayelərlə təması nəzərdə tutan xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinə riayət etmədiklərini bildirib, məsələyə Səhiyyə Nazirliyinin diqqət göstərməli olduğunu vurğulayıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər