Cocuq Mərcanlıda ikinci mərhələdə evlərin tikintisi artıq başa çatıb.
Teleqraf.com xəbər verir ki, bunu Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.
K.Həsənov bildirib ki, hazırda suvarma məqsədi ilə çəkilən xətlərlə bağlı bəzi tamamlanma işləri aparılır.
İcra başçısı qeyd edib ki, sakinlərin köçürülməsi üçün artıq hər şey hazır vəziyyətdədir, sadəcə hava şəraiti köçürmə prosesini bir az ləngidib. K.Həsənovun sözlərinə görə, bu və ya gələn ay artıq sakinlərin Cocuq Mərcanlıya köçürülməsi nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. İkinci mərhələdə isə Cocuq Mərcanlıda 100 ev və digər sosial obyektlər tikilib. (Trend)