Azərbaycan Nazirlər Kabineti “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”nı təsdiq edib.
Qaydaya əsasən, məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər. Məktəbəqədər təhsil müəssisəsinin uşaqlarla komplektləşdirilməsi zamanı uşaq kontingenti məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun formalaşdırılır:
1. körpələr evi - 1 yaşdan 3 yaşadək;
2. körpələr evi-uşaq bağçası - 1 yaşdan 6 yaşadək;
3. uşaq bağçası - 3 yaşdan 6 yaşadək.
Qrupların komplektləşdirilməsi hər ilin may ayından başlayaraq sentyabr ayınadək, uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu iyunun 1-dən avqustun 31-dək həyata keçirilir, boş yerlərə qəbul isə il ərzində aparılır.
Uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu üçün aşağıdakı sənədlər tələb olunur:
1. müəssisənin müdirinin adına ərizə
2. valideynin və ya digər qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti;
3. uşaqların mübadilə vərəqəsi;
4. uşağın doğum haqqında şəhadətnaməsinin surəti;
5. uşağın 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli;
6. uşağın sağlamlığının vəziyyəti barədə tibbi arayış.
Məktəbəqədər təhsil müəssisəsində yalnız boş yer olmadığı halda, uşaqların müəssisəyə qəbul edilməsindən imtina oluna bilər. Əks halda, uşağın məktəbəqədər təhsil müəssisəsinə qəbul edilməsindən imtina olunması valideynə və ya digər qanuni nümayəndəyə bu barədə təsisçiyə şikayət etmək hüququ verir. Sağlamlıq imkanları məhdud olan uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu və onların orada qalma müddətinin müəyyənləşdirilməsi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir. Dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, tək işləyən valideynlərin, I və II qrup əlillərin, hərbi xidmətdə olan valideynlərin, təhsil alan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlarla Azərbaycan Respublikasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan məktəbəqədər yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrində bərabər şərtlərlə təhsil almaları təmin edilir. Bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir./Trend/