24 Yanvar 2018 20:47
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər polis əməkdaşlarının vətəndaşlarla davranışda etik qaydaların pozulması hallarına rast gəlinir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquqşünas Ərşad Hüseynov Daxili İşlər naziri Ramil Usubovun 2018-ci ili yol-patrul xidməti əməkdaşları üçün “Etik-davranış ili” elan eləməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, məqsəd polis əməkdaşlarının vətəndaşlarla münasibətində etik davranış qaydalarına tam riayət olunmasını təmin etməkdir: “Əslində bu hər bir polisin vəzifəsidir. Öz vəzifəsini yerinə yetirmək polis əməkdaşının borcudur.

Polis qarşısında qoyulan tələbləri iki hissəyə bölərdim. Birincisi, qanunları, düzəliş və təlimatları mükəmməl öyrənmək və hər bir halda onlara əməl etmək lazımdır. Polis vəzifəsindən, rütbəsindən asılı olmayaraq bütün fəaliyyətini qanun çərçivəsində qursa, vəzifə təlimatını pozmasa, o, heç vaxt etik davranış qaydalarından kənara çıxmayacaq. Yəni etik davranış qaydaları ilk növbədə qanunvericiliyə riayət etməkdir.

İkincisi, peşəkarlıq səviyyəsini artırmaqdır. Hər bir polis əməkdaşı öz üzərində işləməlidir. Vətəndaşlarla davranışda peşəkar olmalıdır. İstər adi qayda pozucusu olsun, istərsə də qatı cinayətkar... Soyuqqanlı olmaq gərəkdir. Xüsusi vasitələrdən, yəni silahdan, dəyənəkdən qanuna uyğun şəkildə, yerində istifadə etməlidir. Peşəkarlıq budur”.

Ekspert əlavə edib ki, dünyanın hər yerində cəmiyyətdə qanunçuluğun səviyyəsi, hüquq qaydalarına riayət olunma dərəcəsi həm də polisə münasibətlə ölçülür: “İnsanlar polisə nə dərəcədə etimad göstərir, inanır – bu, ciddi meyardır. Polisin qanunları düzgün bilməsi və peşəkarlıq göstərməsi ona olan münasibəti həmişə gücləndirir. Qarşılıqlı etimad, inam yüksək olanda həmin cəmiyyətdə və ölkədə hüquq pozuntularının sayı azalır və insanlar polislə əməkldaşlığa meyilli olurlar”.

Qeyd edək ki, Daxili İşlər naziri 2018-ci ili yol-patrul xidmətinin əməkdaşları üçün “Etik-davranış ili” elan etdiyini bildirib, vətəndaşlarla ünsiyyətdə kobudluq göstərən, sürücüyə özünü təqdim etməyən, törətdiyi qayda pozuntusu barədə ona izah verməyən, yaxud bunu bacarmayan əməkdaşlar barəsində ciddi ölçülər götürüləcəyini vurğulayıb.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər