Dünən Səbail rayonun icra başçısı Eldar Əzizov əraziyə gələrək təcili 67 evin boşaldılması ilə bağlı göstəriş verib.
Bu sözləri Teleqraf.com-a Bayılda, Teleqüllə yaxınlığında sürüşmə ərazisinin sakinlər deyib.
Sakinlərin sözlərinə görə, səbəb ərazidəki sürüşmənin 30 il bundan qabaqkından daha təhlükəli olmasıdır: “Ona görə də gecəni qalmağa qoymadılar ki, təhlükəlidir. Gecə bütün evlərdəki qadın, uşaq və yaşlılar evləri tərk etdilər. Çoxu qohumlarında qalmağa getdi. Bəzi ailələr də 49 saylı orta məktəbdə yaradılan sığınacaqda qaldı.
Hamı yalnız qiymətli əşyalarını, sənədlərini götürüb çıxıb. Bu gün əraziyə komissiya gəlib. Bir-bir evləri gəzib, qeydiyyata alırdılar. Günortadan sonra rəsmi cavab deyiləcək ki, bu evlər köçürülür, yoxsa sürüşmənin qarşısını almaq mümkündür”.
Xatırladaq ki, sürüşmə baş verən ərazi təhlükəsizlik zolağı ilə əhatələnib. Ərazi polis nəzarətinə götürülüb.
Hadisə yerində Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Ötən gün Bayıl yaşayış massivindəki mövcud sürüşmə zonasında yaranmış təhlükə ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində (RİH) yaradılmış xüsusi qərargahdan verilən məlumata görə, mütəxəssislər ərazidə araşdırmalar aparıb və Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunub.
Səbail RİH tərəfindən əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ailə, yəni 390 nəfər ailə üzvü köçürülüb: "Onlardan 34 ailə məcburi köçkünlərdir. Köçürülən vətəndaşların əksəriyyəti qohum, tanış evinə gedib, RİH tərəfindən yaradılmış müvəqqəti sığınacaqda hazırda 42 nəfər var. Onların məişət və qidalanma məsələləri həll olunub, sığınacaqda həkim postu yaradılıb".
Məlumatda bildirilib ki, Bakı şəhərində aktiv sürüşmə zonalarında bu hallar mütəmadi olaraq baş verir: "Sürüşmə hadisəsı müəyyən dövrdən bir aktivləşir. Buna relyef dəyişmələri, torpağın dərinliklərindəki proseslər, xüsusilə də yağıntıların artması və digər amillər təsirini göstərir. Sürüşməyə meyilli ərazidə hər hansı böyük tikinti işləri aparılmır və bura ən yaxın tikinti 5-6 km uzaqlıqdadır. Onların inşasına icazə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və digər aidiyyəti qurumlar tərəfindən xüsusi araşdırmalardan sonra verilib.
Ona görə də sürüşmə hadisəsini sırf tikinti ilə əlaqələndirmək düzgün deyil. Hazırda ciddi narahatçılığa əsas yoxdur və ərazi aidiyyəti qurumlar tərəfindən nəzarətdədir. FHN, ETSN-i və digər aidiyyəti qurumların mütəxəssisləri ərazidə araşdırmalar aparır, qəbul edilən qərarlar və görüləcək işlər barədə əlavə məlumat veriləcək".