Mənim Dağlıq Qarabağ münaqişəsinə münasibətim Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mövqeyi ilə üst-üstə düşür. AŞPA Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fəaliyyət göstərən beynəlxalq təşkilatların, habelə BMT-nin, ATƏT-in Minks qrupunun roluna hörmətlə yanaşır.
Teleqraf.com xəbər verir ki, bunu Report-a açıqlamasında AŞPA-nın yeni prezidenti Mikele Nikoletti bildirib.
O qeyd edib ki, AŞPA Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş istənilən fəaliyyəti dəstəkləməyə hazırdır: "Mən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunacağına ümüd edirəm".
M.Nikoletti Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətinə də toxunub. O vurğulayıb ki, azərbaycanlı deputatlar Parlament Assambleyası çərçivəsində yüksək fəallıq nümayiş etdirirlər: "AŞPA üçün hesabatların hazırlanmasında Azərbaycan nümayəndə heyətinin üzvləri çox aktiv fəaliyyət göstərirlər və mən onların hesabatlarını çox qiymətləndirirəm. Biz Azərbaycan nümayəndə heyətinin üzvləri ilə sıx qarşılıqlı dialoq şəklində fəaliyyət göstəririk".