Cəmiyyətdə televiziyalarla bağlı olan narazılıq ondan ibarətdir ki, yayımçıların verilişlərində müəyyən bayağılıq, verilişlərdə aşağı səviyyəli yaradıcılıq nümunələri çox olur.
Teleqraf.com xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
T.Dadaşov bildirib ki, bəzi televiziyalar efirin doldurulması məqsədilə və yaxud da reytinq xatirinə cəmiyyət tərəfindən xoş qarşılanmayan verilişlər hazırlayırlar, cəmiyyətdə nüfuzu o qədər də yüksək olmayan bəzi adamlar televiziyaların efirindən düşmürlər, televiziyalarımız da bunların üzərində reklam quraraq reytinq qazanmağa çalışırlar:
“Əlbəttə ki, bu xoşa gələn hal deyil. Biz ictimai rəyi nəzərə almalıyıq. Bəzi televiziya kanalları var ki, reytinq yarışında geri qalmamaq üçün, "qısa yolla" qabağa getmək üçün belə hallara yol verirlər. Biz onlarla iş aparırıq və bu cür halların qarşısını almağa çalışırıq. Əlbəttə, biz çalışırıq ki, məsələni inzibati yolla həll etməyək, ancaq lazım gələrsə, Milli Televiziya və Radio Şurası öz səlahiyyətlərindən istifadə edə bilər”.
T.Dadaşov əlavə edib ki, ümumilikdə televiziyaların efirində müəyyən müsbət məqamlar, inkişaf meyilləri də var: “Biz çalışırıq ki, müəyyən nöqsanları aradan qaldıraq. Qanunvericiliyin pozulması halları əvvəlki kimi deyil, xeyli azalma var”.