Bu gün Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") üzvləri üçün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin iştirakı və çıxışı ilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib.
Diplomatik korpusun nümayəndələri də daxil olmaqla tədbirdə 150 qonaq iştirak edib.
A.Əliyev palata üzvləri qarşısında çıxış edərək 2017-ci ildə gömrük işinin təşkili sahəsində görülən işlərdən, gömrük sistemində həyata keçirilən islahatlardan və bu tədbirlərin ölkədəki ticarət mühitinin yaxşılaşdırılmasına təsirindən danışıb. O, eyni zamanda, ötən il gömrük xidmətində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, qaçaqmalçılığa və digər hüquqpozmalara qarşı mübarizə, innovasiya layihələrinin tətbiqi, elektron xidmətlərin təşkili və digər sahələrdə görülən işlər barədə də məlumat verilib.
Görüşdə ötən il ərzində DGK-nın fəaliyyətinin əsas prioritet sahələrindən biri kimi, elektron gömrük xidmətlərinin inkişaf etdirilməsindən də bəhs olunub. “Qeyd etmək istərdim ki, gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqi daha da genişləndirilib və Elektron Hökumət Portalı (EHP) vasitəsilə DGK-nın təqdim etdiyi xidmətlərin sayı artırılıb. Hazırda Komitə vətəndaşlara və sahibkarlara EHP üzərindən 11 elektron xidmət təqdim edir", - deyə A.Əliyev bildirib.
Çıxış zamanı, həmçinin, DGK-nın biznes nümayəndələri ilə hər zaman açıq dialoqa hazır olduğu bir daha vurğulanıb, ötən il komitə rəhbərliyinin yerli və xarici iş adamları ilə keçirdiyi bir sıra görüşlər, gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində görülən tədbirlərin özəl sektorun çevik və səmərəli fəaliyyəti üçün yaratdığı mühüm imkanlar barədə məlumat verilib.
Qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi məqsədini daşıyan tədbirin sonunda komitə sədri tərəfindən palata üzvlərini maraqlandıran suallar ətraflı cavablandırılıb.
Daha sonra "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC üzv şirkət təqdimatları keçirib. Tədbirdə məşhur usta Fuad Axundov Bakının tarixinə nəzər salıb.
Qeyd edək ki, Palatanın təşəbbüsü olan və "Amcham" tərəfindən hər ay təşkil olunan işgüzar naharda yüksək vəzifəli hökumət rəsmiləri, Milli Məclisin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.
"AmCham" xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış "AmCham" iqtisadiyyatın hər bir sektorunda fəal olan 260-dən çox üzv və köməkçini özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli biznesin mühüm hissəsini təmsil edir./Report/