Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi fəaliyyətə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün bununla bağlı İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə nazir müavini Sahib Məmmədov ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı və davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd edilib ki, “Böyük Qayıdış”ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində icma əsaslı biznesyönümlü layihələrin icrası, o cümlədən yem emalı müəssisəsinin istifadəyə verilməsi Cocuq Mərcanlıın sosial-iqtisadi inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli addımdır.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlıda həyata keçirilən işlər barədə məlumat verib və yem emalı müəssisəsinin istifadəyə verilməsinin kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə şərait yaradacağını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Cocuq Mərcanlı sakinləri göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi (SEDA) çərçivəsində tikilmiş yem emalı müəssisəsində yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub. Müəssisədə hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən, ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.