2 Fevral 2018 20:43
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan gəncliyinin istedadlı və bacarıqlı olması bir faktdır".

Teleqraf.com xəbər verir ki, bunu 2 Fevral Gənclər günü ilə bağlı tədbirdə Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev deyib.

Onun sözlərinə görə, gənclərin potensialının artırılması, onların daha da təkmilləşməsi prosesində motivasiya çox önəmlidir: "Gənclərimiz həm ölkə daxilində, həm də ölkə xaricində mühüm nailiyyətlər əldə edir, bununla da ölkəmizdə qlobal səviyyədə rəqabətədavamlı kadrların sayı hər gün artır. Bu gün müxtəlif sahələrdə ən istedadlı və çalışqan gənclərə təqdim olunan mükafatlar həm onların uğurlarını cəmiyyətə tanıdacaq, həm də onların özlərinə olan inamı artıracaq. Bu mükafatlar onların uğur hekayələrinin sonu yox, başlanğıcıdır. Respublikadakı hər bir gənc bilməlidir ki, onun bacarıq və istedadı, həyata keçirdiyi fəaliyyət qiymətləndirilir və heç vaxt diqqətdən kənarda qalmır".

Yusuf Məmmədəliyev bildirib ki, prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər bir Azərbaycan gəncinin qayğısına qalır, onların fəaliyyətini yaxından izləyir: "Ölkə rəhbərliyinin həyata keçirdiyi "qara qızıl"ın insan kapitalına istiqamətləndirilməsi strategiyasına əsaslanan gənclər siyasəti nəticəsində gənclərin elmi, mədəni, ictimai sahələrdə fəallığı təşviq edilir. Düşünürəm ki, gənclərimiz daha aktiv olmalı, ölkəmizin inkişafı üçün bütün sahələrdə önəmli rol oynamalıdır. Bu gün dövlət başçısının apardığı uğurlu gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi müasir, tolerant, savadlı, bacarıqlı və innovativdir. Şübhəsiz ki, bu uğur haqqında bütün dünya bilməlidir. Hər bir gənc ölkəmizin tarixi mədəni dəyərlərini yaşatmalı və layiqli vətəndaş olaraq vətəninə xidmət etməlidir. müsəlman şərqində ilk respublikanın qurulmasının 100 illiyini qeyd etdiyimiz bir dövrdə gələcək nəsillərin də bizim dövrümüzdə yaradılan dəyərlərlə maddi və mənəvi nailiyyətlərlə qürur duyması üçün çalışmalıyıq".

Şöbə müdiri qeyd edib ki, Azərbaycan öz tarixinin ən güclü, dinamik inkişaf dövrünü yaşayır. Gənclərimiz bu dövrün çağırışlarını həssaslıqla duymalı, hər biri dövrümüzün bir qəhrəmanına çevrilərək, gələcək üçün qurub yaratmalıdır.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər