3 Fevral 2018 12:57
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi ötən gün bir sıra kütləvi informasiya vasitələrində İrandan ölkəmizə toyuq ətinin gətirilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlara aydınlıq gətirib.

Komitənin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, 2016-cı ilin dekabr ayından etibarən İrandan ölkəmizə toyuq ətinin idxalına qadağa qoyulub, miqdarından və təyinatından asılı olmayaraq bu ölkədən toyuq ətinin gətirilməməsinə gömrük orqanları tərəfindən ciddi nəzarət edilir.

"Məlumatda istinad edilən gömrük əməkdaşının dedikləri isə, ümumiyyətlə həqiqətə uyğun deyil. Üstəlik xidmətdə yol verdiyi nöqsanlara görə həmin şəxs barəsində dəfələrlə intizam tənbehi tədbirləri tətbiq edilib. Belə ki, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə Dövvlət Gömrük Komitəsinin 22 sentyabr 2017-ci il tarixli əmri ilə Rövşən Vəliyevə töhmət elan edilib, "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi"ndə nəzərdə tutulan prinsip və qaydalara əməl etməyərək, xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə isə Dövlət Gömrük Komitəsinin 9 yanvar 2018-ci il tarixli əmri ilə Rövşən Vəliyevin xüsusi rütbəsi bir pillə aşağı salınıb", deyə məlumatda deyilir.

Məlumatda bildirilir ki, komitənin müvafiq strukturları tərəfindən aparılan araşdırmadan da məlum olub ki, bütün bunlardan nəticə çıxarmayan Biləsuvar Gömrük İdarəsinin yol vergiləri bölməsinin böyük inspektoru, gömrük xidməti kapitanı R. Vəliyev "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi"nin 4.4-cü və 4.5-ci bəndlərinin tələblərinə əməl etməyərək vəzifə təlimatı ilə müəyyən edilmiş səlahiyyətlərinə aid olmayan işlə məşğul olub, xidmət etdiyi gömrük orqanının fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitəsinin nümayəndəsinə verdiyi müsahibədə öz şəxsi mülahizələrinə əsaslanan fikirlər səsləndirib. Onun bu hərəkəti ictimaiyyətə doğru olmayan məlumatın çatdırılmağına səbəb olub, bununla da o, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini pozub. Xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini dəfələrlə təkrarən pozduğuna görə Dövlət Gömrük Komitəsinin 2 fevral 2018-ci il tarixli əmri ilə Biləsuvar Gömrük İdarəsinin böyük inspektoru, gömrük xidməti kapitanı R. Vəliyev "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilib və həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilib".


Müəllif: Şəfiqə

Oxşar xəbərlər