4 Fevral 2018 10:40
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məmləkət tarixindəki qadın obrazı ali bəşəri məziyyətləri ilə onilliklərin, qərinələrin, hətta əsrlərin süzgəcindən uğurla keçərək müasir həyat yollarında şərəflə, qürurla addımlamaqdadır. Böyük rus yazıçısı Lev Tolstoyun sözlərinə görə, qadın elə bir mövzudur ki, onu nə qədər incələsən də, hər zaman yenidir. Bəli, məhz Azərbaycan qadını bütün zamanlar üçün mövzu olaraq yeni, şəxsiyyət olaraq örnək və öndər müasirdir.

Şanlı Azərbaycan qadını “Ana” və “Həyat yoldaşı” kimi önəmli postulatına milli arnamentlər ərmağan etməklə yanaşı, həm də elm-sənət yollarında iz buraxaraq maarifçilik salnaməsi yaradıb. Bütün dönəmlərin fundamental dəyərlərini xarakterində ehtiva edən qadın, hər zaman ölkənin qoruyucu və qurucu gücü kimi önəmli aktor olmuşdur. Elm tarixi də etiraf edir: Azərbaycan qadını dünyaya humanizm və tərəqqi nümunəsidir.

Hüseyn Cavid “Sürüklənən bəşəriyyət qadınla yüksələcək”- misraları ilə Azərbaycan qadınının elmi-bəşəri üstünlüklərini bir daha və daha qüvvətli şəkildə isbat edir. Yaxın tarixə nəzər salsaq aydın şəkildə görərik ki, Azərbaycan bir cümhuriyyət kimi qurulmamışdan əvvəl məmləkət qadını millətinin maariflənməsi, arzularda qurulan ölkəsinin müqəddəs bütövlüyünün qorunması və dünyəvi Azərbaycanın elmi fundamental baza üzərində qurulması istiqamətində təbəddülatlar adlamış, nəticədə ayaq üstə sağlam dayana bilmişdir.

Ölkədə Azərbaycan qadınının fədakar əməyi ilə formalaşan maarifçilik ənənələrinin tarixi, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova–Zərdabinin timsalında cümhuriyyət qadını nümunəsi ilə başlayır. O, Tiflisdəki “Müqəddəs Nina” qız məktəbində təhsil alan ilk azərbaycanlı müsəlman xanım idi...

O, həyat yoldaşı Həsən bəy Zərdabi ilə Zərdabda yaşadıqları vaxtlarda şəxsi mənzillərində pulsuz məktəb açıb, hər cür təqib və təzyiqlərə baxmayaraq heç bir təmənna ummadan insanlara elm, savad öyrədən qadın olub.

Hənifə Məlikova “Nicat” cəmiyyətinin nəzdində “Azərbaycan qadınlarının ilk təşkilatı”nın qurucusu, Bakıda ilk qız məktəbinin təsisçisi və müdiri olub.

O, Azərbaycanda həyat yoldaşı haqqında memuar yazan ilk qadın idi...

Tarixin danılmaz və unudulmaz səhifələrindəki bu qürurlu yaşam nümunələri siyahısını bir qədər də uzatmaq olar. Nəticə dəyişməzdir: Cümhuriyyət xanıməfəndisi ilə təməli qoyulan müasir Azərbaycan qadını anlayışı, tarixin ənginliklərindən çağdaş dönəmə qədər dünya elminə intəhasızlıq bəxş etmişdir.

Qadının həyatı sevgi, duyğu, fədakarlıq...

Sovet dönəmində Azərbaycan məhdud imtiyazlarla ayaqda durmuşdu. Amma o zamanlarda da məmləkət məğlub olmadı. Bu qalibiyyət ölkə səmasında həm də maarifçi Azərbaycan qadınları sayəsində parladı. Sərhədsiz, amma əslində çərçivəli olan o illərdə məmləkət bir çox ilkə imza atıb, adını ümumittifaq səviyyəsində tərəqqipərvərlik nümunəsi olaraq duyurdu. Həmin zamanlarda ilk azərbaycanlı qadın-ərəbşünas elmlər doktoru olmuş, daha sonra bu ixtisas üzrə professor adı almış Aida xanım İmanquliyevanın kiçik elmi işçi (1966), baş elmi işçi (1973), ərəb filologiyası şöbəsinin müdiri (1976-cı ildən), elmi işlər üzrə direktor müavini (1988) olub və nəhayət 1991-1992-ci illərdə Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə yüksəlməsi ilə, respublikalar səviyyəsində Azərbaycan elm apogeyini fəth etdi. Bu elm-tərəqqi zirvəsi məhz bir Azərbaycan qadını sayəsində aşılmışdı.

Üç monoqrafiya (“Mixail Nuayma” və “Qələmlər birliyi”(1975), “Cübran Xəlil Cübran”(1975), “Yeni ərəb ədəbiyyatının korifeyləri”(1991)) və 70-dən artıq elmi məqalənin müəllifi olan Aida İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olmuşdur. Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən “Asiya və Afrika xarici ölkələri ədəbiyyatları” ixtisası üzrə müdafiə şurasının üzvü, sədr müavini və sədri vəzifələrində çalışıb.

Professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini dəfələrlə yaxın və uzaq xarici ölkələrdə – Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Halle və s. təmsil edib.

Daha bir elmi nailiyyət odur ki, Aida İmanquliyevanın rəhbərlik etdiyi Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilmişdi.

Görkəmli şərqşünas Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının və Yazıçılar Birliyinin üzvü olmuşdur.

Böyük fransız yazıçısı Onore de Balzak deyir: “Qadının həyatı sevgi, duyğu, dözüm və fədakarlıqdan yoğrulub”. Bəli, bütün bu sadalanan altruist nailiyyət göstəriciləri böyük bir seviginin, duyğunun, dözümün və fədakarlığın inikası nəticəsində meydana gəlmişdi. Bu, yer üzünün ən ziyalı və ən günahsız sevgisi idi. Bu, Aida xanım İmanquliyevanın Azərbaycan sevgisi idi.

Qadın jurnalistlər

Alman şairi və dramaturqu Fridrix Şillerin “Dünyanı yaşayış üçün yararlı hala salan qadınlardır” yüklü aforizmi xüsusilə çağdaş zaman dilimi üçün inkarolunmaz və labüddür. Çünki hər dövr öz yaşam şərtlərinə görə fərqlənir. Dəyişməyən isə dəyərlərdir. Bu dəyərlərin qorunub saxlanılması yaşamla bərabər, həm də kainatın səhmana salınması qədər alicənab hadisədir.

Azərbaycan mətbuatı tarixində silinməz imzası və danılmaz əməyi olan çox sayda qadın jurnalistlər olub, bu gün də var. Lakin məmləkət mətbuatı tarixinə elmi aspektdən dəyər verilməsi, daha incəliklə araşdırılıb tarixi qürurun faktlarla isbat olunması müasir zaman uğurlarındandır. Bu uğurun müəllifi filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini, "Kaspi" qəzetininin təsisçisi Sona Vəliyevadır. Məhz onun cəsarətli, fədakar addımları, mətbuat tarixinin elmiliyinə diskursiv yanaşma tərzi Azərbaycan mətbuatı üçün fundamental elmi tarixi əsər kimi səciyyəvi, əhəmiyyətlidir.

Peşə fəaliyyətinə elmə xidmətlə - pedaqoq kimi başlayan Sona xanım Vəliyeva, mətbuatda sözün keşiyində durmuş, qələm-fikir sahibi kimi ölkə rəhbərliyi və saysız oxucuları tərəfindən diqqətlə, qayğıyla qiymətləndirilmişdir.

İlk kitabı “Çəhrayı rəngli dünyam” 2007-ci ildə nəşr edilib. Daha sonra “Arazbarı” (2011), “Dünya Tanrı biçimdədir” (2017), “Bitməyən söz” (2017) kitabları bəbii-publisistik yaradıcılığa etalon meyardır. Sona Vəliyevanın şeir kitabları xarici ölkələrdə də ardıcıl çap olunur: “Arazbarı” (İstanbul, 2015), “Türkün gəlişi” (İstanbul, 2015), “Dualar, sevgilər” (Tehran, 2015), “Arazbarı” (Təbriz, 2015), “Arazbarı” (Kazan, 2016), “Dünya görüş yerimiz” (2016), “Dünya görüş yerimiz” (rus dilində, 2017), “Ağır damlalar” (Tiflis, 2017). Onun şeirləri ingilis, rus, fars, fin, Belarus, özbək, qazax, qırğız, tatar və s. dillərdə, müxtəlif mətbuat orqanlarında yayımlanır.

Sona Vəliyevanın “Azərbaycançılıq ədəbi-estetik təlim kimi” (2002) və “Milli Dövlətçilik hərəkatının yüksəlişi və xalq cümhuriyyəti dövründə azərbaycançılıq ideologiyası” (2003) kitabları dövlətçilik tarixinin mədəniyyət və ədəbiyyatdakı milli ideologiyanın şərhi baxımından olduqca əhəmiyyətli və aktual araşdırmalardır. Ölkə ictimaiyyəti və elm adamları tərəfindən təqdir olunan bu elmi əsərlər bu gün Azərbaycanda və qonşu ölkələrdə yaxın və oxşar mövzularda tədqiqat işi aparanların əsas istinad mənbələrindən sayılır. Onun növbəti mərhələdə (elmlər doktoru) elmi işi Hüseyn Cavid yaradıcılığına həsr olunub. “Hüseyn Cavidin poetikası” adlanan elmi işdə ədibin yaradıcılığı indiyə qədər araşdırılmamış yöndən tədqiqata cəlb olunur. Tədqiqatçı Sona Vəliyevanın bu istiqamətdə araşdırma yazıları, məqalələri Azərbaycanda və xarici ölkələrin elmi jurnallarında ardıcıl yayımlanır.

Sona Vəliyeva Azərbaycanda təhsil quruculuğu sahəsində uğurlu təhsil işçisi kimi tanınır. Onun təsis etdiyi “Kaspi Təhsil Şirkəti” və “Kaspi liseyləri” milli təhsilin özünəməxsus metodlarla inkişafına layiqli töhfələr vermiş, intellektual gəncliyin yetişməsində müstəsna rol oynayıb. Dövrlər və istiqamətlər üzrə çoxşaxəli ölkə mətbuatını müxtəlif sferalardan araşdıraraq sinkretik şəkildə birləşdirilməsi həm söz-fikir sənəti, həm də ölkə mətbuatı tarixi üçün fövqəladə və əlamətdar idi.

Azərbaycanın “brend” kimi dünyada irəliləməsi...

Ölkənin ali və orta məktəblərində təhsil səviyyəsinin stimullaşdırılması, elm ocaqlarındakı maddi-texniki bazanın modern standartlara uyğun formalaşdırılması, bugünün və sabahın gəncinə qüsursuz maariflənmə imkanlarının yaradılması bir paradiqma kimi onun timsalında Azərbaycanın uğurudur.

Azərbaycanın uğur imzası – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır.

İsrailin “Breaking İsrael News” portalı yazır: “Azərbaycanın müasir baxışlara malik birinci xanımı Mehriban Əliyeva öz fəaliyyəti ilə ölkə qadınlarına nümunə göstərir, onları cəmiyyətdə fəal olmağa ruhlandırır”.

Bu bir həqiqətdir ki, hər bir maarifçi Azərbaycan qadını üçün ən dəyərli nümunə Mehriban xanım Əliyevadır. Çünki o, Azərbaycanda "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində yüzlərlə məktəblər tikdirərək, uşaqların daha yaxşı təhsil almaları üçün əlindən gələni edir. Təhsili millətin gələcəyi üçün ən önəmli məsələ hesab edən Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas diqqət mərkəzində olan məsələlər arasında təhsil ön sıradadır. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində məcburi köçkün düşmüş ailələrdən birinci sinfə gedən övladlar artıq neçə ildir ki, Fond tərəfindən lazımi məktəb ləvazimatları ilə təmin olunurlar...

Mehriban Əliyeva deyir: “İnsan öz xeyirxah niyyətlərini, istəklərini, imkanlarını və qabiliyyətlərini tətbiq etmək sahəsini həmişə tapa bilər”.

Ən səmimi gerçək isə ondan ibarətdir ki, gələcək tarixçilər Mehriban Əliyeva fenomenini maraqla öyrənəcəklər. Bir sıra aspektlərin harmonik vəhdətindən yaranan bu fenomenin genezisini anlamaq əhəmiyyətlidir.

Məhz bizim ölkəmizdə Mehriban Əliyeva kimi liderin formalaşmasını taleyin qisməti hesab etmək olar. Obyektiv desək, onun təşəbbüs və təklifləri müxtəlif sivilizasiya platformalarının qovuşuğunda yerləşən Azərbaycanın sosial-humanitar və elmi-mədəni modernləşməsinin hərəkətverici amilinə çevrilib.

Politoloq Aleksandr Karavayev deyir ki, o, Azərbaycanın kompleks humanitar “brend” kimi dünyada irəliləməsini və ölkənin sistemli sosio-mədəni inkişafını uğurla sintezləşdirə bilib. Onun rəhbərliyi ilə bu iki proses, necə deyərlər, çiyin-çiyinə irəliləyir.

Bu gün “məşhur” dünya maarifçilərinin konspirativ fəaliyyətinin məhdud çevrənin maraqlarına xidmət etməsinə qarşılıq olaraq qürurla deyə bilərik ki, Mehriban xanım Əliyevanın ictimai-siyasi, elmi-mədəni mövqeyi dünyanın sağlam gələcəyinə hesablanıb. Bu uğurlu hesab üstün bəşəri dəyərlərin ən parlaq simvoludur.

“Qadınlar hər şeyi fitrətən bilir, kişilər isə kitablardan öyrənir”. Buddanın bu sözləri bəşər tarixinin ən alicənab etirafıdır. Tarixin dolaylarından keçib çağdaş əsrimizə qədər gələn maarifçi Azərbaycan qadını bütün zamanlar üçün cəmiyyətdə katarsis yaratmağa müvəffəq olmuşdur. Məmləkət qadını dünya elm arenasında tarixi təkrarlarla yox, ardıcıl ilklər və öndərliklə qalib oldu. Azərbaycan xanımının emansipasiyası prosesi ilə başlayan maarifçilik dalğası, bu gün də ölkədə bəşəri Şərq dəyərləri ilə modern dünya çalarları arasında vəhdət yaradaraq qürurla, inamla, uğurla irəliləyir.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi” qəzetinin keçirdiyi müsabiqəyə təqdim edilir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər