“Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nın tətbiqi barədə təhsil naziri əvəzi Ceyhun Bayramov əmr imzalayıb.
Teleqraf.com xəbər verir ki, əmrdə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5/5 nömrəli qərarı (əlavə olunur) rəhbərlik və icra üçün qəbul edilib.
Ali təhsil müəssisələrinin rəhbərləri Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5/5 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nı işdə rəhbər tutmalı, “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nın 1.12-ci bəndini nəzərə alaraq müvafiq vəzifələrin tutulması ilə bağlı elan olunmuş və əmr qüvvəyə minənə qədər proseduru başa çatmayan müsabiqələrin dayandırılmasını və bu Qaydalara uyğun həmin vəzifələrin tutulması ilə bağlı seçkilərin təşkil olunmasını təmin edilməli, Təhsil Nazirliyinin 09.03.2011-ci il tarixli 400 nömrəli əmrinin 1-ci, 2-ci, 3-cü bəndləri və bu əmrlə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” qüvvədən düşmüş hesab edilsinlər, Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y.Piriyev) bu əmrdən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.
Əmr imzalandığı gündən qüvvəyə minir.