2018.02.06 09:15
Azərbaycanlı mütəfəkkir, gələn il 150 illik yubileyini qeyd edəcəyimiz Əhməd bəy Ağaoğlu ömrünün sonlarına yaxın kiçik həcmli xatirə yazıb. Təəssüf ki, həm ömrünün ahıl çağında, həm də düşüncə böhranı içində olduğu bir dönəmdə qələmə aldığı üçün xatirələrini tamamlamayıb. Oğlu Səməd Ağaoğlu bunu belə izah edib:
“Ölümündən iki ay əvvəl mənə son sətirləri oxuduqdan sonra, “artıq dayandıracağam” dedi. “Xatirələrin içində üzülmək məni sonsuz dərəcədə təsirləndirir. Məndən sonra sizlər dəftərimdən davam edərsiniz”.
Amma buna baxmayaraq, Əhməd bəy xatirələrində həyatının bizim üçün maraqlı olan Şuşa, Peterburq, Paris dönəmini yazıb. Bu xatirələrdən Ağaoğlu ailəsinin timsalında dönəmin ab-havasını çox rahat hiss etmək olur.
Beləliklə, Teleqraf.com Əhməd bəy Ağaoğlu haqqında xatirələrin özü tərəfindən yazılmış hissəsini təqdim edir:
***
Patriarxat bir ailə
Bu il 67 yaşım oldu. Altmış yeddi! Nə qədər çoxdur! Bir az çox deyilmi? Məncə, insan vaxtında ölməyi bilməlidir. Bilməzsə, mənim kimi tək başına, sərsəm və avara qalar! Hələ həyat yoldaşını da itirərsə, tamamilə sarsaqlayar, artıq onun üçün ətrafındakı qapqaranlıq uçurumun kənarında baş gicəllənməsindən başqa bir şey qalmaz.
Mənim çox sevdiyim Əli bəy adlı bir əmim vardı. Anadan filosof doğulmuşdu. O da qocalmışdı və həmişə mənə deyərdi: “Qardaş oğlu! Çalış qocalma. İnsan qocaldığında camış kimi gövşəyir. Həmişə geriyə baxır”.
Mən o vaxtlar əmimi başa düşməzdim. İndi başa düşür, onunla razılaşıram. Geriyə baxıram: 67 il! Nə uzun, nə tükənməz yol! Fəqət əldə nə qaldı? Məhsul nə?
Püff!!! Həm də çox uzun görünən bu altmış yeddi il indi mənim üçün göz yumub açma qədər bir şeydir!.. Damağımın milyonda birini doldurmayan kölgələr! Baş verən həmişə belədir. Bir hava, bir heçlik, bir yoxluq ki, xalq nağıllarında adı “bir varmış, bir yoxmuş”dur!
Vaxtilə üzərində əsdiyim, çırpındığım şeylər indi mənə nə qədər gülünc gəlir! Xatırlayıb gülürəm!
Atam rahat yaşadı, rahat öldü. Ömründə üzüntü nədir bilmədi. Hündürboy, cüssəli biriydi. Özü kimi iki nəfəri üst-üstə qoyub tək qoluyla başının üstünə qədər qaldırırdı. Qollu çuxasını, ipəkdən hazırlanmış geniş şalvarını geyinib ata mindiyi vaxt onunla yarışacaq kimsə yoxdu. Oxumağı-yazmağı bilirdi; farscanı başa düşərdi, Füzulidən şeirlər bilərdi.
Mömin idi. Ondan “Sən kimsən” deyə soruşulduğu zaman "Əlhəmdülillah, Məhəmməd ümmətindənəm, Ali-əba aşiqiyəm; Mənim atam Mirzə İbrahim, onun atası da Qurdlar elindən Həsən ağadır" deyərdi. Ağlına Türk olduğu gəlməzdi. Rusların gəlib Qurdlar elinin yerində yellər əsdirdiyini də düşünməzdi. Nə var? Nə olub ki? Həmd olsun azan oxunur, məscidlər qalır, axundlar vəz verir və bizim evdə də gecə-gündüz din ətrafında söhbətlər olur.
Ruslar fermalarına də toxunmadılar. Üstəlik ferma sahiblərinə əsilzadə ünvanı verdilər!
Belə olduğu halda mənim atam qarabağlı, Qurdlar elindən Mirzə İbrahim Mirzə Həsən oğlu niyə üzülsün, niyə düşünsün ki? O yeyərdi, içərdi, durnaları (bir növ ov qartalı) ov əlcəyinin üstünə alaraq tulaları (ov itləri) ilə quş ovlayardı.
Ömründə bir dəfə də Qarabağın kənarına çıxmadı. Qışı kəklikləri, turacları, qırqovulları bol olan Qarabağın bir ovalığında (Osmanlı sultanları da qışı bu ovalıqda keçirərdilər), yayda isə 1200 metr hündürlükdə bir dağın başında qartal yuvası kimi qonmuş, suları buz kimi Şuşada keçirirdi. Vaxtı gəldiyində, kefi istədiyində Abdallar kəndindən aşıqları gətirərək “Kor oğlan” oyunu, “Aşıq Piri”dən, “Əsli və Kərəm”dən mahnılar dinləyərək kef çəkərdi.
Belə bir adam üçün düşünüləcək, üzüləcək nə vardı ki? Ah! Kaş məni də o böyütsəydi, özünə oxşatsaydı! Hardaydı! O, uşaqlarını da düşünməzdi. Onları xanımına və böyük qardaşı Hacı Mirzə Məhəmmədə buraxmışdı. Xanımı, mənim anam Sarıcalı elindən idi. Köçəri idi. Balaca, incə, zərif, həssas bir varlıqdı. İndi də üzünün incə cizgilərini xatırlayarkən içimdə sızıltı hiss edirəm. Hələ Sarıcalının ədası ilə söylədiyi hüzünlü, ələmli laylalar qulağımdan keçərək könlümü titrədir! Böyük əmim Hacı Mirzə Məhəmmədə gəlincə, o bir nəslin başçısı idi. Atamdan daha hündür, daha iri idi və onda indi də hörmət bəslədiyim bir böyüklük vardı.
Eyni dairə içərisində yaşayan 50 nəfərlik bir kütlənin başçısı idi. Az danışar, heç gülməzdi. Ərəb və fars dillərini yaxşı bilirdi. Şəriəti dərindən bilirdi. Çox dindar və fanatik idi. Həccə getdiyi zaman İstanbulda bir müddət qalıb, xəlifənin həşəmətinə heyran olub, geriyə dönərkən hələ də saxladığım bir neçə tarix kitabı ilə Kamusun və Cövhərinin tərcümələrini gətirmişdi. Heç unutmuram, 1877-ci il savaşı əsnasında ruslar Qafqaz müsəlmanlarından şübhələnərək, bütün Şuşa müsəlman xalqının dinc duracağına dair sözü keçənlərdən zəmanət istəmişdilər. Bir çoxları qəbul etmədikləri halda əmim zəmanət vermişdi. Yaxınları “nə üçün bu ağır yükün altına girdin” deyə soruşduqları zaman bu cavabı vermişdi: “Bizimkilərdə ayağa qalxacaq qədər güc olsun, zərəri yoxdur, mən özümü fəda edərəm!”
Bu əmimin otağı gecə-gündüz mollalar və axundlarla, şəhərin öndə gedənləri ilə dolardı, həmişə dini mübahisələr edilərdi. O zamanlar Qarabağ hələ mebel nədir bilməzdi. Əmimin uzun salonuna başdan-başa xalılar sərilər, müsafirlər üçün ayrıca döşəklər düzülərdi. Baş tərəfdəki ocağın yanına böyük axundlar yerləşərdilər. Sonra növbə ilə digər mollalar və əşrəflər diz üstə oturardılar.
Ocaqların saçdıqları alovlardan və durmadan verilən qəlyan və nargilələrin dumanları arasında yenə dayanmadan boş mövzular ətrafında münaqişə aparardılar. “İmam qeybi bilirmi? İmamın elmi əzəlidirmi? Peyğəmbər meracı cismi ilə, yoxsa ruhu ilə etdi?” kimi məsələlər ətrafında saatlarla mübahisə edərdilər. Mollalar müridlərin gözlərindən düşməmək üçün ayələr, rəvayətlər, hədislər zikr edər, min bir məntiq oyunu edər, hirslənər, bağırar, sonda yenə hər tərəf özünü qalib sayaraq dağılışardılar. İkinci gün eyni şey başqasının otağında edilərdi.
Ah, bu münaqişələri necə gərgin bir diqqətlə dinləyərdim! Bir şey başa düşməzdim. Fəqət mənə o qalın sarıqlı mollalar, axundlar göydən enmiş varlıqlar kimi görünürdülər. Xüsusilə, onların danışdıqları dil məni heyran edərdi. Türkcə idi, fəqət elə türkcə ki, mən bir kəlmə də anlamazdım. Neçə dəfə ürəyimdə dərin ahlar çəkərək “mən də o dili danışa bilsəydim, onlar kimi olsaydım!” demişdim.
İndi mən əlli beş illik məsafədən bütün bunları xatırlayaraq o sadə, səmimi insanların bu qədər dəyərsiz və uydurma məsələlərə nə qədər əhəmiyyət verərək həyəcan duymalarına indi də qibtə edirəm. Necə xoşbəxtlikdir! Üst-üstə üç-beş boş fikri beyinlərinə yerləşdirərək həm həyəcan duyur, həm də rahat yaşayırdılar. Ah, nə olardı ki, mən də onlar kimi olsaydım!
Onsuz da böyük əmimdən olsaydı, mən də onlardan biri olacaqdım. O, mənə altı yaşımdan fars və ərəb dili müəllimləri tutdu, hər axşam dərslərimi özü yoxlayardı. “Mənim oğlum ağıllı olacaq” deyə məni oxşayardı. Kim bilir, bəlkə də, olacaqdım!
Fəqət təəssüf ki, mənim bu səadətə çatmağıma o zəif, incə anam mane oldu. Tayfa başçısı, cüssəli əmim Mirzə Məhəmmədlə, onun yanında oturmağa, niqabını açmağa cürət etməyən zərif anam arasında və mənim ətrafımda gizli bir mücadilə başlamışdı.
Anamın axundlardan, mollalardan xoşu gəlməzdi. Şübhəsiz ki, o da dindar idi, “Fatma köləsi” idi. Fəqət onun dindarlığı köçəri bir türkün düşüncəsinə hopmuş bir iman idi. O, Allahı da, peyğəmbəri də, din adamlarını da gəzdiyi və gördüyü çaylar və dağlar kimi dumduru, apaçıq, bəzəksiz-düzəksiz görmək istəyərdi. Axundların, mollaların əcaib qiyafətləri, sarıqları, cübbələri, nalınları da xoşuna gəlməzdi: “Bunlar hiylədir, aldadıcı şeylərdir, mən oğlumu elə görmək istəmirəm” deyərdi.
Üstəlik anamda bir ambisiya vardı. Rus çarı Varşava savaşına gedərkən əsgər aparmadığı çərkəs, ləzgi, osetin və türk bəylərindən hərəsindən bir könüllü alay istəmişdi. Qarabağdan göndəriləcək alay təşkil edilərkən anamın qohumlarından biri də seçilmişdi. Bu şəxs bir neçə il Lehistanda və Peterburqda qaldıqdan sonra məmləkətə dönmüşdü. Rusca öyrənmişdi və çiyinlərinin üzərində parlaq bir apolet gətirmişdi. O zamandan bəri Qarabağa rus böyüklərindən kim gələrsə, onun evinə gedər, onunla görüşər və xalqı da onun vasitəsiylə dinləyərdi. Bütün ailəsi, qohumları onunla öyünərdi, şərəflənərdi. Anam məni də onun kimi görmək istəyirdi. Arzu edirdi ki, rusca oxuyum, çiyinlərimdə apolet parıldasın, yerlilərdən dərdi olanlar anama sığınaraq məndən mədət istəsinlər!!!
Anam bu arzusunu həyata keçirəcək, mənim yolumu Kərbəlayi Mualladan, Nəcəfül Əşrəfdən Peterburqa və Parisə doğru çevirəcəkdi.
Ah, məni gözünün bəbəyi kimi sevən, yumşaq qəlbli, incə ürəkli anam, nə etdin! Niyə bu fəlakətli yolu mənə rəva gördün? Şübhə varmı? Nələr çəkəcəyimi bilmiş olsaydın, canından çox sevdiyin övladını bu cəhənnəm yoluna dürtməzdin! Mən də digərləri kimi Kərbəlaya, Nəcəfə gedərək axund, molla və ya əmimin dediyi kimi müctəhid olardım! Nargiləni tüstülədərək imamın elmindən, Mehdinin qeybeti-kübrasından bəhs edə-edə bu fani dünya həyatını rahat şəkildə başa vurardım.
Anam necə etdi, bu gün də bilmirəm. Qonşuluqda yaşayan qoca Kərbəlayi Bahar nənə vasitəsilə bir erməni müəllim tapdı. O, mənə rusca dərs verəcəkdi...
Davamı:
Şəhərimizdə türklər və ermənilər qarışıq yaşayırdılar. Ermənilər çoxdan rus məktəblərinə göndərilmiş, oxumuş, yerli rus idarəçiliyini ələ keçirmişdilər. Bizdən bambaşqa bir tərzdə həyat sürürdülər. Yadımdadır, erməni qocaları, kişi və qadınları bizim kimi geyinir, dilimizdə danışırdılar, bizdən heç bir fərqləri yox idi. Fəqət yenilər, gənclər bambaşqa idilər. Onlar dilimizdə danışmır, başqa paltar geyinir, bizə yuxarıdan aşağı baxırdılar.
Kərbəlayi Bahar nənə bu cür oxumuş erməni gənclərindən birini tapdı. O, hər gün Bahar nənənin evinə gələcək, mənimlə orada görüşəcək, atamın və əmilərimin xəbəri olmadan rusca dərs deyəcəkdi. Anamın planı bu idi və bu plan beləcə tam üç il davam etdi. Anam mənə ciddi tapşırmışdı: heç kimə söyləməyəcəkdim və mən də bu sirri saxlamaqla özümdə böyüklük hissi duyurdum, ürəyimdə uşaqcasına öyünürdüm.
Gizli rusca ilə bərabər, evimizə gələn bir axunddan fars və ərəb dərsləri də alırdım. Dördüncü il idi. Hələ də Füzulinin “Leyli və Məcnun”unu anlamırdım. “Gülüstan” və “Bustan”a gəldikdə, müəllim hər gün bir hissə oxudur, mənasını söyləyir, sonra da mən hecalayaraq oxuyurdum.
Ərəbinin təfsirinə gəldikdə, hələ heç bir şey anlamamışdım. Halbuki, üç ayda rusca yazmağı öyrənmişdim. Artıq mənə verilən hər cür kitabı oxuya bilirdim. Üstəlik rus kitabları nə qədər cazibəli idi: şəkillər, rəsmlər, qəribə-qəribə hekayələr, nağıllar... O biriləri isə qupquru, beynimdə bir cür tak-tak edən şeylər! Heç məni özünə çəkmirdi.
Üç il beləcə davam etdi. Müəllim mənə hesab, tarix, coğrafiya dərsləri də verdi və ayın sonunda müəllimin əmək haqqı olaraq anacığım yaxasındakı qızıl rus imperiya pullarından birini qoparır, Kərbəlayi Bahar vasitəsilə ona verərdi. Nə atam, nə də başqası bir şey eşitməzdilər. Anamın bu halını nə zaman xatırlasam, ürəyim çırpınır.
Bu arada erməni xalqının istəyinə əsasən rus hökuməti şəhərimizdə on sinifli bir məktəb açdı. Böyük əmim Hacı Mirzə Məhəmməd xəstələndiyi üçün Tiflisə müalicəyə getmişdi. Ailəyə başçılıq atama keçmişdi. Gimnaziyanın açılması münasibətilə Qarabağ valisi Qarabağın keçmiş müstəqil xanlarının varisi olan Xan qızının evində toplantı keçirərək şəhərdəki müsəlmanların tanınmış üzvlərini çağırmışdı. Atam da çağırılanlar arasında idi. Vali uzun bir çıxış etmiş, müsəlmanları uşaqlarını rus məktəblərinə qoymağa çağırmış, bunun müsəlmanlar üçün faydalı olacağını anlatmışdı. Şəhər böyüklərindən bir çoxları, o cümlədən atam da sırf valiyə xoş gəlsin deyə övladlarını məktəbə qoyacaqlarını vəd etmişdilər.
Atam evə hiddət içində gəldi: “Nə etdik? Dadaşım (böyük qardaşının ləqəbi idi) nə deyəcək?” - deyə var-gəl etdi.
Anacığım, o mələk baxışı və oxşayıcı səsi ilə önə keçdi: “Nə deyəcək? Nə edə bilərsən? Valiyə, bütün şəhərə qarşı çıxmağınımı istəyəcək? O da olsaydı, əlbəttə ki, sənin kimi edərdi”, - dedi.
Çox təmiz və saf bir adam olan atama anam zəkası və incəliyi ilə hakimdi. Atam yumşaldı, fəqət: “Hacı Mirzə Məhəmmədi tanımırsan?”
“Tanıyıram, amma çarə yoxdur”.
Bir müddət sonra Hacı da Tiflisdən geri gəldi. Məktəbdə də giriş imtahanları başladı.
Hacı min bir lənət oxuyaraq özü məni məktəbə apardı. İmtahan çox müvəffəqiyyətli keçdi. Birdən-birə dördüncü sinfə, yəni əsl gimnaziyanın ikinci sinfinə qəbul edildim. Müəllimlər və müdirlər məni oxşadılar, mədh etdilər.
Hacı zənn edirmiş ki, mən yalnız üç aydan bəri hazırlaşıram. O da heyrət etdi.
Buna baxmayaraq, evə gəldiyimiz zaman atama: “Günahı sənin boynuna! Mən onu müctəhid edəcəkdim. İndi kim bilir nə olacaq? Üç ayda bu qədər bacarıq göstərən bir uşaq öz elmlərimizə davam etsəydi, nə olmazdı” və içində bir ah çəkərək, “Allah axırını xeyirli etsin!” - dedi.
O gün anama sanki dünyalar verilmişdi. Kişilərdən ayrılıb yanına gəldiyim zaman onu sevinc içində gördüm.
Mən də anam qədər məsud idim. İmtahandakı müvəffəqiyyətim mənə qəribə bir qürur hissi vermişdi. Həm də yeni məktəbin forması vardı. Eynilə zabitlərin paltarı kimi yaxası və qolları sırmalı, şapkanın ətrafında qızıl tellər və önündə də məmurlara məxsus bir nişan!
Bundan əvvəl küçədə bu formanı geyinmiş uşaqlara rast gəldiyim zaman dönüb heyran-heyran baxardım, “Ah, mənim də belə bir paltarım olsa!” deyə ürəyimdə yanardım. İndi mən bu arzuma nail olmuşdum. Tamam bəxtiyar idim.
Girdiyim üçüncü sinifdə 45 tələbədən yalnız üçü türk idi. Hamısı xristiandı. Fəqət onların da qırxı tanıdığım və alışdığım erməni uşaqları olduğu üçün yeni mühitdə özümü çox da yad hiss etmədim. Mənə yad gələn məktəbin özü və müəllimləri idi. Mənim bildiyim və gördüyüm məktəbdə tələbə bir-birinin yanında diziüstə oturur, təkcə müəllim əlində çubuq və yanında falaqqa hər kəsin dərsini ayrı-ayrı deyir və ümuma nəzarət edərdi. Girdiyim məktəb buna heç bənzəmirdi: orada tələbə iki-iki stul üzərinə oturur, hamıya bir dərs verilir və müəllim qarşısındakı yüksək bir kürsüdən dərs deyir, sual verir, nəzarət edir. Həm də burada bir müəllim bütün dərsləri demir, hər saatda bir dərs dəyişir və yeni müəllimlər gəlir. Başqa dərslər deyilir. Bundan əlavə müəllimlərin öz aralarındakı fərqlər də diqqətimi çəkdi: Digərləri nə qədər taqətsiz, əyinləri pərişan, miskin idilər, bu birilər isə nə qədər canlı, təmiz və müntəzəm idilər.
İki məktəb arasındakı bu ayrılıq ilk gündən məni xəyala qərq elədi və beynimdə 54 il sonra da həll edə bilmədiyim bu sualı doğurdu: Niyə? Niyə bu fərq?
Mən irəlilədikcə bu sual da böyüyəcək, mənasını, əhatəsini artıracaq, bütün həyatımı ehtiva edəcək və mənim üçün bir dərdə çevrilib bütün həyatımı zəhərləyəcəkdi!
Yeni müəllimlər arasında ən çox sevdiyim ikisi vardı: Biri tarix müəllimiydi, eyni zamanda məktəbin inspektoru idi: Şineyovski. İkincisi isə riyaziyyat müəllimi Palekarpdı, bizim sinfin “nəbi”si, “mastavnisk” idi. O zamanlar inspektor demək məktəb müdirinin müavini demək idi. O, hündürboy, iri, saqqallı bir adamdı. Dərsi gözəl deyir, yaxşı izah edirdi.
Bəzən bir uşağın sualına görə dərsi buraxır, məsələn, 1824-cü ildə qiyam etmiş dekabristlərdən məşhurlarının sərgüzəştlərini danışır, məktəblərdə rəsmən tədris edilən Kovalsk tarixinə istehza edərdi.
Heç unutmuram, bir gün beşinci sinifdə tarix dərsi əsnasında Rusiyada çox məşhur olan Romanov adındakı qoyun cinsindən bəhs edərkən saqqalının yanlarını iki əlinin arasına alaraq yüksək səslə: “Diqqət edin! Qoyun cinsi Romanovdan bəhs edirəm!”.
Uşaqlardan biri “kık” deyə güldü.
İnspektor dərhal: “Şeytan, nə gülürsən? Yoxsa, ağlında bir bənzətməmi yarandı?” - dedi və bütün sinif güldü.
Digəri, Palekarp isə qəribə bir insan idi. Əsəbi idi. Yüyürməzdi, fırlayardı. Bir əli daim saqqalı ilə oynayar, tellərini qoparar, xoşallanar, gözəl saçları açıq alnı üzərinə tökülərək üzünə çox sevimli bir görünüş verərdi. Bir dəqiqə bir yerdə oturmazdı. Fəqət bütün təlaşı, bütün dərdi sinif, sinfin tələbələri idi. O, hər birimizə tək-tək ən yaxın və məhrəm dostlarımızdan daha yaxın və məhrəmdi. Tələbə ilə hər şeyi danışardı. Tələbənin bütün ehtiyaclarını, maddi-mənəvi hər dərdini öyrənməyə çalışardı, tələbə də ondan bir şey gizlətməzdi. Tələbənin evinə gedərdi. Yataq otağını, varsa, çalışma otağını tədqiq edər, buna uyğun olaraq məktəbə tələbə haqqında tədbir görməyi tövsiyə edərdi. Eyni zamanda da özü də tələbəyə rəhbər olardı, mütaliə etməsi üçün əsərlər göstərir, anlamadığı şeyləri izah edərdi. Məsələn, mən ilk dəfə Rusiyada “Morodnirestov” xalq cərəyanının nə olduğunu ondan öyrəndim.
Ümumiyyətlə, bu şəxsin məndə buraxdığı təsir o qədər dərindi ki, hələ də onun yüksək simasını dərin bir hörmət və pərəstiş hiss etmədən xatırlaya bilmərəm. Hamısı çarlığın amansız düşmənləri idilər və onun kimilər o zamankı rus təlim heyəti arasında çox idi. Hər məktəb o vaxtlar bir inqilab təbliğatı yuvası idi. İnqilabdan bəhs etmək, inqilaba aid əsərləri oxumaq yasaq idi. Amma müəllimlərin özləri də inqilab təbliğatçıları olduqları üçün bu qadağanın heç bir tətbiqi tərəfi yox idi. Həqiqətdə Rusiyada cərəyan edən fikir axınları, inqilabçı fikirlər, müxtəlif inqilab nəzəriyyələri Qarabağ dağlarına qədər yalnız bu müəllimlərin vasitəsi ilə gəlirdi.
Mən yuxarı siniflərə qalxdıqca, təbii ki, bu cərəyanları öyrənənlərə qarışırdım. Beşinci və altıncı siniflərdə artıq məndən gizlədilən bir şey yox idi. Dostlar və müəllimlərin bəziləri ilə açıq şəkildə görüşürdük. Qadağan edilmiş Çernişevskinin məşhur inqilabçı romanı olan “Nə etməli?” əsərini hamımız onlar vasitəsilə əldə edərdik.
Tarixi materializm nəzəriyyəsinə aid təbliğatın broşuraları bizə qədər gəlir, yastıqlarımızın altında gizlədilir və siyasi olaraq gizli yazıları oxumaq zövqünü dadırdıq.
Qafamda və qəlbimdə mənsub olduğum mühitə tamamən yad sərhədlərin açıldığını hiss edirdim. Mənəvi varlığım ikiyə bölünməyə başladı. Məktəbdə ikən başqa hava, başqa insanlar, başqa fikirlər və təlaşlar arasında yaşayırdım. Evə gəldiyimdə tamamən yad bir mühitə girirdim. Burada yenə əmimin qonaqları, imam əleyhüssalam, Mehdi məsələsi ətrafındakı münaqişələr, mücadilələr davam edərdi. Məndəki bu iki varlıq ilk günlərdən bir-birinə qarışmadan yan-yana və dimdik yaşamaqda idi.
Hələ də yaşayırmı? Biri digərini nə itələdi, nə də öldürdü. Həqiqətdə mən nə oyam, nə də bu. İkisinin arasında sallanan bir şeyəm və qəribəsi budur ki, bunlar bəzən bir-birinə qarışaraq məni çox pis vəziyyətdə qoyur. Başqası olaraq düşünmək və ya hərəkət etmək istədiyim halda, bu birisi mənim istəyim olmadan işə qarışır və məni tamam başqa bir yola salaraq öz-özümlə təzada salır. O zamanlar duyduğum acılar, çəkdiyim iztirablar bilsəniz nə qədər ağırdır.
Ah, sevimli anacığım! Məni bu ikiliyə, bu təzadlara, bu iztirablara sövq edən sənsən! Şübhəsiz ki, məni sevərək etdin və qəlb təzələməyin nə qədər çətin olduğunu haradan bilərdin!
Fəqət mən o zamanlar hələ bu əzabları hiss etməmişdim. Evdə, Qurdlar elində getdikcə məni çətin başa düşürdülər. Bəzən, ən yaxın əqrəbam da üzümə heyrətlə baxaraq: “Ah, bu uşağa nə oldu, dili getdikcə pəltəkləşir, anlaşılmaz olur” deyərdi!
Davamı var...