Ukrayna və Belarus gömrükçüləri Azərbaycanın təcrübəsini öyrənir.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Ukrayna və Belarus Respublikası sərhədindəki Novaya Quta- Novıye Yarıloviçi sərhəd keçid məntəqəsinin avtomatlaşdırılmış intellektual videomüşahidə sisteminin təşkil edilməsi” layihəsi çərçivəsində adıçəkilən ölkələrin gömrük xidmətlərinin nümayəndə heyətləri bu sahədə Azərbaycan gömrüyünün qabaqcıl təcrübəsini öyrənmək məqsədilə ölkəmizə səfər edib.
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən təşkil edilən səfər çərçivəsində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı Şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində görüş keçirilib.
Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev bildirib ki, təcrübə mübadiləsi gömrük orqanlarının qarşılıqlı səmərəli fəaliyyəti üçün vacib amillərdəndir. Hazırda sərhədkeçmə zamanı gömrük prosedurlarının sadələşdirilməsinin gömrük işinin təşkili sahəsində ən aktual məsələlərdən biri olduğunu vurğulayan sədr müavini Prezident İlham Əliyevin bu istiqamətdəki sərəncamlarına əsasən gömrük sistemində aparılan islahatların ümumi işə səmərəsindən bəhs edib.
Gömrük sistemindəki islahatların nəticəsi olaraq ötən ildən ölkəmizdə tətbiqinə başlanan “Yaşıl Dəhliz” buraxılış sistemi barədə məlumat verən komitə rəsmisi informasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə reallaşdırılan bu sistemin malların və nəqliyyat vasitələrinin təhlükəsiz və sürətli hərəkətinə şərait yaratdığını vurğulayıb.
Azərbaycan gömrük xidməti ilə Belarus Respublikası və Ukrayna gömrük xidmətləri arasında qarşılıqlı inam və etibara əsaslanan səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu və nümayəndə heyətlərinin səfərinin, xüsusilə təcrübə və məlumat mübadiləsi sahəsində bu əlaqələri daha da genişləndirməyə imkan verəcəyinə əminliyini ifadə edib.
Görüşdə çıxış edən ÜGT-nin Bakı Şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin nümayəndəsi Eser Çenger səfərin qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə və ticarət əməliyyatlarının sürətləndirilməsinə şərait yaradacağını vurğulayıb.
BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Serhan Aktoprak görüşün təşkilinə və səmimi qonaqpərvərliyə görə Azərbaycan gömrük xidmətinə təşəkkürünü bildirib, təmsil etdiyi qurumun qarşılıqlı əməkdaşlıq əlaqələrini daim dəstəklədiyini və bu görüşün bütün tərəflər üçün faydalı olacağına əminliyini ifadə edib.
BMqT-nin Belarus Respublikasındakı nümayəndəliyinin rəhbəri Zeynal Hacıyev layihə barədə qısa məlumat verərək bildirib ki, üç mərhələdən ibarət olan bu layihə Ukrayna və Belarus Respublikası gömrük xidmətləri arasında iformasiya mübadiləsinin genişləndirilməsinə, müasir gömrük nəzarət sistemləri və avadanlıqlarının tətbiqinə, malların və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin asan və sürətlə reallaşdırılmasına şərait yaradacaq. Bu istiqamətdə Azərbaycan gömrüyünün mühüm nailiyyətlər əldə etdiyini vurğulayan Zeynal Hacıyev Azərbaycan təcrübəsinin öyrənilməsinin hər iki ölkə üçün faydalı olacağını bildirib.
Daha sonra Ukrayna və Belarus Respublikası nümayəndə heyətlərinin rəhbərləri səmimi qonaqpərvərliyə, yüksək təşkilatçılığa görə DGK rəhbərliyinə təşəkkürlərini bildirib, ölkəmizin təcrübəsinin öyrənilməsinin faydalarından bəhs ediblər.
Görüş çərçivəsində DGK Fəaliyyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev “Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAİS) gömrük sistemində tətbiqinin əsas prinsipləri” mövzusunda təqdimatla çıxış edərək sistemin əsasları və faydaları barədə iştirakçıları məlumatlandırıb.
Səfər çərçivəsində nümayəndə heyətləri Dövlət Gömrük Komitəsinin “Hədəf Mərkəzi” ilə tanış olub, qonaqlara avtomatlaşdırılmış videomüşahidə, nəqliyyat vasitələrinin qeydiyyat nişanlarının müəyyən edilməsi və yük nəqliyyat vasitələrinin çəkisinin avtomatlaşdırılmış qaydada müəyyən edilməsi sistemləri barədə məlumat verilib.