6 Fevral 2018 08:46
3 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəhalət bir burulğandır ki, qarşısına keçən zəif insanları sovurub özü ilə məhvə aparır. Bir toplumda düzgün yol göstərən, maarifçilik işi aparan şəxslər olmasa, həmin cəmiyyət cəhalətdə çabalamaqda davam edəcək...

Böyük maarifçilərimiz yalançı din xadimlərinin ikiüzlülüyünü, onların dindən savadsız adamları aldatmaq üçün bir vasitə kimi istifadə etdiklərini aləmə car çəkdiklərlərinə görə daim təqiblərə məruz qalıblar. Ancaq onlar təkcə yalançı din adamlarına ifşa etmirdilər, həm də insanların savadsızlığına, mövhumata inamına, qadınların hüquqsuzluğuna qarşı mübarizə aparırdılar. Bu mübarizə müxtəlif dövrlərdə, daha dəqiq desək, XIX əsrin ortalaında cücərti xarakteri daşısa da, sonradan özünün kulminasiya nöqtəsinə çatdı.

Maarifçiliyin ilkin cücərtiləri A.Bakıxanov. İ.Qutqaşınlı, M.Ş.Vazehin adı ilə bağlıdır. Onların maarifçilik baxışları əsasən vətənə sevgi, azadlıq ideyalarının tərənnümü, maarifi yaymaqdan ibarət idi. On doqquzuncu yüzilin 50-60-cı illəri əhatə edən ikinci mərhələdə isə Azərbaycan maarifçiliyi M.F.Axundzadənin timsalında inkişaf edib zirvəyə çatdı.

Nəhayət, Azərbaycan maarifçiliyinin üçüncü və son dövrü 70-90-cı illəri və XX əsrin əvvəllərini əhatə edib. Axundzadənin davamçıları olan H.Zərdabi, N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, N.Nərimanov və başqalarının əsərləri, çağırışları xalqı cəhalət yuxusundan silkələyirdi.

M.F. Axundzadə Azərbaycan maarifinə əvəzsiz simalar bəxş etmiş, 1876-cı fəaliyyətə başlayan Qori Müəllimlər Seminariyasının müsəlman şöbəsinin açılması uğrunda mübarizə aparmış, amma bu xoşbəxt günü görmək ona qismət olmamışdı. Seminariyanın müsəlman şöbəsi onun ölümündən bir il sonra, 1879-cu ildə açıldı.

Axundovdan sonra Həsən bəy Zərdabinin 1875-1877-ci illərdəki mətbu fəaliyyəti, xüsusən də “Əkinçi” qəzetini yaratması maarifçiliyin inkişafına verdiyi tövhə danılmaz faktlarındandır.

Azərbaycan xanımının hüquqsuzluğu təkcə Axundovun, Zərdabinin, Şaiqin timsalında kişiləri yox, xaricdə təhsil görmüş ziyalı xanımlarımızı da düşündürən, narahat edən məsələlərdən olub.

Zərdabinin xanımı Hənifə xanım Məlikova da həyat yoldaşı ilə çiyin-çiyinə eyni amal uğrunda mübarizə aparır və maarifçilik yolunda daha uğurlu addımlar atırdı. O, 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda türk dilində ilk teatr tamaşasını təşkil edir. M.F.Axundzadənin “Hacı Qara” əsəri səhnələşdirilir.

1875-ci il iyulun 22-də isə Azərbaycanda türk dilində ilk qəzet olan “Əkinçi” çap edilir. Lakin rus-türk müharibəsinin başlanması, Dağıstanda imperiyaya qarşı üsyanların baş qaldırması qəzetin qapadılması üçün bəhanə olur. Hökumət təkcə qəzeti qapatmır, həmçinin Həsən bəyi Bakıdan və ümumiyyətlə türklər yaşayan ərazilərdən uzaq tutmağa çalışır. Təqibə məruz qalan Həsən bəy, nəhayət, müəllimlik fəaliyyətindən istefa verir, Zərdaba köçür. Xanımı ilə birlikdə evlərində uşaqlara təhsil verir. Həsən bəy daha sonra Ucara köçərək orada yaşayır, vəkillik edir, kəndlilərin ərizə işləri ilə məşğul olur, Tiflisdə nəşr olunan “Obzor” qəzeti ilə əməkdaşlıq edir.

On altı ildən sonra onlar yenidən Bakıya qayıdırlar. XX əsrin əvvəllərinin Bakısı artıq tamam başqa cür idi. Artıq anadilli qəzetlərə yenidən icazə verilmiş, yeni dönəmin ziyalıları mətbuata atılmışdı. Həsən bəy bu dövrdə Dumaya seçilir, yenidən qəzetdə çalışır və müsəlman qızları üçün məktəb açmaq istəyir.

Bu dövrdə qızlar məktəbinin açılması üçün səy göstərən şəxslərdən biri də milyonçu Hacı Zeynalabdın Tağıyev idi. Hacı camaata qızlarımızın zəmanə dərsi almalarının vacibliyini çatdırırdı: “Gözləri açılar, külfətdə rəftarları xoş olar… İngilistana, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımızın, hərəsi oralardan qollarına bir arvad keçirib gətirir, çünki qızlarımızla məcazları tutmur, dolana bilmirlər; əcnəbi arvadlardan doğulan uşaqlar öz-özünə olurlar mürtəd və bütün varidatımıza vərəsə çıxırlar. İşlər belə getsə ata-baba ocaqları qalacaq Quransız, namazsız, şəriətsiz. Təzə məktəbdə qızlara ehkami-şəriyyə, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman və rus dilində oxuyub-yazmaq, elmi-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda pis şey var?!

Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Srağa gecə, iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin, qızı yoxladı, dava-dərman elədi, qızı ölümdən qurtardı. İndi də görüm, lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı daha düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur”.

Beləliklə, Tağıyev bir neçə cəhddən sonra məktəbin açılmasına icazə ala bilir və 1901-ci il sentyabrın 7-də məktəb fəaliyyətə başlayır.

Məktəbin nizamnaməsini Həsən bəy Zərdabi hazırlayır. Nizamnaməyə görə, məktəbin müdiri təhsilli bir türk xanımı olmalı idi. Bu vəzifəyə isə ən ideal adam Hənifə xanım Məlikova idi.

Məktəbin önəmli pedaqoqları Rəhilə xanım Terequlova (Hacıbababəyova), Məryəm xanım Sulikeviç, Gülbahar xanım Əhriyeva, Məryəm xanım Hembitskaya, Şəfiqə xanım Əfəndizadə, Mina xanım Aslanova, Gövhər xanım Qazıyeva, Şəhrəbanu xanım Şabanova, Səkinə xanım Axundzadə (1865-1927; ilk qadın dramaturq, yazıçı) idilər.

Tədris proqramına Azərbaycan və rus dili (dil, ədəbiyyat), hesab, tarix, coğrafiya, təbiətşünaslıq, hüsnxətt, nəğmə, musiqi, etika, anatomiya, tibbin əsasları və şəriət daxil idi.

Məktəbə ilk 58 qız qəbul edilir. Onlardan 35-i təhsil haqqından azad edilən kasıb ailələrin qızları idi. Onların geyim və qida xərcini Tağıyev ödəyəcəkdi. Məktəb qapalı idi, həftədə bir dəfə, cümə günləri səhər saat 10-dan 17-yə qədər evlərinə getməyə icazə verilirdi.

1907-ci ildə Həsən bəy vəfat edir. Böyük maarifçinin ölümündən sonra da Hənifə xanım ictimai işlərə davam edir. 1908-ci ildə onun təşəbbüsü ilə Bakıda “Nicat” cəmiyyətinin bir şöbəsi olaraq “Bakı xanımlarının ilk təşkilatı” yaradılır. Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın sədrlik etdiyi təşkilat tezliklə böyüyüb Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilir. Hənifə xanım 1909-cu ildən 1919-cu ilə qədər Bakı şəhər dövlət rus-tatar qız məktəbində müdir vəzifəsində çalışır.

1919-cu il iyulun 21-də Azərbaycan parlamenti “Azərbaycan Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında” Əsasnaməni təsdiq etdi. Əsasnamə 10 fəsil, 116 maddədən ibarət idi. Əsasnamənin əsas müddəalarında göstərilirdi ki, Müəssislər Məclisi (parlament-N.M.) cinsindən asılı olmayaraq ümumi, bərabər və gizli səsvermə yolu ilə seçilmiş üzvlərdən təşkil olunur. Əsasnaməyə görə, cinsindən, irqindən, milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, 20 yaşına çatmış və səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşları səsvermə hüququna malik idilər.

Bu Əsasnamə o dövrdə təkcə Azərbaycanda deyil, bütün müsəlman şərqində qadınlara seçki hüququ verən, ən demokratik seçki hüququ müəyyən edən tarixi sənəd idi.

Rusiyada ilk qadın nəşri 18-ci əsrdə knyaginya Daşkovanın redaktorluğu ilə çıxan "Nevinnoye uprajneniya" ("Məsum təlimlər") dərgisi olsa da, qadın hüquqlarını müdafiə edən dərgi - "Soyuz jenşin" (“Qadın birliyi”) 1907-1909-cu illərdə işıq üzü görmüşdü.

Azərbaycanda isə sovetləşmədən sonrakı ilk illərdən Bakıda "Şərq qadını" ("Azərbaycan qadını") dərgisi nəşr edilir və bu nəşr ölkədə qadın mətbuatının bayraqdarı kimi təqdim olunur. Halbuki ondan öncə belə bir mövqedə ayrıca nəşr - "İşıq" qəzeti vardı. Lakin bu nəşr mətbuat tarixində öz yerini tuta bilməmişdi, çünki qəzet sovet dönəmində "burjua mətbuatı" kimi qiymətləndirilirdi.

20-ci əsrin əvvəllərində müxtəlif mətbuat orqanları müntəzəm olaraq qadın problemlərini işıqlandırırdı. Onların arasında "Tərəqqi" qəzeti "Osmanlı qadınları", "Müsəlman xanımların ittifaqı", "Xatunlar ictimai", "Xanımlar arasında Osmanlı tərəqqipərvər cəmiyyəti" sərlövhəli yazılarında müvafiq cəmiyyətlərin proqramlarını da dərc etməklə azərbaycanlı qadınlarını təşkilatlanmağa istiqamətləndirirdi.

Bakının 14 müsəlman qadın fəalı bu yazıların təsiri ilə 1908-ci il oktyabrın 26-da Rübabə xanım Qasımovanın mənzilində toplanaraq "Nicat" maarif cəmiyyətinin qadın şöbəsini açmaq barədə qərar qəbul etdilər. Həmin qadınların arasında Hənifə xanım Məlikova, Rübabə Qasımova, Xədicə Əlibəyova, Əminə Əfəndiyeva, Şərqiyyə Axundova, Səkinə Axundova, Səbirə Əbdülrəhman, Sara Vəzirova, Əminə Tanrıquliyeva da vardı. Şöbə qarşısına təhsil almaq istəyən müsəlman qızlara kömək məqsədi qoymuşdu.

Bu cəmiyyətin üzvü olan Xədicə xanım Əlibəyova 1911-ci ildə "İşıq" adlı ilk qadın mətbuatının yaradıcılarından biri və redaktoru oldu. "İşıq" jurnalının ilk sayı 1911-ci il yanvarın 22-də çıxmış, nəşri 1912-ci ilin sonunadək davam etmiş, bu müddətdə onun 68 nömrəsi nəşr olunmuşdu.

Qəzetin “Təlimi-nisvan” (“Qadınların təlimi”), “Vəzayefe-beytiyyə” (“Məişət məsələləri”), “Hüquqi-müslümə” (“Müsəlman qadının hüququ”) və ya “Bacılarıma bir neçə söz”, “Təbabətə dair”, “Ədəbiyyat”, “Evdarlıq”, “Xəbərlər”, “Elanlar” kimi bölmələri vardı. Redaktor Xədicə Əlibəyova qəzetdə "Vəzayefe-beytiyyə" başlığı altında məqalələr yazırdı.

Ailə-məişət mövzusunda yazılmış bu materiallar qəzetin əksər nömrələrində dərc olunub. "Təbabətə dair" şöbəsindəki materialları çox zaman Xədicə xanım özü və həkim Əminə xanım Batrişina qələmə alırdı. Xədicə Əlibəyova qadına təlim və tərbiyənin vacib olduğunu təsdiq edir, lakin onun fikrincə, bu tərbiyə ana dili və şəriəti, evdarlıq işlərini öyrənib bilməkdən ibarət olmalıdır.

Xədicə Əlibəyova nəşri necə olur-olsun qoruyub saxlamağa çalışırdı, amma göstərdiyi cəhdləri nəticəsiz qaldığından ümidsiz vəziyyətə düşərək yazırdı: "Ruhani atalarımızın bir neçəsi bihiss bir heykəl kimi etiraz edib qəzetimizi geri göndərdilər. Onlardan birisi də Bakıda minbərdən camaata: "Hər kim "İşıq" qəzetini oxusa kafirdir", "Hər kimin evində "İşıq" qəzeti olsa, o ev murdardır" - buyurmuşdur. "Çünki övrət qəzetəsinin olması qiyamət nişanəsidir", - deyə isbata çalışıb... Qardaşlarım, bacılarım. Bundan sonra heç kəsə ümid bağlamayıb ciddi-cəhd ilə özünüzü, qardaş və bacılarınızı qaranlıqdan işığa çıxarmağa çalışmalısınız".

Qəzet bu kimi çətinliklərlə daha bir il nəşr olunduqdan sonra fəaliyyətini dayandırdı. Lakin bu qısa vaxt ərzində məhdud imkanlara baxmayaraq, qəzet fikir plüralizmi şəraitində Azərbaycan qadınının qarşısında duran problemlər və onların həlli yollarının araşdırılmasında əvəzsiz işlər gördü. Qadınların taleyini düşünməyə, maarifə, zülmətdən işığa səsləməklə, ziyalı qadınları səfərbər etdi. Həlimə xanım Axundova, Çayqıraqlı Həyat xanım, Tubu xanım Salatınzadə, Asya Axundova, Nabat Nərimanova kimi qadın müxbirlər yetişdirdi. Onların yazıları göstərirdi ki, artıq Azərbaycan qadını oyanıbdır. Öz hüquqsuz vəziyyətini dərk edir, çıxış yolu axtarır.

Xədicə Əlibəyova "İşıq" qəzeti fəaliyyətini dayandırandan sonra Şəkiyə köçərək həkim-ginekoloq kimi fəaliyyət göstərdi, ömrünün sonuna yaxın Bakıya qayıtdı. 1961-ci ildə burada vəfat etdi.

Yazı "Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi” qəzetinin keçirdiyi müsabiqəyə təqdim olunur.

Nərmin Muradova


Müəllif: Nәrmin Muradova

Oxşar xəbərlər