Dünya hər kəsə kifayət edəcək qədər qida istehsal edir, ancaq 800 milyon insan hələ də axşam yatağa ac girir.
Teleqraf.com xəbər verir ki, bu sözləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak deyib.
“2050-ci ildə dünya əhalisinin sayının 9,1 milyarda çatması gözlənilir. Buna görə də qida və ərzaq istehsalının daha 50 faiz artması lazımdır. Bu gün dünya miqyasında kənd təsərrüfatı sahəsində işləyən insanların 50 faizi qadındır. Bizim həmin qadın işçi qüvvəsi ilə çalışmağımız, onların problemlərini həll etməyimiz və onları iqtisadi həyata daxil etməyimiz, həmçinin, gəlir səviyyələrini çoxaltmağımız lazımdır.
Çünki qadınların gəlir səviyyələrinin yüksəldilməsi birbaşa ailə təsərrüfatına töhfə verir. Dayanıqlı İnkişaf Məqsədləri sırasında qənaətli istifadə nüansı olduqca önəmli məsələdir. Bu gün istehsal edilən ümumi ərzağın üçdən biri israf edilir. Biz bu israfa yol verməklə sadəcə pulumuzu göyə sovurmaq və fermerlərin zəhmətlərini heç etməklə qalmırıq, həm də təbii resursları məhv edirik. Ətraf mühitin çirklənməsinə də səbəb oluruq”.
BMT nümayəndəsi bildirib ki, Azərbaycan kənd təsərrüfatı və ərzaq istehsalı çərçivəsində böyük addımlar atır:
“Biz Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı olaraq 2015-ci ildə burada ofimizi qurarkən Azərbaycanla əməkdaşlıq müqaviləsi imzaladıq. Bu 10 milyon dollarlıq müqavilə 2016-2020-ci illəri əhatə edir. Azərbaycan bu əməkdaşlıq çərçivəsində kənd təsərrüfatını hədəf nöqtəsinə qoydu. Biz də İqtisadiyyat, Kənd Təsərrüfatı və Ekologiya nazirlikləri ilə birgə işlər aparmaqdayıq”.