Media qurumlarının fəaliyyəti həm rəsmi qanunvericilik, həm də peşə davranış kodeksləri ilə tənzimlənir. Azərbaycan jurnalistlərinin peşə davranışı kodeksinin 3-cü prinsipində intihar, kriminal və terror hadisələrinin necə işıqlandırılması qaydası konkret göstərilib.
Teleqraf.com xəbər verir ki, bu sözləri Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli Dayanıqlı İnkişaf Məqsədlərinə dair təlimdə deyib.
M.Ələsgərli son aylarda getdikcə artan intihar olaylarına münasibət bildirib. O, qeyd edib ki, media bu xəbərlərə həssas yanaşmalıdır:
"Peşə davranış kodeksi bizə tövsiyə edir ki, kriminal, xüsusilə, terror və intihar hadisələri haqqında materiallar dərc edərkən detallı təsvirə yol vermək olmaz. Detallı təsvir nədir? Xəbərdə intiharın necə, hansı vasitələrlə həyata keçirildiyi qeyd olunmamalıdır. Sadəcə informasiya verilməlidir ki, filan hadisə baş verib. Hətta bəzi hallarda faciədənin qurbanı olan insanların adları belə qeyd edilməməlidir.
Jurnalistikada belə bir prinsip var ki, xəbər şərhsiz verilməlidir. Jurnalistin publisistik yazıları xaric, digər yazılarında şəxsi fikri yer almamalıdır. Yalnız kriminal hadisələrin informasiya şəklində çatdırılmasında mövqe bildirmək mümkündür. Buna da təbii ki, müyyən çərçivə daxilində icazə verilir.
Məsələn, intihar halları ilə bağlı məlumat verəndə şərait yaradılır ki, jurnalist belə halların pisləndiyini qeyd etsin. Yəni intihar hadisələrini verəndə belə halların təşviqi yox, pislənməsini diqqət saxlaya bilərik”.